M.Muxtarov, 83 ünvanındakı binası söküləndən sonra A.Şaiq adına Dövlət Kukla Teatrında fəaliyyətini davam etdirən "YUĞ" Dövlət Teatrı Ramazan bayramında tamaşaçılarına hədiyyə etdi. Teatrın baş rejissoru Gümrah Ömərin ideya müəllifliyinin və quruluşunun məhsulu olan, insan, onun eşq zirvəsini görmək və onu fəth etmək arzusu, iqtidarı və bütün bunların sayəsində özünü tanıması, sevməsi və deməli, ən ülvi məhəbbət, ən saf eşq anlamını duyması kimi mühüm məzmunlu "Rindi-şeyda" adlı və səmavi eşq ayini janrlı kompozisiya müqəddəs ayın daşıdığı mətləbə tam uyğun teatr aksiyası olaraq ikiqat məna, məğz qazandı. Aktyorlar Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov nəzm parçalarını həm özgün tərzdə söylədilər, həm də söylədiklərini yaşayaraq yaşantılarına tamaşaçıları da biganə qoymadılar. Mərcan Dədənin "Sufi arzuları" musiqili kompozisiyası əsasında hazırlanan və Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlı Odərin poetik mətnlərindən, eləcə də ifaçıların öz ədəbi materiallarından istifadə olunan tamaşa maraqlı və bitkin musiqi həlli (üstəgəl Amid Qasımovun cazibəli solo ifası və aktyorların teatrın "psixosof" poetikasına mənəvi və fiziki cəhətdən bir daha varmaq bacarığı xüsusiyyəti ilə tamaşaçılar üçün də daha bir katarsis prosesi kimi canlandı.

Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Aytən Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.

* * *

"YUĞ"çular 28-ci mövsümlərinin sonuna yaxın bununla kifayətlənməyiblər. Bu gün saat 19:00-da teatrda daha bir yeni tamaşanın ictimai baxışı keçiriləcək. Vladimir Klimenkonun "Medeya Teatrı" pyesi əsasında hazırlanan "Medeya. Sekvensiya 001" adlı tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır. Apokrifik etiraf janrında hazırlanan tamaşada Yuğ Teatrının sənətçiləri, Azərbaycan Respublikasının əməkdar artistləri Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edirlər. Ömrü boyu Medeyanı oynamaq arzusunda olan yaşlı aktrisa, teatrın iş günü olmayan vaxtında, boş teatrda öz arzusunu gerçəkləşdirmək cəhdində bulunur. Tamaşa Medeyanı oynamağa cəhd eləyən iki aktrisa arasında olan dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra. "Medeya. Sekvensiya 001" - aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

Samirə

Milli.Az

Bakı səhnəsində iki yanğı: biri sevgi, biri arzu - FOTO
Bakı səhnəsində iki yanğı: biri sevgi, biri arzu - FOTO
Bakı səhnəsində iki yanğı: biri sevgi, biri arzu - FOTO