Ölkədə taxıl yığımı yekunlaşmaq üzrədir. Taxıl yığımı hər il adətən problemlərlə müşayiət edilir. Ötən il ciddi şəkildə kombayn çatışmazlığı olduğundan, problemlər birə beş artmış, kəndlilərin taxılı kombayn çatışmazlığından tarlada biçilmədən qalmışdı. Nəticədə məhsuldarlıq aşağı düşmüşdü.

Yığım bitəndən sonra isə xeyli sayda kombayn alınmışdı. Bu il biçindəki vəziyyəti öyrənmək üçün əməkdaşımız biçilməkdə olan taxıl zəmisinə gedib və kəndlilərlə söhbətləşib. Milli.Az musavat-a istinadən bildirir ki, fermerlərin sözlərinə görə, problemlər azalıb.

"Vəziyyət pis deyil, subsidiyalara da şükür edirik"

Qəbələdə sahədə taxıl biçməkdə olan kombaynçı Xaləddin Mirzəyev deyir ki, iş gedir: "Vəziyyət yaxşıdır. İndiyə kimi Qəbələdə 3 min hektar sahə biçmişik. Normal sentner verir, məhsuldarlıq pis deyil. Keçənilkinə baxanda, vəziyyət yaxşıdır. Zərdab rayonundan "Aqrolizinq"dən gətirilib, burada biçinlə məşğuluq. Zərdabda, Ağcabədidə biçin etmişik, indi bir həftədir Qəbələdəyik".

Sahibkar Telman Eyyubov isə qeyd edib ki, qardaşı ilə birlikdə 250 hektar sahə əkib: "Məhsuldarlıq yaxşı olmayıb. Elə sahələr var, normal məhsuldarlıq verir, eləsi var ki, az. İyirmi ildir taxıl əkirik. Bu il hava yağıntılı oldu deyə məhsuldarlıq bir az zəif oldu. Keçən il buğdamız yaxşı oldu". O, verilən subsidiyadan da danışır: "Yaxşı ki, hökumət subsidiya ayırır. Onu verməsələr, camaatın vəziyyəti xarab olar. Sağ olsunlar, verirlər. Bu il deyirlər ki, subsidiyanı bir az artırıblar. Subsidiya olmasa, camaat əkin əkə bilməz, yaşaya bilməz. Camaatın işi prezidentin əlinə baxmaqdır".

Digər fermer isə bildirir ki, sonuncu biçdirdiyi sahədə hektardan 7 sentner buğda çıxıb: "Çox azdır, heç camaatımı yola vermək çətin olacaq. İşçilərə buğda verməliyəm, özümə nə qalacaq? Torpaqları icarəyə götürmüşük, hektarına 200-300 kilo taxıl verməliyik. Keçən il məhsuldarlıq təxminən 25-30 sentner olmuşdu, bu il ağır oldu, çətinlik də yaşadıq. Keçən il subsidiyanı da vaxtında verdilər. Bu il deyilənə görə, artırıb verəcəklər pulu, görək necə olar".

Fərhad Eyyubov isə məhsuldarlıqdan narazı deyil: "Hər hektardan təxminən17 sentner taxıl olub. Subsidiyalar da şükür ki, verilir. O olmasa, camaatın vəziyyəti pis olar. Sağ olsun prezidenti ki, subsidiyanın verilməsini gündəmə gətirib. Kombayn qıtlığı da yoxdur, kombaynlar gəlib normal qiymətə biçir. Respublikaya ötən il kombayn çox gətirilib. Hamı mütəmadi qaydada biçir, heç bir problem yaranmır". Fermerlər xatırladırlar ki, ötən il kom qıtlığı var idi, bu il vəziyyət düzəlib.

Nazirlik: "Məhsuldarlıq yüksəkdir"

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov isə musavat.com-a açıqlamasında bildirib ki, bu il taxıl biçini normal vəziyyətdədir: "Taxıl ölkəmiz üçün strateji məhsuldur. Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahədir. Dövlət Statistika Komitəsinin 4 iyun 2016-ci il tarixinə olan məlumatına görə, payızlıq və yazlıq dənli və dənli paxlalıların biçiləcək sahəsi 957 min 249 hektar olub. Ayın 4-nə 754 min 844 hektar artıq biçilib. Faiz etibarı ilə biçiləcək sahənin 79 faizi biçilib. Bütövlükdə 754 min 844 hektar sahədən 2 milyon 229 min 309 ton məhsul əldə edilib. Hektardan orta məhsuldarlıq qiymətləndirdikdə, 29,5 sentnerə bərabərdir. Ötən ilin eyni dövrü ilə müqayisədə məhsuldarlıq bir qədər yüksəkdir. Buğda sahəsi 587 min 482 hektar olub. Həmin 587 min 482 hektarın 421 hektarı, yəni 72 faizi artıq biçilib. Məhsul 1 milyon 334 min 569 ton olub. Məhsuldarlıq hektardan 31,7 sentner olub. Ötən ilin eyni dövründə məhsuldarlıq 30,5 sentner olub. Bu təsərrüfat ilində hər hektardan 1,2 sentner artıq məhsul istehsal edilir".

