Türkiyədə dövlət çevrilişinə cəhd edənlərin qərargah olaraq istifadə etdiyi Akıncı bazasının tarixi ilə bağlı maraqlı faktlar ortaya çıxıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, Akıncı bazasının yerləşdiyi ərazi 1402-ci ildə Ankara döyüşündə də dövlətə qarşı çıxanların qərargahı olub. Belə ki, Osmanlı padşahı Yıldırım Bəyazitlə Əmir Teymur arasında baş verən müharibədə bir sıra Osmanlı paşaları dövlətə qarşı çıxaraq Teymurləngin tərəfinə keçir. Onlar həmin vaxt "Mürtəd bazası" adlanan bu ərazidə özlərinə qərargah yaratmışdılar. Məhz bu xəyanət nəticəsində Osmanlı müharibədə məğlub oldu.

Akıncı bazası 1950-ci ildə qurulub və yarım əsrə qədər ABŞ tərəfindən istifadə olunub. Baza, əsasən, nüvə silahlarının saxlanılması üçün istifadə olunub. Bura 1996-cı ildə ABŞ tərəfindən Türkiyə Hava Qüvvələrinə təhvil verilib.

Bazanın adının da maraqlı mənası var. Belə ki, "Mürtəd" "müsəlmanlığı buraxıb başqa dinə keçən" deməkdir. Hazırda bazanın adı Akıncıdır. Bu sözün mənası isə "düşmən ölkəsinə axın edən döyüşçü" deməkdir.

Qeyd edək ki, iyulun 15-də bu baza dövlət çevrilişinə cəhd edənlərin qərargahı olub. Aralarında baş qərargah rəisi Hulusi Akar, orgeneral Yaşar Gülerin də olduğu komandanlar girov götürülərək bura gətirilib. Daha sonra onlar əməliyyat nəticəsində onlar xilas edilib.

Milli.Az