Azərbaycan, Bakı, 25 fevral /Trend/
Xocalı faciəsinin növbəti ildönümü münasibətilə Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin təşkilatçılığı ilə bu gün Brüssel şəhərində mitinq keçirilib.
Azərbaycanın Belçikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, mitinq Brüsseldə yerləşən Avropa Parlamentinin qarşısındakı Lüksemburq meydanında baş tutub. Mitinqdə Belçikada yaşayan soydaşlarımız, eyni zamanda, türk diasporunun nümayəndələri iştirak ediblər.
Mitinqdə səsgücləndiricilər vasitəsilə “Xocalıya ədalət”, “Qarabağ Azərbaycan torpağıdır”, “Sarkisyan – cinayətkar”, “Hamımız Xocalıyıq, hamımız türkük, hamımız əsgərik”, “Erməni faşizminə son” kimi şüarlar səsləndirilib, yoldan keçən insanlara Xocalı faciəsi ilə bağlı bukletlər təqdim edilib.
Eyni saatlarda 8-10 nəfər erməni Azərbaycan səfirliyi qarşısında mitinq keçirməyə cəhd etsə də, onların bu cəhdi Belçika federal polisinin müdaxiləsi nəticəsində baş tutmayıb və mitinqin qarşısı alınıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az