Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Daxili İşlər Nazirliyinin İnsan Alveri Qurbanları üçün Təhlükəsiz Sığınacaqdakı rəhbər vəzifəsindən kənarlaşdırılıb. İddialara görə, QHT rəhbərinin sığınacağındakı fəaliyyətində ciddi nöqsanlar üzə çıxıb.
Bəzi saytlarda isə qeyd edilir ki, son günlərdə Kəmalə Ağazadənin rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyində qotur xəstəliyi aşkarlanıb. Qısa müddətdə uşaqlar arasında yayılan xəstəliyin öhdəsindən gəlinməyib.
Uşaqlar dərhal Baki şəhəri 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilib. Sığınacaqda isə dezinfeksiya işləri aparılıb, Bu, azmış kimi xəstəxanada müalicə olunan uşaqlarda eyni zamanda göbələk xəstəliyi də aşkarlanıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Kəmalə Ağazadənin dediyinə görə, öz razılığı ilə işdən ayrılıb: "Məni heç kim vəzifədən uzaqlaşdırmayıb. Nə uzaqlaşdırma? Mən fevral ayında ailə vəziyyətimlə əlaqədar ərizə yazıb, işdən çıxmışam. Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyə bilər. Mən mart ayının 3-də əmrlə işdən çıxmışam".
Uşaqlar arasında qotur xəstəliyinin yayılmasına gəlincə, K.Ağazadə bunu inkar etməyib: "Biz küçədən gələn baxımsız uşaqlarla işləyirik. Bizə daxil olan uşaqları yoxlatdırmayaqmı? Yoxlatdırmışıq, xəstəlik aşkarlanıb və xəstəxanaya yerləşdirmişik".
Kəmalə Ağazadə fəaliyyət göstərdiyi müddətdə işində heç bir nöqsana yol vermədiyini də vurğulayıb: "Mənim işimdə heç bir nöqsan olmayıb. Camaat niyə bunu belə hay-küyə salıb? Mən 10 ildir ki, orada işləyirəm. İşdən çıxandan sonra belə, milli koordinatorla görüşdə iştirak etmişəm, mükafatlandırılmışam. İlin ən yaxşı QHT-si adına layiq görülmüşük. İnsanlar niyə bu cür edir, anlamıram?"
Onu da qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən publika.az-a K.Ağazadənin yerinə Gülayə Səfərovanın təyin edildiyi bildirilib. G.Səfərova "Ailə dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədridir.
Milli.Az