Qoy Roma Papası bir daha fikirləşsin ki, ermənilərin tələsinə düşərək 1915-ci il hadisələrini "soyqırım" adlandırmasının qarşılığında Ermənistan cəmiyyətinin ona münasibəti necədir.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisinin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Ermənistan prezidenti Serj Sarkisyanın İrəvanda Roma Papasına qarşı hörmətsizliyini şərh edərkən bildirib.

Millət vəkilinin fikrincə, bu hörmətsizlik Ermənistan liderinin daxili mədəniyyətindən gələn məsələdir: "Əgər biz onun tərcümeyi-halına baxsaq, görərik ki, Sarqsyan ali təhsilli olmasına baxmayaraq, İrəvanda yaşadığı 10 il müddətində çilingərlikdən yuxarı qalxa bilməmişdi. Ermənistan cəmiyyəti ona qiymət vermədi. Yalnız Azərbaycana, Dağlıq Qarabağa gəldikdən sonra gənclər təşkilatında işlədi və eyni zamanda gizli erməni təşkilatlarının fəallarından biri oldu. Azərbaycan xalqına "təşəkkür" kimi hərbi dəstə yaratdı, Xocalı soyqırımını törətməklə fəxr etdi və s. Yəni Sarqsyan nə ictimai, nə də şəxsi mədəniyyət məktəbi keçməyib ki, bütün bunları bilsin. Özü də bu təkcə Sarqsyana aid olan məsələ deyil, onun ətrafındakılar da bu gündədir".

A.Mirzəzadə qeyd edib ki, əslində bütün bunlar Ermənistana özünü addım-addım ifşa etməyə imkan verir: "Artıq dünyanın gözü Ermənistana açılır. Bir vaxtlar onların nağıllarına inananlar Ermənistan elitasının yalançı, mədəniyyətdən uzaq, öz daxili xislətini hansısa məqamda özü də bilmədən üzə çıxaran insanlardır. Sarqsyanın ətrafında olanlar da bu cür insanlardır. Məsələn, İrəvanın polis rəisinin general rütbəsində olan keçmiş müavini ABŞ-da "yaşıl kart" alan kimi vəzifəsindən çıxıb ABŞ-da adi bir vətəndaş olmağa üstünlük verdi. Yəni göründüyü kimi, bunlar hamısı yalnız maddiyyatı, yalnız öz maraqlarını güdən insanlardır. Papaya qarşı protokolun pozuntusu bütün sivil dünyada diplomatik qaydanın pozulması kimi qəbul edilsə də, əslində bu, erməni millətçi protokolunun qaydalarıdır".
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarqsyan İrəvanda öz iqamətgahında Roma Papası Fransiski qəbul edərkən protokol səhvi edib. Sarkisyan 80 yaşlı pontifikə qarşı hörmətsizlik edərək kresloya Papadan əvvəl əyləşib. Səhvini daha sonra anlayan Sarqsyan ayağa qalxaraq Papanın əyləşməsini gözləyib.
İlkin İzzət
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
