Ölkə başçısının qərarından sonra Tarif Şurasının davamlı olaraq dərman preparatlarının qiymətlərini tənzimləmək istiqamətində atdığı addımlar bir müddət effekt versə də, hazırda vəziyyət acınacaqlıdır. Ayrı-ayrı apteklərdə qiymətlər arasında kəskin fərq olması bir yana, dərman preparatlarının keyfiyyətində də problemlər yaranıb. Avropa istehsalı olan dərmanlar o qədər bahalaşıb ki, insanlar ikinci dərəcəli ölkələrin istehsalı olan dərmanları almalı olurlar.

Milli.Az aznews.az-a istnadən bildirir ki, xalq şairi Sabir Rüstəmxanlı da bu məsələyə münasibət bildirərək Türkiyə ilə Azərbaycandakı əczaçılıq sistemini müqayisə edib: "Bu yaxınlarda başqa bir təzyiq dərmanının bir qutusu üçün Bakıdakı alman dərmanxanasında 103 manat ödəyəsi oldum. Bu gün İstanbulda həmin təzyiq dərmanının bir qutusunu 12 türk lirəsinə aldım, yəni 3 manata!....

Yəni Bakıda satılandan 34 dəfə ucuz!!! Almaniyadan Bakıya gətiriləndən heç bir fərqi yoxdur. Eyni firma, eyni tərkib! İndi görün "Avropa keyfiyyəti" adı altında milləti soyan bu növ alverçilərdə zərrə qədər insaf-mürvət varmı?"

Milli.Az bildirir ki, "Yeni Müsavat" əczaçılıq sahəsindəki durumu öyrənmək üçün ictimaiyyət nümayəndələri arasında sorğu keçirib. Apteklərdəki vəziyyət əhalini qane edirmi? Son devalvasiyadan sonra qiymətlərdə, həmçinin dərmanların keyfiyyətində hansı dəyişikliklər var?

Dərdimizə dərman tapılmır

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, dərmanlara qətiyyən inanmır, çünki ailə üzvləri əksər dərmanların allergiya verməsi fəsadı ilə üzləşiblər: "Çalışıram, dərmanlardan istifadədən yan keçim. Bu yaxında qrip üçün dərman aldım, lakin heç bir təsiri olmadı. Devalvasiyadan sonra isə gündəlik işlətdiyim "Sabutamol" 3 manatdan 15 manata qalxdı. Düzdür, indi qiymət 5 və 6 manat arasıdır. Amma 3 manatdan 15 manata qalxmaq çox böyük fərq idi. Bayıl və İçərişəhər ətrafı apteklərdə fərqlər ciddi şəkildə gözə girir. Baxmayaraq ki, bu məsələlər kifayət qədər müzakirə edilir, amma hələ ki, həllini tapmayıb. Nəhayət, dərman preparatlarının keyfiyyəti ilə bağlı deyə bilərəm ki, bu sahədə çalışan adamların özü belə tövsiyə edir ki, antibiotik tərkibli dərmanların istifadəsi təhlükəlidir".

Dərdimizə dərman tapılmır

Pediatr Vaqif Qarayev apteklərdəki vəziyyətin qənaətbəxş olmadığını qeyd edib: "Apteklərdəki vəziyyət hələ ki rəsmi təbliğatda deyildiyi kimi deyil. Son devalvasiyadan sonra ilk vaxtlar qiymətlərdə xaos yarandı. İndi nisbətən sakitlikdir. Bəzi dərmanların qiymətində fərq var, amma həmişə baha olan dərmanlar yenə də bahadır. Dərmanların keyfiyyəti həmişə olduğu kimi yenə problemlidir. Ən xoşagələn hal isə apteklərdəki qiymət fərqinin nisbətən aradan qalxmasıdır. Amma yenə də fərq var".

Dərdimizə dərman tapılmır

Politoloq Arzu Nağıyev isə apteklərlə həkimlər arasındakı sövdələşmələrdən danışaraq, keyfiyyət və qiymət məsələlərində problemlərin olduğunu diqqətə çatdırıb: "Düzünü deyim ki, apteklərə o qədər də çox müraciət etmirəm. Lakin bir vətəndaş kimi digər ölkələrdə olarkən keyfiyyət fərqini hiss edirəm. Müqayisədə bizdə dərmanların keyfiyyəti daha aşağıdır. Təbii ki, qiymətlər də bahadır. Bundan başqa, bəzi həkimlərlə apteklər arasında olan kommersiya razılaşmaları da mövcuddur. Yəni həkim xüsusi olaraq hansısa aptek üçün resept yazır və aptek də satılan dərmandan həkimə faiz verir. Belə hallar da əhalidə narazılıq yaradır".

