Məlum olduğu kimi müğənni-bəstəkar Murad Arif Bəstəkarlar İttifaqında və Müəllif Agentliyinə açıq məktub ünvanlayıb. Murad Arif məktubunda görkəmli bəstəkarlarımızın mahnılarını təhrifə yol verərək oxuyan müğənnilərə məhdudiyyətlər qoyulması, onlara qarşı cərimələr tətbiq edilməsi barədə müraciət edib.
Milli.Az bildirir ki, Bəstəkarlar İttifaqından müğənni-bəstəkarın müraciətinə cavab gecikməyib. Qurumun katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova bununla bağlı musavat.com-a açıqlama verib. Zemfira Qafarovanın dedikləri: "Murad Arif ümumiyyətlə kimdir? Onu bəstəkar kimi də, müğənni kimi də tanımıram... Bəziləri yaxşı oxuyur, bəziləri mahnıları korlayır, bu, təbii bir faktdır. Elə müğənnilər var ki, həqiqətən, mahnılara möhür vurur. Həmin mahnıları artıq Rəşid Behbudovun, Bülbülün, Şövkət Ələkbərovanın ifasında qavramışıq, amma başqaları oxuyanda qəbul etmirik. Bunlar təbii şeylərdir. Məsələ burasındadır ki, əvvəllər televiziya və radioda şuralar var idi və orada müəyyən mahnılar, ifaçılar var idi ki, onlara yol verilmirdi. Amma indi özünüz bildiyiniz kimi, kimin səsi yoxdur, oxuyur, kim not bilmir, bəstəkardır. Bəzən televiziya kanallarına heç baxmıram, çünki əsəbləşirəm. Baxırsan ki, ixtiyarı yoxdur ümumiyyətlə o adamın oxumağa, amma müğənnidir. Bu, yaralı bir mövzudur".
Əməkdar incəsənət xadimi bu cür hallara qarşı mübarizənin bir faydası olmadığını da vurğulayıb: "Biz sözümüzü həmişə harada olsa, qurumlarda, tədbirlərdə, televiziyadakı çıxışlarımızda deyirik. Amma nə olsun, faydası nədir? Onsuz da özünüz də bilirsiz ki, onlar hansı yollardan keçirlər..."
Milli.Az