“Biz sahibkarların məmnunluğunu hiss edirik. Aparılan dəyişikliklər sahibkarlar üçün bilavasitə kompleks dəstək tədbirləridir".
Bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ANS TV-nin “Hesabat” verilişində Mir Şahinə müsahibəsi zamanı deyib.
Sahibkarlar üçün vacib məqamlara toxunan nazir müavini bunların əsasən sahibkarların vaxtına qənaət olunması, prosedurların və çəkilən xərclərin azaldılması kimi əsas amillər olduğunu qeyd edib. Sahib Məmmədov bütün bunların sahibkarların işini inkişaf etdirməkdə, öz fəaliyyətlərini daha da genişləndirməkdə vacib rol oynadığını, aparılan islahatların sahibkarlarının qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına xidmət etdiyini önə çəkib.
Daha sonra nazir müavini maliyyə amnistiyası sənədi haqqında da danışıb.
“Əvvəllər 2 min manatadək vergidən yayınma hərəkətinə görə, iş adamı cinayət məsuliyyətinə cəlb olunurdusa, artıq həmin məbləğ 20 min manatadək artırılıb. Yəni artıq 20 min manatadək vergidən yayınma halı olduqda inzibati cəza məsuliyyəti tətbiq edilir. Sahibkar qeyri-qanuni yolla mənimsənilmiş vəsaiti dövlət büdcəsinə geri qaytarmaqla cinayət məsuliyyətindən azad olunur və öz fəaliyyətini davam etdirir”, - deyə Sahib Məmmədov diqqətə çatdırıb.
Nazir müavini bunu sahibkarlığın inkişafına, insan hüquq və azadlıqları nöqteyi nəzərdən ölkə başçısının sahibkarlara dəstəyi kimi qiymətləndirib.