Xocalı abidəsi müəllifi danışdı

Xocalı abidəsi müəllifi danışdı
12:56 24 Fevral 2015
163 Digər
Ölkə mətbuatı
A- A+

XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşən Xocalı soyqırımının qurbanları xalqımızın qəlbində əbədi yaşayır. İndi faciənin 23-cü ildönümü ölkəmizdə və dünyanın demək olar hər yerində qeyd olunur.

Azərbaycanda Xocalı şəhidlərinin anım tədbiri fevralın 26-da Azərbaycanda ən yüksək səviyyədə anılacaq, dövlət, hökumət, ictimaiyyət nümayəndələri, eləcədə on minlərlə paytaxt sakini Xocalı Abidəsi Kompleksini ziyarət edəcək.

Həmin abidə kompleksinin müəlliflərindən biri, heykəltaraş Mahmud Rüstəmov ANS PRESS-ə tarixi əsərin ərsəyə gəlməsindən danışıb. O deyib ki, bu faciə xalqımız üçün çox ağrılı bir gün kimi tarixə düşüb. Xocalı faciəsinə qədər xalqımıza qarşı törədilən qətliamlar, onların səbəbləri, Xocalıda əhaliyə qarşı törədilən vəhşilikləri lənətlənir.

Bu abidə kompleksinin yenilənməsi barədə Xətai Rayon İcra Hakimiyyətindən sifariş veriləndə doğrusu bunun nə qədər ağır və məsuliyyətli iş olduğunu anladıq. Atam Aslan Rüstəmov, qardaşım Teymur və mən, yəni ata və iki qardaş birlikdə bir neçə eskiz hazırladıq. Çox müzakirələrdən sonra onlardan biri qəbul edildi və bunun üzərində işə başladıq. Təbii ki, bunu işləmək asan deyildi. Faciəni əks etdirən şəkillər ürəyimizi pərən-pərən edirdi. Çoxuna baxmaq mümkün deyildi. Bu, böyük ağrıdır, çox ağır tarixdir. Bunu nəinki xalq, bütün dünya bilməlidir ki, ermənilər bizə qarşı belə soyqırım törədiblər. Biz çalışdıq ki, bu abidə ilə bütün məlumatları çatdıra bilək. Fərəhlidir ki, xalqımızın qəhrəmanlıq tarixini əks etdirən, insanların qəlbini oxşayan daş əsər yaratmışıq. Bundan əlavə, 2009-cu ildə Goranboy rayonunda da belə abidə yaratmışıq. Bu, bizim vətəndaşlıq borcumuzdur.

Onun sözlərinə görə, ikinci soyqırım abidəsinin uzunluğu ümumilikdə 8 metrdir. Heykəl 3, postament isə 5 metrdir. Abidə kompleksin məzmununda elə ciddi dəyişiklik olmayıb. Hər iki heykəldə ana öldürülmüş körpəsini əlləri üzərində tutub. Sadəcə birinci heykəldə ana körpəni başı üzərində, ikincidə isə qolları üstündə təsvir olunub.

Xocalı faciəsinin ağır nəticələri barədə danışan M.Rüstəmov xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söylədi və xocalıların erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşduqlarını, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdıqlarını bildirdi.

Bir sözlə, Xocalının səsini bütün dünyaya bəyan etmək hər bir azərbaycanlının borcudur. Soyqırım barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində bu abidənin rolu danılmazdır və abidənin dövlət və hökumət protokoluna salınması çox vacibdir. Çünki xaricdən gələn qonaqların buranı ziyarət etməsi çox mühümdür və əsl həqiqətlərin təbliği baxımından faydalıdır.

Onu da bildirək ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq, faciə qurbanlarının xatirəsini anma mərasiminin keçiriləcəyi Xocalı parkında görülən abadlıq işləri tam başa çatıb.

Xatırladaq ki, əvvəllər "Ana fəryadı" abidəsi kimi tanınan bu məkan 2007-ci ilin sonu, 2008-ci ilin əvvəlində Bakının Xətai rayonu ərazisində abidə kompleksi yenidən qurulub, 1993-cü ildə qoyulmuş "Ana fəryadı" abidəsi götürülərək əvəzinə yenisi qoyulub və 25 min kvadratmetr ərazidə bərpa işləri aparılıb. "Ana fəryadı" abidəsi milli faciəmizin simvolu, bir yaradıcılıq nümunəsi kimi ona hər zaman hörmət bəslənilir. Birinci "Ana fəryadı" heykəlinin müəllifi heykəltaraş Elçin Muxtarovdur.

Hazırkı abidənin müəlliflərindən olan Aslan Rüstəmov həmçinin "Bəhram Gur" heykəlinin müəlliflərindən biridir. Rüstəmovlar eyni zamanda Ukrayna dairəsində yerləşən parkda ucaldılan Heydər Əliyev heykəlinin yaradıcılarıdır.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=327865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR