“Vurulmuş texnikanın, tankların qeydiyyat nömrələrindən məlum oldu ki, bu tanklar Rusiya ordusuna məxsus tanklardır. Buna görə biz Rusiyaya nota göndərmişdik”.

Bu sözləri ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

1994-cü ildə atəşkəs haqqında razılaşmanın imzalanmasından, Azərbaycanın ağır diplomatik problemlərlə qarşı-qarşıya olduğu zamanlardan danışan keçmiş xarici işlər naziri Qarabağda döyüşlərdə ermənilərdən başqa, Ermənistanda yerləşən birləşmələrin də iştirak etdiyini bildirib.

Tofiq Zülfüqarov atəşkəsin bağlanmasının Azərbaycan üçün nə dərəcədə lazımi olduğunu diqqətə çatdırıb.

“Əgər hərbi əməliyyatlar davam etsəydi, Rusiya bu münaqişəyə daha böyük qüvvələrlə qoşula bilərdi. O vaxt Qraçov ermənipərəst siyasət yürüdürdü. O istəyirdi ki, ermənilərə böyük miqdarda kömək göstərilsin”, - deyən sabiq nazir Azərbaycanın çətin günlərindən danışıb.

Azərbaycan diplomatiyasının qarşısında çox çətin məsələlərin dayandığını qeyd edən Tofiq Zülfüqarov o vaxt Rusiya Xarici İşlər Nazirliyindən Vladimir Kazimirov vasitəsilə bir, Pavel Qraçov vasitəsilə başqa danışıqların aparıldığını, Minsk qrupu çərçivəsində beynəlxalq təşkilatın nəzdində bir başqa danışıqların getdiyini diqqətə çatdırıb.

“Biz atəşkəsə nail olmalıydıq. Çünki Azərbaycana vaxt lazım idi ki, daxili-siyasi sabitliyi bərqərar etsin. İnvestorlar qəti deyirdilər ki, müharibə davam etsə, heç bir sərmayə gəlməyəcək. Sərmayə gəlməsə, bizim ordunu bərpa etmək imkanımız olmayacaqdı. Bütün bunlar bir-birilə bağlı olan məsələlərdir”, - deyə sabiq xarici işlər naziri qeyd edib.

Nazir aprel döyüşlərindən sonra vəziyyətin xeyli dəyişdiyini, Azərbaycanın öz gücünü bütün dünyaya göstərdiyini də əlavə etdi.

"Azərbaycan cəmiyyəti indi müharibəyə hazırdır. Bu baxımdan onlar nəsə əldə etmək istəyirlərsə, təhlükəsizlik istəyirlərsə, təhlükəsizliyi ərazilərə dəyişdirə bilərik!" - deyə Tofiq Zülfüqarov vurğulayıb.

Tofiq Zülfüqarovun "Hesabat" verilişində Mir Şahinə müsahibəsi
Tofiq Zülfüqarovun ANS TV-yə xüsusi müsahibəsi