Milli.Az xəbər verir ki, Nizami Kino Mərkəzində aprelin 28-dən etibarən "Sadəcə sev" milli bədii filminin, Rusiyanın "# Hər şeyi düzəltmək!?!" bədii və "Canavarlar və qoyunlar: dəlicəsinə çevrilmə" 3d animasiya filmlərinin nümayişinə başlanıb.
Rusiya istehsalı olan "Canavarlar və qoyunlar: dəlicəsinə çevrilmə" animasiya filmini rejissor Maksim Volkov Nil Landaunun ssenarisi əsasında komediya və macəra janrında ekranlaşdırıb.
Yaş həddi: 6+
Qurd sürüsünün sevimlisi olan cavan Boz canavarın ağlına da gəlmir ki, yaxın vaxtda öz həmcinslərinin arasında yada çevriləcək. Sürünün başına keçmək və gözəllər gözəli dişi canavar Byankanın ürəyinin sahibi olmaq iddiasında olan Boz bir cox fəndlərə əl atır. Sehirli məhlulu içərək onun vasitəsi ilə dəyişmək istəyən canavarın bütün işləri alt-üst olur. Möcüzə həqiqətən baş verir: boz qurd qoyuna çevrilir! İndi öz qoyun canını qurtarmaq üçün o, canavar sürüsünü tərk edib qoyunların kəndində məskən salır.
İndi o, sevgilisinin və sürünün etibarını geri qazanmaqla yanaşı, yenidən Boz qurda çevrilməlidir. Amma bunu üç gün ərzində və bu görkəmdə necə edəcəyini hələ bilmir...
Baş rolları Aleksandr Petrov, Yelizaveta Boyarskaya, Sergey Bezrukov, Yekaterina İvançikova, Yuri Qaltsev, Andrey Rojkov, Tatyana Şitova, D. Vinoqradov, Andrey Barxudarov, Dmitri Filimonov ifa ediblər.
Ssenari müəllifi və rejissor Anton Kalinkinin çəkdiyi "# Hər şeyi düzəltmək!?!" filmi dram və musiqili komediya janrındadır.
Yaş həddi: 12+
Qayğısız həyat keçirən musiqiçilər gözlənilməz əngəlli işə düşərək Ulduz ləqəbli zəhmli və ciddi birisinə böyük pul məbləğı borclu qalırlar. Qrupun mövcudluğu təhlükə altındadır, ümumiyyətlə, gələcək dumanlı görünür... Amma tale onları qəribə avantüranın içinə salır. Bu işdə biznesmen -olliqarx, onun başabəla köməkçisi və "botanikə" vurulan pank qızı var.
Bizim qəhrəmanlar iki sevən ürəyi birləşdirərək öz gələcəklərini xilas edə biləcəklərmi?
Filmdə Nikita Kiosse, Vladislav Ramm, Artyom Pindyura, Anatoli Tsoy, Darya Moroz, Nikolay Baskov, Vyaçeslav Qrişeçkin, Darya Poverennova, Yola Sanko və İqor Jijikin çəkiliblər.
Milli filmlər sırasına daxil olan növbəti "Sadəcə sev" filminin rejissoru Sain Qəhrəman, ssenari müəllifi Elçin Muradovdur. Film melodram janrında çəkilib.
Yaş həddi: 14+
İnsanlar sevdiklərinin dəyərini çox vaxt onları itirdikdən sonra bilirlər. Onda isə gec olur. Bu barədə Xəyal da düşünmürdü. Artıq evliliyin 5-ci ildönümünü yaşayan gənc həkim məsləyini o qədər sevir ki, ancaq işindəki uğurlar barədə düşünür. Hətta evlilik gününü unudur. Onun həyat yoldaşı isə gənc müğənni-bəstəkar Günay daim ondan sevgi və diqqət gözləsə də artıq onun unutqanlığına da öyrəşir...
Filmdə baş rolları məşhur estrada müğənnisi Günay İbrahimli, aktyorlar Cövdət Şükürov və Elşən Rüstəmov canlandırıblar. Həyəcan, eşq və göz yaşı ilə dolu olan filmdə Günay cəsarətli, ehtiraslı qadın obrazını yaradıb.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənmək mümkündür.
(https://www.facebook.com/NizamiCinema?rf=hl
Milli.Az