"Almaniya parlamenti saxta "erməni soyqırımı" ilə bağlı qərarı, əslində, çox tələm-tələsik qəbul etdi. Biz bilirik ki, bəzi ölkələrdə belə qərarların qəbul olunması uzun prosesdən keçir, illərlə heç "soyqırım" sözü belə işlədilmir. Almaniyada isə əksinə oldu. Əsas səbəb isə Türkiyə ilə Almaniya arasında son aylar Suriyadakı qaçqın problemi və Avropa Birliyi-Türkiyə münasibətləri ilə bağlıdır".
Bunu Milli.Az-a təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov deyib.

Ekspert bu qərarın iki ölkə arasında münasibətlərə necə təsir edəcəyi ilə bağlı bəzi proqnozlar açıqlayıb: "Hələlik nəticə belədir ki, Türkiyə öz səfirini Almaniyadan geri çağırıb. Biz eyni addımı Fransada oxşar qərar qəbul olunanda da müşahidə etmişdik. Hər dəfə səfir geri çağırılır, sonra isə müəyyən müddətdən sonra iş başına qayıdır. İkincisi, Türkiyə rəsmilərinin bəyanatlarının da Almaniya ilə münasibətlərə ciddi təsiri olmayacaq. Almaniyadan da bəyanatlar var ki, bu iki ölkə bir-biri ilə müttəfiqdirlər, bir-biri ilə sıx bağlıdırlar və bu, heç nəyə təsir etməyəcək. Amma reallıq odur ki, artıq qərar qəbul olunub".
E.Ələsgərovun fikrincə, belə qərarların arxasında Türkiyəni təzyiqlə nəyəsə təhrik etmək niyyəti durur: "Əslində, Türkiyəyə qarşı olan bu cür qərarları ABŞ istisna olmaqla böyük dövlətlərin çoxu qəbul edib Türkiyəni ittiham ediblər. Yəni Avropada və dünyada kim Türkiyəni gözdən salmaq istəyirsə, bu "erməni soyqırımı" məsələsini müzakirəyə çıxarır. Türkiyə də bu məsələdə geri çəkilə bilmir. Lakin heç bir ölkənin qərarı da tarixi faktlara və reallıqlara əsaslanmır. Bu, sırf siyasi qərardır. Onlar parlamentlərdə siyasətçilər tərəfindən qəbul olunur və heç birinin də hüquqi tərəfi, təsir qüvvəsi yoxdur. Amma onlar bununla bir tərəfdən erməniləri öz tərəfinə çəkmək istəyir, digər tərəfdən isə Türkiyəyə sataşmaq, onu alçaltmaq istəyirlər".

O, Almaniyada türk diasporunun zəifliyi və Bundestaqda Türkiyə mənşəli deputatların gözlənilməz mövqeyinə də münasibət bildirib: "Almaniyadakı türk diasporu dedikdə, Türkiyədən olan 3,5 milyon insan nəzərdə tutulur. Onların bir qismi, əslində, Türkiyənin əleyhinə olan siyasi qurumların nümayəndələridir. Yəni Almaniyadakı türk icmasının nümayəndələrinin tərkibi çox fərqlidir. Amma ən maraqlısı budur ki, Bundestaqda təmsil olunan Türkiyə əsilli deputatlar da bu qərarın lehinə səs verdilər. Bax ən acınacaqlı məsələ budur. Maraqlıdır ki, ermənilər dünyanın hər yerində Ermənistanın xeyrinə qərarlar qəbul etməyə çalışıdığı halda Avropadakı türk deputatlar isə Türkiyəyə qarşı çıxış edirlər. Biz bunu təkcə Almaniyada yox, başqa Avropa ölkələrində də müşahidə edirik. Konkret bu məsələyə gəlincə, bu, həm də türk icmasının təqsiri üzündən baş verib. Çünki həmin insanlar məhz türk icmasının, Almaniyadakı türklərin yardımı və səsi ilə gəlib Bundestaqa çıxıblar. Bu isə Türkiyənin Avropadakı diaspor fəaliyyətinin zəif olmasının göstəricisidir".

Ekspert alman deputatların bu qərarının arxasında üçüncü qüvvələrin əli olduğunu da istisna etməyib: "Azərbaycan bu məsələ ilə bağlı yerində və haqlı bəyanat verərək etirazını bildirdi. Biz hələ bunun Azərbaycan torpaqlarını işğalda saxlayan, Xocalıda azərbaycanlılara qarşı soyqırım törədən ermənilərə Almaniyada dəstək verilməsi xristian təəssübkeşliyinin təzahürü olub-olmadığını da araşdırmalıyıq. Bundan başqa, indiki məqamda çox maraqlı mənzərə yaranır. NATO-ya üzvü olan Almaniya digər NATO ölkəsi olan Türkiyənin əleyhinə çıxış edir və əks blokda olan KTMT-nin üzvü Ermənistana dəstək verir. İncə məqamlardan biri də budur ki, Türkiyə ilə Rusiya arasında münasibətlər pozulandan sonra Almaniya ilə Rusiya arasında münasibətlərdə daha çox istilik və yaxınlaşma meylləri hiss olunur. Ona görə də parlamentdə belə bir qərarın qəbul olunmasında başqa qüvvələrin də rolunun olduğunu istisna etmək olmaz".
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür:
http://bakunetwork.com
Bizi Facebook-dan, Twitter-dən və Youtube-dan izləyin.
İlkin İzzət
Milli.Az