Ermənilərin Azərbaycan hərbçilərinin meyitlərinə qarşı qəddarcasına rəftarı, eləcə də şəhid olmuş hərbçimizin nəşini verməkdən imtina etmələri onların əsl mahiyyətinin və tərbiyəsinin göstəricisidir.
Bunu Milli.Az-açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində savaş bölgəsində insanlara qarşı belə davranış olmayıb: "Ermənilər isə işğal etdikləri bütün ərazilərdə bütün azərbaycanlıları ya öldürüb, ya girov götürüb, ya da qovub çıxarıblar. Ermənilər hətta meyitlərimizi də təhqir edirlər".

F.Quliyev hesab edir ki, bu məsələdə Ermənistanı qudurmuş it kimi yetişdirən havadarlarının və ona "gözün üstə qaşın var" deməyən dünya ictimaiyyətinin də günahı var: "Ermənistana qarşı nə beynəlxalq konvensiyalarda yaşamaq hüququ ilə bağlı bütün hüquqların pozulmasına, nə meşələrin yandırılması, təbiətin məhv edilməsinə, nə kimyəvi maddə və nüvə tullantıları ilə bağlı konvensiyalara əməl etməyib onların ərazilərimizdə basdırılmasına, nə çaylara zəhərli maddələrin axıdılmasına, nə mədəniyyət abidələrinin, nə də dini abidələr və müqəddəs yerlərin dağıdılmasına görə ölçü götürülür. Yəni ermənilər bütün mənalarda insanlığa və insan haqlarına söykənən müddəaları, psinsipləri pozur və dünya bunu görə-görə susur. Azərbaycana qarşı isə tam ədalətsiz mövqe tutur. Təbii ki, bu, selektiv siyasət və ayrı-seçkilikdir".
Millət vəkilinin fikrincə, biz bütün bunlara qarşı və fövqündə dura bilmək üçün müttəfiq və dostlarımızın sayını artırmalı, düşmənlərimizin sayını azaltmalıyıq: "Biz Türkiyə də daxil olmaqla türk dövlətlərinin birliyinə nail olmalı, Pakistan kimi dövlətlərlə birlikdə toparlanmalıyıq ki, Ermənistanın arxasında olanlar məsələyə qarışmasın və bizə qarşı durmaqdan çəkinsinlər".
İlkin İzzət
Milli.Az