Eymi Koupləndin sözlərinə görə, əsla depressiyaya qapılmayıb, ruhdan da düşməyib. O, başına gələn faciə ilə artıq barışdığını deyir.
Milli.Az bildirir ki, həddən artıq nadir, çox qorxulu və hazırda müalicəsi olmayan xəstəlik sayılan nekrotik fassitə mübtəla olmuş Eyminin əlləri ilə ayaqlarını bakteriyalar "çürütdüyü" üçün o, bir neçə amputasiya əməliyyatına məruz qalmışdı.
İndisə Eymi Karib dənizində, Puerto-Rikonun paytaxtı San-Xuanda istirahət edir.
O, çimərlikdə çəkdirdiyi fotolarını Facebook-dakı səhifəsində paylaşaraq yazıb: "Həyat davam edir. Həyat gözəldir. Vücudumuzu olduğu kimi qəbul etməliyik".
Amerikalı Eymi ABŞ-dakı Qərbi Corciya Universitetində təhsil alanda, 2012-ci ilin mayın 1-də Karoolton şəhərinin yanında, kiçik Tallapoosa çayının sahilində ayağı sürüşmüş, çaya düşmüşdü.
Onun sol ayağı cızılmışdı. Cızığa düşən bakteriyalar infeksiya yaradıb, qız nekrotik fassitə yoluxub.
Eyminin həyatını xilas etmək, infeksiyanın bütün bədənə yayılaraq ölümə səbəb olmasının qarşısını almaq üçün cərrahlar onun iki əlini biləklərdən, sol ayağını baldırdan, sağ ayağını isə topuqdan kəsmişdilər.
Milli.Az














