Dünyada və regionda baş verən hərbi-siyasi proseslər fonunda Rusiyanın təşəbbüsü ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) gələcək perspektivi barədə birmənalı fikir söyləmək mümkün deyil.
Bunun səbəblərindən biri isə KTMT-nin üzv ölkələrinin ciddi münaqişələr içərisində olmasıdır.
Onu qeyd etmək lazımdır ki, təşkilata daxil olan ölkələrin qarşılıqlı anlaşması, məqsəd və məramında ciddi müxtəlifliklər mövcuddur.
İlk növbədə isə bildirək ki, bu təşkilata üzv dövlətlərin milli ambisiyaları KTMT-nin real və güclü qurum, dünyada və bölgədə böyük "oyunçu" olmasına mane olur. Buna bariz nümunə isə Dağlıq Qarabağ münaqişəsidir.
Bu ilin aprel ayında Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində baş verən proseslərdən sonra KTMT-də daxili gərginliyin - münasibətlərin hansı səviyyədə olduğu aydın oldu. Məsələ burasındadır ki, təmas xəttində Azərbaycanın üstünlüyü ilə həyata keçirilən döyüş-kəşfiyyat əməliyyatları ilə bağlı quruma üzv ölkələrin heç biri Ermənistana dəstək vermədi, hətta təşkilatın üzvü olan Ermənistanın mövqeyinə dəstək xarakterli mövqe də nümayiş etdirmədi.
Təşkilat üzvləri mövqelərini münaqişədən kənarda durmaqla və problemin ATƏT-in Minsk qrupu tərəfindən həll edilməsinin zəruriliyini açıqlayan bəyanatlar səsləndirməklə bitmiş hesab etdilər. Xatırladaq ki, onlar ötən il Ermənistan Hərbi Hava Qüvvələrinin helikopterinin Azərbaycan hərbi bölmələri tərəfindən vurulmasına da eyni formada reaksiya göstərmişdilər.
Əminliklə bildirmək olar ki, üzv dövlətlərin bu münasibəti Ermənistanın hərbi-siyasi rəhbərliyini narazı saldı. Hətta aprel əməliyyatlarından sonra KTMT-yə üzv dövlətlərin bəzilərinin ünvanına İrəvan tərəfindən kəskin fikirlər də səsləndirilmişdi.
Ermənistanı ən çox narahat edən isə Belarus Xarici İşlər Nazirliyinin aprelin 3-də Dağlıq Qarabağdakı hadisələrlə bağlı mövqeyi olmuşdu. Elə buna görə də rəsmi İrəvan Minskdəki səfirini məsləhətləşmə aparılması üçün geri də çağırmışdı. Bunun arxasınca isə Ermənsitanın xarici işlər naziri Şavarş Köçəryan Belarusun hərbi doktorinasını KTMT üçün problem adlandırmışdı. Rəsmi Minsk isə Köçəryanın fikirlərinə sərt reaksiyasını gecikdirməmişdi.
Ermənistanın hərbi-siyasi hakimiyyəti tərəfindən buna bənzər sərt açıqlamalar digər üzv ölkələr olan Rusiya və Qazaxıstanın da ünvanına səsləndirilmişdi. Hətta dövlət sifarişi ilə İrəvan küçələrinə çıxarılan erməni ictimaiyyətinin nümayəndələri kimi təqdim olunan şəxslər Rusiyanın İrəvandakı səfirliyinin binası qarşısında rəsmi Moskvanın, dövlət başçısı Vladimir Putinin ünvanına sərt bəyanatlar da səsləndirməkdən çəkinmədilər. Bu aksiyalarda Rusiyadan KTMT-yə üzv ölkə kimi tələb olunurdu ki, Azərbaycana silah və texnika satışını dayandırsın. Moskva isə "Azərbaycan bizim strateji partnyorumuz, Ermənistan isə strateji müttəfiqimizdir" formasında bəyanat verərək, rəsmi İrəvana öz mövqeyini konkret şəkildə açıqladı.
Əslində isə Ermənistanın mövqeyi KTMT-nı öz milli ambisiyasının tələsinə salmaq və üzv ölkələri Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək idi. Üzv ölkələr isə buna getmədi. Belə vəziyyətdə - üzv dövlətlərin İrəvana üz döndərməsi fonunda KTMT-də hansı vəziyyətin yaranacağı artıq bəlli olur.
Azərbaycanın ilk həmləsindəcə Ermənistanı səhnədə tək buraxan KTMT-nin gələcəyini analiz etmək də artıq o qədər çətin deyil. Ermənistanın güvəndiyi müttəfiqlərindən bu cavabı alması əslində vəziyyətin bizim xeyrimizə dəyişməsi demək idi. Analiz etdikdə isə mövcud durumun KTMT-nin monolitliyinin əleyhinə xidmət etdiyini deməmək də düzgün olmazdı. Yəni artıq bu proseslərin təşkilatın gələcək perspektivini sual altında qoyduğunu nümayiş etdirir.
Proseslər bu şəkildə davam edərsə, KTMT-nın siyasi ambisiyalar bataqlığında batacağı artıq hiss olunue. Bütün bunlar isə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.

Ramil Məmmədli
Hərbi-siyasi icmalçı
Milli.Az