18 aylıq kreditini 9 ayda bağlayan Tovuz sakini Məhərrəm İbrahimovun qalan sığortasını geri ala bilməməsi bu mövzuda suallara səbəb olub. Sığorta hansı hallarda və kim tərəfindən qaytarılmalıdır?

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, əksər banklar kredit verərkən sığorta müqaviləsi bağlamağı şərt kimi qoyurlar. Sığortanın qiyməti isə götürülən kreditin məbləğindən asılı olur.

Məsələn, 10 min manatlıq kreditlərdə müştəridən bədbəxt hadisələrə qarşı sığorta üçün 300 manat tələb olunur. Bu məbləğ ya kreditdən tutulur, ya da əlavə vəsait verilir və bu da borcunun üzərinə yazılır. Kreditin qaytarılma müddəti uzandıqca sığortanın məbləği də artır.

Müştəri krediti vaxtından əvvəl qaytardıqda onun qalıq sığorta ödənişi geri qaytarılır.

Qanuna görə ödənişi bank yox, sığorta şirkəti ödəyir. Sığorta şirkətinə müraciət zamanı bankdan kreditin tam ödənilməsini özündə əks etdirən çıxarışın aparılması əsas şərtlərdən hesab olunur.

Bəzən bank vətəndaşa sığorta müqaviləsini verməyi unudur. Bank haqqında qanuna görə, kreditin götürtülmə tarixindən neçə il keçməsinə baxmayaraq vətəndaş banka yenidən müraciət edə və müqaviləni tələb edə bilər.

Milli.Az