A–
Strasburq, 19 aprel, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ikinci iş günündə keçirilən sərbəst müzakirələrdə 56 deputat qeydə alınsa da, bu diskussiyalara az vaxt ayrıldığından yalnız 18 nəfərin çıxış etmək imkanı olub.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun həmin müzakirələrdə nəzərdə tutulan çıxışı AŞPA katibliyinə ayrıca sənəd olaraq təqdim edilib. Deputat R.Hüseynov həmin sənəddə ATƏT-in Minsk qrupunun illərdən bəri davam edən fəaliyyətsizliyini kəskin tənqid edir.
O bildirib ki, dövlətlərin üzv olduqları beynəlxalq təşkilatlar qarşısında öhdəlikləri, yerinə yetirməli olduqları vəzifələri var. Bu öhdəliklər vaxtında, yaxud lazımi səviyyədə yerinə yetirilməyəndə həmin ölkələrə qarşı o təşkilatlar tərəfindən tənbeh tədbirləri görülür. Eyni zamanda, beynəlxalq təşkilatlar da həmin ölkələrin və xalqların qarşısında məsuliyyət daşıyır. Belə ki, üzv ölkələrdən müəyyən işləri görməyi, müəyyən addımları atmağı tələb etməklə yanaşı, beynəlxalq təşkilatlar o ölkə və xalqların problemlərinə həssaslıqla yanaşmalı, bunların həllinə mümkün köməyi əsirgəməməlidir.
“Bəs reallıqda necə olur?”, - deyən deputat Azərbaycanın müstəqilliyini bərpa etdikdən bir neçə ay sonra ATƏT-in üzvü olduğunu və bu təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə yardım etməsi nəzərdə tutulan Minsk qrupunun yaradıldığını bildirib. Ötən 24 il ərzində Minsk qrupunun həmsədrləri regiona yüzlərlə səfər edib, görüşlər keçirib, müzakirələr aparıblar. Ancaq heç bir ciddi müsbət nəticə əldə olunmadığı və Minsk qrupunun fəaliyyətsizliyi, ya fəaliyyətinin kəsərsizliyi dəfələrlə ən yüksək tribunalardan ən kəskin tənqidlərə məruz qalıb. Bu gün Minsk qrupu və onun heç bir nailiyyətə imza atmadan vaxtaşırı dəyişən həmsədrləri bir demaqogiya alətinə çevrilib.
Deputat Avropa Şurasının belə bir şəraitdə daha qətiyyətli olmasının, Minsk qrupunun fəaliyyətsizliyi şəraitində öz münsif rolunu artırmasının vacibliyini vurğulayaraq deyib: “Dağlıq Qarabağ münaqişəsinin, Ermənistanın Azərbaycana təcavüzünün yaratdığı fəsadların aradan qaldırılmasına hər hansı nüfuzlu beynəlxalq təşkilat töhfəsini vermək istəyəndə problemin həll edilməsində maraqlı olmayan qüvvələr dərhal bunun Minsk qrupunun səlahiyyəti olduğunu deyirlər. Müəyyən hallarda isə hansısa beynəlxalq təşkilat, məsələn Avropa Şurası, problemlə əlaqədar müfəssəl tədqiqat apararaq ciddi məruzə hazırlayanda ATƏT-in Minsk qrupu birbaşa təzyiq və pozuculuq mövqeyi tutaraq bunun onun səlahiyyəti olduğunu bildirir. Belə olan halda bəs nə etməli? Özünüz bir şey etməyə qadir deyilsiniz, etmək də istəmirsiniz, başqasının da görə biləcəyi müsbət işlərin qarşısında maneə yaradırsınız. Buradan çıxan məntiqi nəticə ondan ibarətdir ki, Minsk qrupu problemin həllində deyil, nəticəsiz və sonu olmayan danışıqların uzadılmasında maraqlıdır. Bu həqiqəti anlamaq üçün 24 ilin müşahidələri bəs edir”.
R.Hüseynov Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü məsələsinin diplomatik vasitələrlə həlli yolunda Avropa Şurasının səylərini daha da artırmasının və Minsk qrupunun bu yolda yeganə işlək mexanizm olması kimi əsassız və zərərli qənaəti qətiyyətlə kənara qoymasının vacibliyini qeyd edib. Bildirilib ki, Avropa Şurasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış, çox zaman riyakarcasına Minsk qrupunun varlığına istinad edilərək fəaliyyətinin davam etdirilməsinə maneçilik törədilən alt komitənin işi də ciddi şəkildə canlandırılmalıdır.
Azərbaycanlı deputat Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə aprelin əvvəllərində gərginliyin artması, Azərbaycan Ordusunun verdiyi layiqli cavablardan sonra Ermənistan cəmiyyətində yaranan əhval-ruhiyyə barədə də mövqeyini bildirib: “2016-cı il aprelin 2-dən 5-dək Ermənistan tərəfindən törədilən təxribatlar və atəşkəsin ardıcıl şəkildə pozulmasından sonra Azərbaycan Ordusu tutarlı cavablar verdi və həm mövqe, həm hərbi potensial baxımından qarşı tərəf böyük itkilərini etiraf etmək məcburiyyətində qaldı. Ermənistan cəmiyyətində “Bizim olmayan Qarabağ bizə lazım deyil, övladlarımızı mənasız yerə ölümün pəncəsinə atmayın!” kimi çağırışların səsləndiyi etiraz mitinqləri keçirilməyə başlandı. Bir neçə gün ərzində qızışmış hərbi əməliyyatlar yenə heç bir nüfuzu olmayan ATƏT-in Minsk qrupunun çağırışı ilə deyil, böyük dövlətlərin işə qarışması nəticəsində dayandı, atəşkəs bərpa edildi. Əslində bu gedişatda heç Minsk qrupunun səsi də eşidilmədi və onun guya yeganə həll mexanizmi olması kimi gülünc iddia bir daha əyani şəkildə iflasa uğradı. İndi münaqişənin sülh yolu ilə həlli istiqamətində tam yeni bir mərhələ açıldığı bildirilir. Qeyd edilir ki, hazırkı son dərəcə əhəmiyyətli məqam və yaranmış fürsət əldən buraxılmamalıdır. Avropa Şurası diplomatik vasitələrin həll açarının önə çıxdığı bu prosesdə öz təsirli rolunu konkret tədbirləri və təklifləri ilə ən qısa zamanda ortaya qoymalıdır”.
Deputat R.Hüseynovun prinsipial mövqeyini əks etdirən bu sənəd AŞPA katibliyi tərəfindən kütləvi tirajla nəşr edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
AZERTAG.AZ :Azərbaycanlı deputat Minsk qrupunun fəaliyyətsizliyini tənqid edib