Düz 97 il bundan əvvəl, elə bu ayın bu günü İtaliyadan Azərbaycana bir missiya gəlir. Bir neçə hərbçidən, mühəndisdən ibarət, aralarında iş adamlarının da olduğu heyətə polkovnik Melxior Qabba rəhbərlik edirdi. Onlar Bakıda Azərbaycan hökumətinin baş naziri, xarici işlər naziri və digər rəsmilərlə danışıqlar aparmalıydılar. Danışıqların məzmunu isə aşağıdakılardan ibarət idi: artıq Britaniya Qafqazlardan çəkilib gedirdi. Həmin mandata isə İtaliya yiyə durmalıydı. Bir yandan Denikin təhlükəsi, bir yandan Azərbaycan ordusunun hələ tam formalaşıb başa çatmaması Azərbaycan hökumətini italiyalı emissarlarla əməkdaşlığa getməyə məcbur edirdi.

ÜÇÜNCÜ YAZI


(əvvəli burada: http://news.lent.az/news/243378

http://news.lent.az/news/243481)

İyul ayının axırlarından italiyalılar Azərbaycanda ciddi hərbi hazırlıqlara başladılar. Qabba ekspedisiyasının üzvlərindən olan mayor Oldanini Gəncə, Şuşa, Şəkidə oldu. Məqsəd İtaliya ordusunun 12-ci briqadası üçün kazarmalar hazırlamaq, ərzaq anbarları tikmək, bir sözlə, ordunun gəlişini təmin etmək idi. Ordu isə artıq İtaliyadan yola düşmüşdü. Təxminən 1 aydan sonra Gürcüstanda, Batumi limanında olacaqdı.

***

Yuxarıdakı şəkil Milan hərbi liseyinin arxivindən götürülüb. Batumi dəmiryolu stansiyasıdır. Artıq İtaliya komandanlığının 70-ə yaxın hərbçisi Batumi limanında ordunun gəlişini gözləyir. Amma bütün hazırlıqların az qala bitdiyi vaxtda… İtaliyada hökumət dəyişir.

Cənubi Qafqazda olan İtaliya missiyasının rəhbəri Marlis Mişel iyul ayının 31-də İtaliya Xarici İşlər Nazirliyindən aldığı məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinə çatdırır. Orada aydın şəkildə göstərilir ki, Britaniya qoşunlarını əvəz etmək üçün Cənubi Qafqaza İtaliya ordusu göndərilməyəcək. Səbəbi isə belə izah edilir: yeni hökumət bunu məqbul hesab etmir. Və bu barədə məlumat artıq Parisə də göndərilir.

Sitat: “Bununla belə, İtaliya hökuməti Azərbaycan hökumətinin razılığı ilə kommersiya, maliyyə, sənaye və digər sahələrdə Azərbaycan Respublikası ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirirdi. İtaliya Xarici İşlər Nazirliyi vəd edirdi ki, Azərbaycanı maraqlandıran məsələlərlə bağlı, xüsusilə onun mənafeyi ilə bağlı Paris Sülh konfransında yaxın vaxtlarda başlanacaq müzakirələrdə yaxından iştirak edəcəkdir”.

Bu məzmunda daha bir teleqramı Zaqafqaziyadakı İtaliya missiyasının başçısı, polkovnik Qabba xarici işlər naziri M.Y.Cəfərova göndərmişdi.

Qabbanın məxfi teleqramlarının birində də belə bir məqam var. O, yazırdı: “Məncə, İtaliya Azərbaycanda ancaq iqtisadi maraqlarını güdməlidir. Hərbi müdaxilə uğursuz tədbir olacaq. Mən güman edirəm ki, artıq Azərbaycan Respublikasının rəsmiləri ilə bu istiqamətdə ilk təmaslara keçmək vaxtıdır”.

Elə də olur. Teleqram Romaya çatan kimi İtaliya xarici işlər nazirinin birinci katibi Borsarelli Parisdə Azərbaycan nümayəndə heyəti ilə danışıqlara göndərilir.

Bu arada Qabba yenidən Romaya teleqram göndərir. Teleqramda bildirir ki, hərbi kontingent göndərmək iqtisadi cəhətdən İtaliyaya sərf etməyəcək. “Burası anlaşılandı. Amma bir məqamı da nəzərə alaq ki, biz rus general Denikinin təhlükəli manevrlərinin qarşısını almasaq, bu bölgədə iqtisadi maraqlarımız da təhlükə altına düşür”.

