Buna səbəb mühafizəçilərdən birinin bir neçə gün əvvəl Ebola virusundan ölməsi olub
Serra-Leonenin vitse-prezidenti özünü 21 günlük karantinə alıb.

Anspress-in məlumatına görə, bunu vitse-perzident Samuel Sam-Sumananın özü fevralın 28-də elan edib. Onun belə etməsinə səbəb mühafizəçilərindən birinin keçən həftənin əvvəli Ebola virusundan ölməsi olub. Vitse-prezident bildirib ki, onun bütün işçiləri də nəzarət altında olacaqlar.

"Mən özümü karantinə almağa qərar verdim. Çünki risk etmək istəmirəm. Mən həm də bunu nümunə olmaq üçün edirəm", - deyən Samuel Sam-Sumana, həmçinin bildirib ki, o, özünü yaxşı hiss edir və onda Ebolanın heç bir əlaməti yoxdur. O, Serra-Leonedə özünü təcrid edən ilk yüksək vəzifəli şəxsdir.

Qeyd edək ki, Serra-Leone, Liberiya və Qvineyada Ebola virusundan ölənlərin sayı 10 min nəfərə çatıb. Fevralın 16-dan 22-ə qədər qeydə alınan 99 Ebola yoluxmasının 63-ü isə məhz Serra-Leonedə olub.

Milli.Az