Azərbaycan prezidenti İlham Əliyevin Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı həm Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların qarşısında duran bir çox məsələlərə aydınlıq gətirdi.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O bildirib ki, Azərbaycan dövləti bu gün bir çox uğurlar qazanıb: "Xaricdə yaşayan azərbaycanlılar öz vətənlərinin qazandığı uğurlarla fəxr edə bilirlər. Cənab prezident Azərbaycan ilə xaricdə olan Azərbaycan diasporu arasında münasibətlərə toxundu və bu münasibətlərin həmişə sıx, qarşılıqlı hörmət formasında olmasını vurğuladı. Bununla Azərbaycan diaspor təşkilatlarının daha fəal olmasının, onlar arasında birliyin olmasının, yaşadıqları ölkələrin mətbuatı ilə sıx əlaqədə olmasının, həmin ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməsinin vacibliyi vurğulandı".
A.Mirzəzadə qeyd edib ki, prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə də toxundu: "Cənab prezident bir daha bildirdi ki, Azərbaycan ərazi bütövlüyü məsələsində heç kimə güzəştə getmək fikrində deyil və problemin həlli üzərində çox ciddi çalışır. Aprel döyüşlərində Ermənistan mifi dağıdıldı, Ermənistan ordusunun Azərbaycan ordusundan qat-qat zəif olduğu üzə çıxdı. Ermənistan həmişə olduğu kimi həm öz cəmiyyətinə, həm də dünya ictimaiyyətinə yalan satmaqla məşğul oldu. Cənab prezident bir fakta da toxundu: Ermənistan prezidentinin Avrasiya İqtisadi Birliyinin Astanada keçirilən sammitindəki çıxışında auditoriyaya bir cümlədə dörd yalan danışdığını bildirdi. Cənab prezident konkret faktlarla Ermənistanın qeyri-ciddi dövlət olduğunu, Ermənistan rəhbərliyinin yalan danışmaq üzrə artıq "Ginnesin Rekordlar Kitabı"na düşə biləcəyi məsələsini vurğuladı və bir daha göstərdi ki, Azərbaycan ərazi bütövlüyünü qorumaq əzmindədir və bunun üçün bütün vasitələrdən istifadə edəcək".
Millət vəkili bildirib ki, prezident İlham Əliyevin çıxışı çox böyük ruh yüksəkliyi ilə qarşılandı: "Bütün auditoriya cənab prezidentin mövqeyini dəstəklədiyini ortaya qoydu".
Milli.Az