Ekspert: "Ya istehsal, ya da idxal rəqəmləri gerçək deyil"

Ekspert Qubad İbadoğlu isə musavat.com-a açıqlamasında qeyd edib ki, ölkədə son illər istehlakın ciddi dəyişmədiyi halda həm taxıl istehsalı və həm də taxıl idxalı artır: "Bu da onu göstərir ki, ya istehsal və ya da idxal rəqəmləri gerçək deyil. Fikrimcə, istehsalın subsidiyalaşdırılması korrupsiyanın mövcudluğu şəraitində onun həcmi ilə bağlı rəqəmlərin şişirdilməsinə gətirib çıxara bilər. Bununla yanaşı, bir məqama da diqqət etmək istərdim ki, builki mövsümdə yaz tarla əkin sahələrində taxıl sahələrinin bir qismini texniki bitkilər istehsalı ilə əvəz ediblər. Odur ki, mənim bu il əvvəlki illə müqayisədə çox taxıl istehsal ediləcəyinə şübhəm var. Təbii ki, burada intensivləşmə və məhsuldarlıq göstəriciləri əsas rol oynaya bilər. Eyni zamanda təbii və mövsümi amillərin də təsiredici rolu var. Hazırda dünya bazarında 1 kiloqram yüksək keyfiyyətli buğda 15 ABŞ sentinədir. Bu isə o deməkdir ki, 1 kiloqram buğda dünya bazarında 23,5 qəpikdir. Deməli, devalvasiya nəticəsində ölkədə buğda yetişdirmək daha məqsədəuyğundur. Bu da devalvasiyanın daxili istehsalı stimullaşdırdığını deməyə əsas verir. Eyni zamanda hər il orta hesabla 400 milyon dollar taxil idxalına vəsait xərclənir. Daxili istehsalın artması idxalın azalması eyni zamanda manata valyuta təzyiqini də azalda bilər".

"Niyə xaricdən aldığımız taxılın hesabına yaşayırıq?"

Qeyd edək ki, ötən il baş verən iki devalvasiyanın fonunda ölkədə un və un məhsulları bahalaşmışdı. Ekspertlər narahatlıqla vurğulamışdılar ki, taxıl nə səbəbdən hələ də xaricdən idxal edilir? Həmçinin, ekspertlər ölkədə əkilən taxılın yemək üçün yararsız olduğunu bildirmişdilər. Taxıl Fondu isə ehtiyatını xarici idxaldan topladığından, vəziyyət daha da acınacaqlı olmuşdu.

Ekspertlər vurğulayırlar ki, Azərbaycanın ərzaq buğdası tamamilə idxaldan asılıdır. Ekspert Qalib Toğrulun sözlərinə görə, ölkədə əhalinin əksəriyyəti əkinə yararlı sahələrdə taxıl əksə də, məqsəd başqadır: "Taxıla əlavə dotasiya verilir. Azərbaycanın müxtəlif bölgələrində əksər hallarda taxılı əkirlər, sonra isə yığmırlar. Yəni subsidiya alandan sonra proses maraqlı deyil. Məqsəd taxılı yetişdirmək, becərmək deyil, məqsəd dotasiyadan bəhrələnməkdir. Dövlətin Taxıl Fondu var. Həmin Taxıl Fonduna hər il taxıl alınması ilə bağlı elan verilir. Ancaq heç vaxt Taxıl Fonduna yerli istehsal olunan taxıldan bir kiloqram da alınmır. İstehsal etdiyimiz taxıl həmin Taxıl Fondunun standartlarına uyğun gəlmir. Bizim istehsal etdiyimiz taxıldan əslində heç yemək üçün istifadə edilmir. Xaricdən hər il təxminən 1 milyon 500 min ton buğda idxal edirik, 1 milyon 800 min ton da özümüz istehsal edirik. Bunlar üst-üstə 3 milyon 300 min ton taxıl edir. Azərbaycanın istehlakı, tələbatı təxminən 1 milyon 300 min tondur. Belə çıxır ki, əgər xaricdən bu qədər taxıl idxal ediriksə, bizim özümüz istehsal etdiyimiz taxıldan yemək kimi istifadə etmirik. Biz xaricdən aldığımız taxılın hesabına yaşayırıq".

Devalvasiyalardan sonra bir çox sahələrdə olduğu kimi, taxılçılıqla bağlı vəziyyətin normal olmadığı ortaya çıxıb. Belə ki, qeyri-neft sektorunu, kənd təsərrüfatını inkişaf etdirmək barədə fikirlər yenidən səslənərkən məlum olub ki, Azərbaycan heç taxıla olan tələbatını yerli istehsal hesabına ödəyə bilmir. Üstəlik, yerli istehsal qida üçün yararsızdır.

Ekspertlər qeyd edirlər ki, bu, ərzaq təhlükəsizliyi ilə bağlı olan bir məsələdir və bunun məsuliyyəti Kənd Təsərrüfatı Nazirliyinin üzərindədir. Yəni indiyədək bu sahəyə ayrılan milyonlarla manatlıq dövlət yatırımlarına baxmayaraq, aqrar sektorda keyfiyyətli buğda yetişdirmək mümkün olmayıb. Əsas səbəb odur ki, fermerlərin maddi texniki təchizatı yetərincə deyil. Bu da kompleks yanaşmanın olmamasının nəticəsidir...

Milli.Az

Ölkənin taxıl gözləntisi - İdxaldan asılılıq azalacaqmı? - FOTO
Ölkənin taxıl gözləntisi - İdxaldan asılılıq azalacaqmı? - FOTO
Ölkənin taxıl gözləntisi - İdxaldan asılılıq azalacaqmı? - FOTO
Ölkənin taxıl gözləntisi - İdxaldan asılılıq azalacaqmı? - FOTO
Ölkənin taxıl gözləntisi - İdxaldan asılılıq azalacaqmı? - FOTO
Ölkənin taxıl gözləntisi - İdxaldan asılılıq azalacaqmı? - FOTO
Ölkənin taxıl gözləntisi - İdxaldan asılılıq azalacaqmı? - FOTO