Avropa futbolunun iki ulduzu - türk Məsut Özil və fransız Pol Poqba 22 uşağın həyatını xilas ediblər.

Milli.Az Eurosport-a istinadən bildirir ki, Avro-2016-nın gedişində bu iki futbolçu Tanzaniyadan olan uşaqların əməliyyat olunması üçün gərək olan vəsaiti ödəyib. Onların hərəsi 11 uşağın müalicəsinin haqqını ödəyib.

Onların kömək etdiyi uşaqlar yanıq xəsarəti və əyripəncəlikdən əziyyət çəkirdilər. Tanzaniyada həyat səviyyəsi aşağıdır və insanların əksəriyyət açıq ocağın ətrafında yaşayır. Bu səbəbdən uşaqların tez-tez yanıq xəsarətləri alması "norma"ya çevrilib. Qida çatışmazlığı isə onların orqanizmlərində müxtəlif fəsadlara yol açır.

"Həqiqətən ehtiyacı olan uşaqların həyatını dəyişmələrinə yardım etdiyim üçün fəxr edirəm", - Özil İnstagram-da yazıb.

Xatırladaq ki, futbolçular yardımı BigShoe11 kampaniyası çərçivəsində gerçəkləşdiriblər. Kampaniya 2006-cı ilin martından bəri futbolçuları xeyriyyə aksiyalarına cəlb edir.

Milli.Az