Argentinayla yanaşı, bütün dünyadakı heyranlarını millidən gedişi ilə pərişan eləmiş Lionel Messi Baham adalarında ailəsi ilə istirahətdədir.

Çoxları, öz ölkəsinin adi adamlarından tutmuş, dünyanın məşhur insanları belə, müxtəlif mesajlar verərək onu bu fikrindən döndərməyə çalışırlar.

Milli.Az Mundo Deportivo-ya istinadən bildirir ki, onların sırasına Kordovadan olan 7 yaşlı Luçi də qoşulub. Luçinin başqalarından bir fərqi var - o, beyin xərçəngi xəstəsidir.

Luçi valideynlərindən xahiş edib ki, əyninə Messinin futbolkasını geyindirsinlər. Sonra isə kartonun üzərinə ürək sözlərini yazmalarını istəyib:

"Əziz Messi. Mən təslim olmuram, baxmayaraq ki, balacayam. Sən də təslim olma. Çünki sən böyüksən! Səni sevirəm. Luçi".

Luçi inanır ki, Messi, yaxud onun yaxınları bu mesajı oxuyarlar.

Luçinin bu görüntüsü ilk dəfə Facebook-da yayılıb. İndi isə bütün sosial şəbəkələrdə sürətlə yayılmaqda davam edir.

"Luçi - mübarizdir, - uşağın anası Noeliya deyir, - iki ildən çoxdur ki, xərçəngin aqressiv forması ilə mübarizə aparır. Luçi Messinin o qədər sevir ki, Alyende sanatoriyasında hər kəs bunu bilir. Çox istərdim ki, Messi onun bu mesajını alsın. O an Luçi çox xoşbəxt olardı".

Ülviyyə

Milli.Az

Bəlkə, bu sözlər onu saxladı - FOTO