Polad Bülbüloğlunun yubileyi qeyd edildi (FOTO)

Polad Bülbüloğlunun yubileyi qeyd edildi (FOTO)
03:01 22 Fevral 2015
36 Şou
Ölkə mətbuatı
A- A+

Fevralın 21-də Tbilisidə Azərbaycanın Xalq Artisti, ölkəmizin Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

ANS PRESS-in məlumatına görə, Cansuq Kaxidze adına Tbilisi Musiqi və Mədəniyyət Mərkəzində keçirilən konsertdə Gürcüstanın dövlət və hökumət üzvləri, Azərbaycandan, Moskvadan və digər ölkələrdən gələn qonaqlar iştirak ediblər. Bu barədə AzərTAc xəbər yayıb.

Səhnədə quraşdırılmış monitorlarda Polad Bülbüloğlunun xalqımızın ümummilli lideri Heydər Əliyev, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə çəkdirdiyi fotoşəkillər, yubilyarın atası, SSRİ xalq artisti, Azərbaycan milli musiqi teatrının banilərindən biri dahi Bülbülün hazırda düşmən tapdağında olan qədim Şuşa torpağındakı evi, Xalq Artistinin uşaqlıq illəri əks etdirilirdi.

Tədbirin aparıcısı Gürcüstanın mədəniyyət xadimi Vaxtanq Kaxidze atasının adını daşıyan salonda Azərbaycanın Xalq Artistinin 70 illik yubileyinin keçirilməsini əlamətdar hadisə adlandırıb. Atası dahi Bülbüldən xalqını, Vətənini, xalqının incəsənətini sevməyi öyrənən Polad fəxr edə bilər ki, onu bütün dünya tanıyır.

Daha sonra səhnəyə çıxan Polad Bülbüloğlu özünün məşhur “Azərbaycan” mahnısını ifa edib.

Yubilyar tədbirin keçirildiyi mərkəzin tikilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi qeyd edib. Bildirib ki, keçmiş SSRİ dövründə Mərkəzi Komitənin icazəsi olmadan heç bir möhtəşəm bina tikilə bilməzdi. Görkəmli siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə tikilən bu möhtəşəm bina Gürcüstanın mədəni həyatında mühüm rol oynayıb.

Yubilyar onun yaradıcılığına verilən yüksək qiymətə görə dövlətimizin başçısına dərin təşəkkürünü bildirib.

Sonra Azərbaycanın Xalq Artisti Cavanşir Cəfərovun dirijorluğu ilə Gürcüstan Simfonik Orkestri yubilyarın mahnılarının ifa edib.

Polad Bülbüloğlu orkestrin müşayiəti ilə “Qara tellər”, “Xumar oldum”, “Ay dilbər”, “Gəl ey səhər” və s mahnılarını ifa edib. Yubilyarın “Məhəbbət və ölüm” baletindən, həmçinin “Qorxma mən səninləyəm” filmlərindən parçalar göstərilib.

Gecənin əlamətdar hadisələrdən biri də Xalq Artistinin oğlu Murtuza Bülbülün dirijorluğu ilə orkestrin yubilyarın mahnısını ifa etməsi olub.

Azərbaycanın Xalq Artistini təbrik edənlər arasında Gürcüstanın Mədəniyyət və Tarixi Abidlər naziri Mixeil Georqadze, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimli, TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, “Bakılı oğlanlar” ŞHK-nun üzvü Bəhram Bağırzadə və başqaları var idi.

TASS agentliyi baş direktorunun müavini Muxail Qusman deyib: “Mənim gənclik illərim Poladla bağlıdır. Biz uzun illərdir dostluq edirik. O, gözəl bəstəkar və ifaçı, həm də bacarıqlı diplomatdır. Onun yubileyinin Bakıdan sonra Moskvada və bu gün də Tbilisidə qeyd olunması bir daha göstərir ki, Polad Bülbüloğlu həqiqətən də sevilən bir insandır”.

Biz dahi Bülbülü və onun layiqli davamçısı olan Poladı da çox sevirik. Bu sözləri Tbilisi şəhər sakini Konstantin Slovinski deyib: “Tbilisinin mərkəzində dahi Bülbülün büstünün ucaldılması, Poladın yubileyinin təşkili dediklərimin əyani sübutudur. Bu insanlar təkcə incəsənət adamı kimi sevilmirlər, onlar həm də xalqlarımız arasında dostluğun simvoludurlar”.

Yubilyarın oğlu Murtuza Bülbül deyir: “Tbilisi Simfonik Orkestri ilə çıxış etməkdən qürur duyuram. Bu artıq bir tarixdir. Bu konsertdə çıxış etmək mənim üçün həm də böyük şərəfdir. Təkcə ona görə yox ki, o, mənim atamdır. Polad Bülbüloğlu Azərbaycanın Xalq Artistidir, o həm də Azərbaycanın elçisidir, mədəniyyət və incəsənət xadimidir. Mən də atama bir hədiyyə etdim”.









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=327521

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR