XX-ХХI əsrlərin astanasında bəşəriyyət dərk etdi ki, Asiya-Sakit okean regionu planetin iqtisadi həyatında çox əhəmiyyətli geosiyasi və geoiqtisadi rol oynayacadır. Bu cür qiymətləndirməni hətta Asiyada 1998-ci ildə baş vermiş iqtisadi böhran belə sarsıtmadı. Əksinə, hal-hazırda Asiya-Sakit okean regionu dünyanın siyasi-iqtisadi cazibə mərkəzi və dünyada təsərrüfat artımının lokomotivi olmaq iqtidarındadır, necə ki, əvvəlki dövrlərdə bu kimi mərkəz rolunda Avropa və ABŞ çıxış edirdi. Bunun üçün kifayət qədər əsaslar vardır, çünki planet əhalisinin təxminən yarısı Asiya-Sakit okean regionunda yaşayır; bölgə ərazisində bir çox faydalı qazıntılar tapılmışdır. Bundan başqa, burada yerləşən ölkələrin əksəriyyəti stabil iqtisadi artım nümayiş etdirir. Son illər isə burada kompleks inteqrasiya prosesləri yüksələn xətlə inkişaf edir. Bununla belə, regionda gedən inteqrasiya proseslərinin təhlili göstərir ki, Asiya-Sakit okean regionu hələ ki, bir çox mənada siyasi anlayış deyil, sadəcə coğrafi region olaraq qalmaqdadır.

90-cı illərin əvvəllərinə yaxın Asiya-Sakit okean regionunda ticarət, iqtisadi və maliyyə əlaqələrinin, istehsal kooperasiyasının inkişafı, qarşılıqlı kapital, mal və texnologiyalar axınlarının daxil olması, Yaponiya və ABŞ-ın təsərrüfat maraqlarının bir-birinə nüfuz etməsi əsasında dünyada ən iri dövlətlərarası istehsalat-iqtisadi kompleks formalaşmışdır. Bu, bütövlükdə regionun sürətli inkişafının lokomotivi oldu.

Hər iki fövqəldövlətin dəstəyi ilə Qərb ölkələri və Yaponiyanın xüsusi maraq dairəsində olan və buna görə də daha çox yardım alan bir sıra inkişaf etməkdə olan ölkələrin iqtisadi mövqeləri möhkəmləndi. Onların arasında Tayvanı, Cənubi Koreyanı, Honkonqu və Sinqapuru göstərmək olar. Bu ölkələr Şərqi Asiyada yeni sənaye ölkələrinin ilk eşelonu oldu.

1967-ci ildə АSЕАN-ın yaradılması kiçik və orta ölkələrin hərbi-siyasi əməkdaşlıqdan iqtisadi əməkdaşlığa dönüş etməsinə təkan verdi. Bu ölkələr sənayeləşmə üçün öz daxili ehtiyatlarını səfərbər edə və xaricdən borc vəsaitlərini cəlb edə bildilər. ASEAN ölkələrində təşəkkül tapmış mötədil avtoritar rejimlər tərəfindən təmin edilən siyasi stabillik iqtisadi inkişafa yol açdı. 90-cı illərin əvvəllərində ASEAN dövlətləri regionda yeni nüfuzlu sənaye ölkələri sırasına daxil oldu.

Bununla yanaşı, perspektivdə bu bölgə "qitə bloku" ilə "dəniz qüvvəsi" (Çin və Rusiya ABŞ, Yaponiya və Cənubi Koreyaya qarşı) arasında kəskin geosiyasi rəqabət səhnəsinə çevrilə bilər. Bu ssenari çərçivəsində mövcud ABŞ-Yaponiya birliyinin möhkəmləndirilməsi nəzərdə tutulur ki, bu da iki Koreyanın Amerikanın rəhbərliyi altında birləşməsinə gətirib çıxara bilər. Nəticədə, həm Rusiyanın Uzaq Şərqində, həm də Asiya-Sakit okean regionu daxilində, Çin, Yaponiya və ABŞ arasında ziddiyyətlər kəskinləşə bilər. Yekunda isə Rusiya ilə Çinin geosiyasi maraqları xeyli yaxınlaşar – regionda Amerikanın nüfuzundan müdafiə olunmaq üçün onlar daha sıx hərbi-siyasi birlik qurmalı olacaqlar.

Asiya-Sakit okean regionunda Amerika-Yaponiya-Koreya (Qərb) və Çin-Rusiya (Şərq) kimi iki nüfuz dairəsi yarana bilər. Bu tarazlığın sülhsevər və davamlı olacağını güman etmək çətindir. Çox ehtimal ki, bu geosiyasi parçalanma silahlanmaya və daha miqyaslı hərbi blokların yaranmasına təkan verəcəkdir ki, bu da həmin regionda gərginliyi daha da artıra bilər.

Bu ssenarinin alternativi ABŞ, Yaponiya, birləşmiş Çin-Rusiya, Hindistan qarşıdurması ola bilər. Z.Bjezinski tərəfindən işlənmiş bu "amerikan" ssenarisinə görə, Çinin birləşməsi prosesi sürətli templərlə cərəyan edəcək və uğurla başa çatdığı halda, bunun qarşısında tab gətirə bilməyən ABŞ və Yaponiyaya Çinlə geostrateji yaxınlaşma yolu ilə prosesləri nəzarətdə saxlamaqdan başqa bir şey qalmayacaqdır.

ABŞ Çini Rusiya və Hindistana onların geosiyasi maraqlarının kəsişdiyi zonalarda təzyiq göstərməklə geosiyasi ekspansiyasını genişləndirməyə təhrik edəcəkdir. Öz növbəsində belə qüvvələr nisbəti Hindistan və Rusiyanı daha sıx hərbi-siyasi əməkdaşlığa təhrik edəcəkdir. Ümumilikdə isə bu geosiyasi qarşıdurma son nəticədə regionda ciddi münaqişələrə səbəb ola bilər.

Bütövlükdə Asiya-Sakit okean regionundakı vəziyyətin təhlili göstərir ki, Yaxın və Orta Şərqdə təhlükəsizlik problemlərinin aktuallığına baxmayaraq, uzunmüddətli perspektivdə məhz Asiya-Sakit okean regionu potensial olaraq beynəlxalq təhlükəsizliyi daha geniş miqyasda təhdid edir. Burada "yeni" təhdidlərlə dünyanın aparıcı fövqəldövlətləri sırasına çıxan dövlətlər arasında "köhnə" rəqabət bir araya gəlir. Regionda elə indidən qüvvələrin yenidən qruplaşması gözə çarpır ki, bunun da perspektivləri tam aydın deyil.

Beləliklə, nəhəng Asiya-Sakit okean regionu özünün geosiyasi və geoiqtisadi əhəmiyyətinin artması nəticəsində XXI əsrin əvvəllərinə yaxın dünyanın ən mühüm geosiyasi mərkəzlərindən birinə çevrilə bilmişdir.

Newtimes.az