“Report”un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
R.Məmmədov və İ.İsfəndiyarov iş üzər özünü təqsirli bilmədiyini, lakin A.Məmmədov isə özünü təqsirli bildiyini deyib.
R.Məmmədov ifadəsində Dövlət Bayrağı Meydanının rəisi vəzifəsində çalışan zaman üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini bildirib: "Həmin üç obyekti İsfəndiyar mənim üçün 6 milyon manat aldı. Ona dedim ki, obyektləri öz adına sənədləşdir. Bir müddətdən sonra Zabil Salmanov adlı şəxs mənimlə görüşdü. O, mənə obyektlərin alqı-satqısında problemlərin olduğunu dedi. Bu haqda İsfəndiyara məlumat verdim. İsfəndiyar mənə məsələni həll edəcəyini bildirdi. Sonra həmin şəxs məndən şikayət etdi".
Prosesdə saat 14:00-dək fasilə elan olunub.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. Bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb. İ.İsfəndiyarov və A.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. R.Məmmədov isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələi ilə ittiham olunur.