Ölkənin bank sektorunda, ümumiyyətlə, pul-kredit sistemində hal-hazırda iflic vəziyyəti hökm sürür və bu vəziyyət hökumət tərəfindən də etiraf edilməklə bərabər, ölkə ictimaiyyətinə də yaxşı məlumdur. İqtisadiyyatda mövcud böhranın bir səbəbi də məhz bununla əlaqədardır. Ən acınacaqlı hal isə ondan ibarətdir ki, yaranmış vəziyyətin nə vaxt və necə aradan götürüləcəyi bəlli deyil.
Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, proseslərin gedişi göstərir ki, bir sıra banklar sıradan çıxacaq: "Ümumiyyətlə, real olaraq, demək olar ki, 2-3 bankı çıxmaq şərtilə hamısı bağlanmaq vəziyyətindədir. Sadəcə olaraq, hökumət buna imkan vermir. Çünki tendensiya özbaşına buraxılarsa, ciddi fəsadlar baş verə bilər. Bu və ya digər bankın bağlanması müəyyən qrup adamın işsiz qalması ilə yanaşı, dövlətin üzərinə külli miqdarda əlavə borc kütləsinin yüklənməsi ilə də nəticələnir. Odur ki, əvvəl Mərkəzi Bank, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatası bacardıqca ehtiyatlı siyasət yürüdür. Ancaq hər necə olsa da, bir sıra bankları saxlamaq mümkün olmayacaqdır".

İqtisadçının fikrincə, ümumiyyətlə, nəzərə almaq lazımdır ki, bankların sayını bazar özü müəyyən etməlidir: "Konkret limit müəyyən etmək ki, filan sayda bank qalmalıdır, olduqca səhv yanaşmadır. Bazarda özünü qoruyub saxlaya bilməyən banka dövlət dəstəyinin müəyyən bir həddi olmalıdır. Nisbətən sistem əhəmiyyətli bank "süni nəfəs" verilməsindən sonra özünə gələ bilər. Yəni, buna onların şansı daha çoxdur. Amma sistem əhəmiyyəti daşımayan banklar isə dövlət tərəfindən lap nə qədər geniş maliyyə dəstəyi görsələr belə, vəziyyətdən çıxa bilməyəcəklər. Odur ki, onların süqutu labüddür".

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, bank pul müəssisəsidir, sərbəst maliyyə vəsaitlərinin cəlb olunaraq, yenidən dövriyyəyə buraxılması vasitəsidir. Burada 2 məqam var: sərbəst vəsaitləri cəlb etmək üçün gəlir vəd edilməlidir, onu yenidən dövriyyəyə buraxmaq üçün isə qazanc yeri olmalıdır. Bu gün iqtisadiyyatda bu qazanc yeri real sektor olsa da, müvafiq şərait yoxdur. İstehlak kreditlərinin verilməsi proseduru isə məhdudlaşdırılmış durumdadır. Bankların fəaliyyət göstərmələri üçün tələb olunan "məkan" yoxdur. Odur ki, yaranmış situasiyadan çıxmaq üçün müvəqqəti olaraq istehlak kreditlərinə qoyulan müəyyən məhdudiyyətlər aradan götürülməlidir və bu sahədə vəziyyət təqribən 2014-cu ilədək olan səviyyəyə gətirilməlidir. Əks halda, sistem əhəmiyyətli banklar da istər-istəməz sıradan çıxmalı olacaqlar. Bunların sayı isə hazırda heç 5-6 da deyil".
İlkin İzzət
Milli.Az