Dərdimizə dərman tapılmır

Aznews.az saytının redaktoru Elçin Zahiroğlu isə ciddi dərman çatışmazlığının olduğunu və bundan bir çox dələduzların faydalandığını vurğulayıb: "Devalvasiya və əsasən də hökumətin dərman sahəsində apardığı islahatlardan sonra maraqlı situasiyalarla qarşılaşırıq. Dərmanların qiymətləri ilə bağlı verilən qərarlar, dəyişikliklər, əlbəttə, bu sahədə müəyyən ucuzlaşmaya gətirib çıxarıb. Amma ölkədə ciddi dərman çatışmazlığı müşahidə edilir. Adi dərmanlar bəzən aylarla tapılmır. Sonra həmin dərman peyda olur, başqaları yoxa çıxır. Pis hal odur ki, bu yoxaçıxmalarla bağlı həkimlərdə məlumatlar olmur ki, resept yazanda nəzərə alsınlar. Dərmanların keyfiyyəti ilə bağlı dəqiq bir söz demək olmur. Amma dərman biznesi ilə məşğul olan adamlar qiymət enməsinin keyfiyyətə mütləq mənfi təsir edəcəyini bildirirlər. Hələlik pərakəndə bir durumdur, dərmanın keyfiyyəti, çeşidi və qiyməti ilə bağlı təlatümlər hökm sürür. Ən təhlükəli hal odur ki, əvvəllər hər bir firma apteklərdə öz mallarına nəzarət edir, onların "poddelkasının" satılmasına imkan vermirdilər. İndi isə bu nəzarəti kimin həyata keçirdiyi məlum deyil. Ancaq o məlumdur ki, zirzəmilərdə dərman hazırlayan xeyli dələduz var..."

Dərdimizə dərman tapılmır

Politoloq Elxan Şahinoğlu isə hökumətin tənzimləmə siyasətinin əks nəticə doğurduğunu bildirib: "Başlanğıcda hökumət üzvləri ictimaiyyətin istəyinə cavab olaraq dərman preparatlarının qiymətlərinin azaldılacağı ilə mübarizə aparacaqlarını bildirdilər. Həqiqətən insanların ən böyük narazılığı dərman preparatlarının bahalığından idi. Ancaq maraqlıdır ki, qiymətlər "tənzimləndikdən" sonra aldığım ağır kəsici mazın qiyməti 5 manatdan 8 manata qalxdı. Daha bunun nəyi qiymət tənzimlənməsi oldu? Eyni mazı mən Türkiyədə bundan ucuz qiymətə alıram. Əgər vətəndaşların icbari tibbi sığortası da bu şəkildə həyata keçiriləcəksə, tibdə hansı islahatlardan danışa bilərik?"

Dərdimizə dərman tapılmır

Ana olmağa hazırlaşan lent.az saytının müxbiri Ləman Mustafaqızı isə apteklərdəki hazırkı vəziyyətdən çox zərər çəkdiyini danışıb: "Fevralın 27-28-i olardı, həkimin mənə yazdığı iynəni apteklərdən tapa bilmirdik. Həmin iynə təcili vurulmalıydı. Gecə 12-nin yarısı "Proluton Depot"u 18.70 manata tapdıq.
Sabahı gün ayrı apteklərdən də maraqlandıq. 9.30 manata idi. Gecə olduğundan həmin iynəni iki qat qiymətinə satmışdılar. Çünki bu satan da bilirdi ki, o iynəni hansı qiymətə satsa, alacağıq".

Dərdimizə dərman tapılmır

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə dərmanların əksəriyyətinin xaricdən idxal olunduğunu nəzərə alaraq, bahalaşmanın gözlənilən olduğunu qeyd edib: "Apteklərin xidmətindən ara-sıra istifadə edirəm, qiymət məsələsində artıq uyğunlaşma hiss olunur. Əvvəllər deyirdilər ki, filan aptek ucuzluqdur, həqiqətən xeyli fərq olurdu, indi tarazlıq yaranıb. Qiymətlərə gəldikdə isə - bizdə dərman istehsal edilmir axı... Ona görə də dekabr devalvasiyasından sonra bütün dərmanların qiyməti artıb. 6 manata olan dərman indi 9 manatdır".

Tanınmış ictimaiyyət nümayəndələrinin açıqlamalarından da aydın oldu ki, Azərbaycanda dərman siyasəti hələ də arzu olunan nəticəni verməyib. Mövcud problemlərin nə zaman, hansı yolla həllini tapacağı sualı isə aktuallığını qoruyur.

Milli.Az