İtaliyanın hərbi müdaxiləsinə tərəfdar olanlardan biri də Qabba missiyasında önəmli fiqurlardan olan Asian Granafei idi. O, ayrıca bir teleqram göndərir İtaliya hökumətinə. Və israrla bildirir ki, bu, uğurlu qərar deyil. “İngilislər Bakıdan çəkiliblər. Amma onların yerini biz tuta bilərik. Əks halda, amerikalılar və fransızlar bunu edəcək. Onlar yaranmış boşluqdan istifadə edərək, Bakı buxtasını nəzarətlərinə keçirəcəklər”.

Bu məsələlər müzakirə edilən zaman Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə Ə.Tahirov yolüstü Romada dayanır və İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi.

İtaliya Xarici İşlər Nazirliyinin rəsmiləri Sfortsa və Mayoni ilə görüşdə Ə.Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini soruşur. Mayoni ona bir neçə kağız göstərir. Deyir ki, Parisdə olan İtaliya nümayəndələri ilə görüşdə Ə.M.Topçubaşov Azərbaycana İtaliya ordusunun göndərilməsinin arzuolunmazlığını bəyan edib. Ə.M.Topçubaşov öz bəyanatında əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi ki, belə münasibət onun şəxsi fikridir, yoxsa, doğrudan da əhali və hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir?

Ə.Tahirov isə cavabında bildirir ki, İtaliya ordusunun və Azərbaycan ordusu üçün hərbi sursatın göndərilməsi daha çox arzuolunandır. Bu halda Sfortsa Azərbaycan ordusunun ilk növbədə ehtiyacı olduğu hərbi sursat haqqında yazılı müraciət hazırlamağı təklif edir və bu müraciəti İtaliya tərəfinin müzakirə edəcəyini bildirir. Nəhayət, Azərbaycan nümayəndəsi ilə üçüncü görüşdə Mayoni öz hökuməti adından Qafqaza ordu göndərməyin mümkün olmayacağını, lakin Azərbaycan ordusu üçün zəruri olan bütün hərbi sursatın göndəriləcəyini açıqlayır. Eyni zamanda, Mayoni Azərbaycanın təhlükəsizliyinin İtaliya tərəfindən müdafiə olunacağını da vurğulayır. O, Tahirova məsləhət görür ki, Bakıya dönüb istədikləri hərbi sursatı almaq üçün öz hökumətindən yazılı vəkalət gətirsin.

Bu arada Sfortsa bir maraqlı detalı da açıqlayır. O, Tahirova minnət qoyurmuş kimi bildirir ki, Qafqaz erməniləri Azərbaycanlılardan qorunmaq üçün regiondakı İtaliya missiyasından silah istəyir. Sən demə, ermənilər belə bir xahişlə əvvəllər Qabbaya da müraciət ediblərmiş. Sfortsa Tahirova bildirir ki, heç bir silah verilməsindən söhbət gedə bilməz. Və diplomatik etiketləri pozaraq Tahirova Qabbanın məxfi teleqramını göstərir:

“Ermənilər onlara qarşı haqsızlıq olduğunu deyirlər. Onlar ingilislərdən də narazıdırlar. Deyəsən, ingilislər Qafqazlarda erməni və gürcülərdən fərqli olaraq müsəlmanlara daha çox etibar ediblər. Məncə, biz də bu siyasəti davam etdirməliyik. Azərbaycanla münasibətlər bizim üçün daha əhəmiyyətlidir, nəinki bir ovuc erməniylə”.

Amma bundan sonrasını oxumur Sfortsa. Çünki teleqramda elə məqamlar var idi ki…

(davamı olacaq)

İllər sonra açılan sirr: “Bakıya biz girməsək, amerikalılar və fransızlar girəcək” – İLK DƏFƏ LENT.AZ-da
İllər sonra açılan sirr: “Bakıya biz girməsək, amerikalılar və fransızlar girəcək” – İLK DƏFƏ LENT.AZ-da
İllər sonra açılan sirr: “Bakıya biz girməsək, amerikalılar və fransızlar girəcək” – İLK DƏFƏ LENT.AZ-da
İllər sonra açılan sirr: “Bakıya biz girməsək, amerikalılar və fransızlar girəcək” – İLK DƏFƏ LENT.AZ-da