Bakı, 25 fevral, Məhərrəm Əlioğlu, AzərTAc
Fevralın 25-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Xocalı soyqırımını unutma” mövzusunda tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Akademiyanın akt zalında təşkil olunan mərasimdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu bildirib. Erməni hərbi birləşmələri tərəfindən Xocalıda xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparılmasını və dinc əhalinin qətlə yetirilməsində əli olan cinayətkarların öz layiqli cəzalarını alacaqlarına inandığını vurğulayıb.
Qeyd olunub ki, məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verilib.
Digər çıxış edənlər də erməni qəsbkarları tərəfindən törədilmiş və bəşəriyyət tarixində ən qanlı qətliamlardan biri sayılan Xocalı soyqırımı və onun ağır nəticələri barədə mərasim iştirakçılarına ətraflı məlumat veriblər.