Bakı, 23 fevral, AzərTAc
Fevralın 23-də Ombudsman yanında fəaliyyət göstərən Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupun növbəti toplantısı keçirilib.
AzərTAc xəbər verir ki, iclas “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi: biznes və insan hüquqları kontekstində” mövzusuna həsr olunub.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova İşçi Qrupun məqsəd və vəzifələrindən danışıb. Əlilliyi olan şəxslərin sosial-hüquqi vəziyyətinin, onların hüquqlarının müdafiəsi ilə bağlı məsələlərin həmişə diqqət mərkəzində saxlanıldığını deyən ombudsman onların problemlərinin qanunla müəyyən edilmiş qaydada həlli məqsədilə müxtəlif tədbirlərin görüldüyünü söyləyib.
BMT-nin Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın əhəmiyyətini vurğulayan E.süleymanova bu sənəddə təsbit olunmuş mexanizminin funksiyalarının həyata keçirildiyini diqqətə çatdırıb. O, dövlət başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda ölkəmizin insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq müqavilələrə qoşulması ilə bağlı tədbirlərin nəzərdə tutulduğunu qeyd edib.
Milli Məclisin deputatı İlham Məmmədov BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası və milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Aidiyyəti dövlət qurumlarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, müvafiq təkliflər verilib. Əlilliyi olan şəxslərin bir sıra sosial təminatları ilə yanaşı, onların cəmiyyətin tam hüquqlu və bərabər üzvləri kimi ayrı-seçkilikdən müdafiə olunması, məşğulluq imkanlarının genişləndirilməsi, onlara intellektual, yaradıcılıq, fiziki potensiallarını reallaşdırmaq imkanının yaradılması və s. məsələlər diqqətə çatdırılıb.