Ötən ilin sentyabrında keçirilən qurultaydan sonra Müsavat Partiyası (MP) hələ də özünə gələ bilməyib. Ona görə də hər keçən gün bu partiyada yeni narazılıqlar baş qaldırmaqda, yeni sədrə etimadsızlıq daha da güclənməkdədir. Hətta partiya rəhbərliyinin cəza metodu da bir işə yaramır. Müstəqil fikirli müsavatçılar tutduqları mövqedən geri çəkilmir, yeni başqan Arif Hacılıdan baş verən haqsızlıqların hesabatını tələb edirlər. Bu isə ömürlərinin böyük bir hissəsini Müsavata qurban verən şəxslərin partiyadan qovulması ilə müşayiət olunur. Bir sıra hallarda da Müsavat funksionerləri saxtakarlıqlara etiraz əlaməti olaraq özləri partiya sıralarını tərk edirlər. Xatırlatma üçün qeyd edək ki, qurultayda İsa Qəmbərin “əsl demokratiya nümunəsi” göstərərək Arif Hacılını “vəliəhd” təyin etməsi əzəl gündən Müsavat funksionerlərinin, eləcə də sadə partiya üzvlərinin böyük narahatçılığı ilə müşayiət olunub. Müsavat başqanlığına iddialı Səxavət Əlisoy, Qubad İbadoğlu və digər partiya üzvləri qurultayda kütləvi saxtakarlıqların müşahidə olunması barədə fikirlər səsləndiririblər. Onlar seçkinin qeyri-şəffaf keçdiyini, demokratik prinsiplərin, səsvermənin gizliliyinin pozulduğunu, seçicilərə təzyiq və təsirlər edildiyini bildiririblər. Bununla da Müsavatdakı saxtakarlıqları, sabiq başqanın yalnız öz mənafeyini güdməsini ifşa ediblər. O zaman baş verənlərdən açıq-aşkar hiss olunurdu ki, İ.Qəmbərin A.Hacılını başqan seçdirməkdə əsas məqsədi “yüksək status” almaq, 2018-ci ildə keçiriləcək prezident seçkilərində Müsavatdan yeganə namizəd olmaqdır.Partiyadan istefalar kütləvi hal alır
Müsavatda bu cür pərdəarxası oyunların baş verməsi, yuxarıda qeyd edildiyi kimi, partiyadan istefalarla da müşayiət olunur. İlk vaxtlar Gənclər Təşkilatının rəhbəri Əhliman Abbas, həmçinin bir neçə gənc partiya üzvü, Tovuz rayon təşkilatının sədri Miryaqub Ağamirlinin başçılığı ilə təşkilat üzvləri, eləcə də Tofiq Hüseynov öz istefalarını mətbuat vasitəsilə ictimailəşdirdilər. Belə bir vəziyyətdə yeni başqan vəziyyəti düzəltmək, gərginliyi aradan qaldırmaq, narazı tərəfləri dinləyib müdrik qərar qəbul etmək, barışdırıcı mövqe sərgiləmək əvəzinə istefa verənləri Məhəmmədəmin Rəsulzadə-Əbülfəz Elçibəy yoluna xəyanət etməkdə təqsirli bildi. Sabiq partiya üzvlərinin A.Hacılı tərəfindən bu cür təhqir edilməsi, xəyanətdə ittiham olunması “yanan odun üzərinə bir qədər də yağ tökdü”, gərginliyin, qarşıdurmanın daha da dərinləşməsinə səbəb oldu. Partiya rəhbərliyinin ünvanına səsləndirilən ittihamlara cavab olaraq, bəzi müsavatçıların, o cümlədən başqanlığa sabiq namizəd S.Əlisoyun partiya sıralarından kənarlaşdırılması da tanınmış Müsavat üzvlərinin istefası ilə nəticələndi. Tarixçi-alim Nəsib Nəsibli, Hikmət Hacızadə, Əlövsət Talışxanlı partiya ilə yollarını ayırdılar.
Başqanlığa sabiq namizəd Q.İbadoğlunun A.Hacılıya qarşı irəli sürdüyü ittihamların cavablandırılmaması, ortaya tutarlı arqumentlərin qoyulmaması da Müsavatdakı vəziyyəti daim gərginləşdirməkdəydi. Çıxılmaz duruma düşən yeni başqan öz rəqibini Müsavata qarşı alternativ siyasi təşkilat yaratmaqda təqsirli bilib onu partiya sıralarından kənarlaşdırdı. Partiyanın VIII Qurultayının nəticələrini şübhə altına aldığına, partiya strukturlarının legitimliyini qəbul etməməsi barədə açıqlamalarına görə Müsavatın Ağdam rayon təşkilatının üzvü Əlövsət Sadıqlı da eyni aqibəti yaşadı. Sosial şəbəkədə Müsavatdaxili proseslərə aid status paylaşan, əqidədaşlarının yazdığı rəyləri bəyənən partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə ciddi xəbərdarlıq almaqla hələlik canını qurtardı. Bütün bunlar da Q.İbadoğlunun ötən şənbə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı təsis etməsi, öz tərəfdarlarını bu qurum altında bir araya gətirməsi ilə nəticələndi.
Müsavatdakı “yarpaq tökümü”nün davamı olaraq bu günlərdə daha iki anoloji hadisə yaşanıb. Fevralın 20-də Müsavat Partiyası Tovuz rayon təşkilatının üzvləri bu qurumun buraxıldığını elan ediblər. Təşkilatın sədr müavini Əsəd Məmmədli bu barədə özünün Facebook səhifəsində məlumat yayaraq bildirib ki, təşkilatın 200 nəfərə yaxın üzvü bundan sonrakı fəaliyyətini digər partiyada davam etdirəcəklər. Fevralın 22-də isə Müsavat Partiyasının Beyləqan rayon təşkilatı sədrinin müavinləri Nadir Ələsgərli, Akif Nəsirli, Vaqif Cəmiloğlu, Vəkil Yelmaroğlu, Vəliyəddin Quliyev, Zahid Cabbarlı, Rahil Qəmbərli və digərləri istefa veriblər. Həmin müsavatçılardan bir qismi Azad Demokratlar Partiyasına (ADP) qoşulublar. Nadir Ələsgərli özü isə ADP-yə qoşulmayıb. O, Müsavat başqanı A.Hacılının siyasətinə etiraz olaraq belə addım atdıqlarını bildirib. Qeyd edib ki, A.Hacılı partiyada avtoritarizm yaradıb və partiyanı bərpa edənləri Müsavatdan kənarlaşdırır.
Bütün bunlar bir daha təsdiq edir ki, yeri gəldi-gəlmədi iqtidarı müxtəlif məsələlərdə, o cümlədən qeyri-demokratik seçki keçirməkdə ittiham edən müxalifət, eləcə də müsavatçılar hətta partiya daxilində normal seçkilər keçirməyi bacarmırlar. Bu həqiqətləri dilinə gətirən, saxtakarlıqlarla barışmayan, müstəqil düşüncə sahibi olan müsavatçılara qarşı divan tutulması isə A.Hacılı və komandasının “demokratiya” libasına bürünərək, əsl gerçəklikdə avtoritar idarəetmə metoduna üstünlük verdiklərini nümayiş etdirir. Son üç ayda yüzlərlə müsavatçının bu partiyadan istefa verərək, digər təşkilatlara qoşulması da məhz bu “siyasət”in bəhrəsidir.
Kaspi.az