İngiltərənin Şimalındakı Çesterfild şəhərinin sakini Samanta Vreqq ərindən boşanır. O, boşanma prosesi ilə bağlı xərcləri öləmək üçün gəlinlik paltarını internetin ən böyük onlayn-hərracı sayılan eBay-da satışa çıxarmışdı.
"Gəlinlik paltarı əla vəziyyətdədir. Lakin ondakı "xəyanət qoxusu"nu təmizləmək üçün kimyəvi təmizləməyə verilməlidir. Əgər siz puç olmuş ümidlər, boş arzular və pis xatirələrlə dolu gəlinlik paltarı istəyirsinizsə, bu geyim sizin üçündür. Pullar mənə boşanma prosesi üçün gərəkdir. Ərim bu proseslə bağlı xərcləri ödəmək istəmir", - Samanta eBay-da yazmışdı.
28 yaşlı Vreqq paltarın keyfiyyətli fotoları olmadığı üçün üzr istəyib: "İş ondadır ki, ərim Ross Patricin mənə xəyanət etdiyini və başqa qadınla yaşadığını öyrənəndə onun murdar sifətinin əks olunduğu bütün toy fotolarını məhv etdim".

Milli.Az The Sun-a istinadən bildirir ki, sosial şəbəkələrdə "xəyanət qoxulu gəlinlik paltarı" adlanan bu geyimin ilkin satış qiyməti 2 min dollar idi və o, 65900 dollara satılıb.
Ross Patric YouTube vasitəsilə arvadına cavab verib. Hazırda İspaniyanın Mayorka şəhərində yaşayan Rossun dediyinə görə, bu ilin yanvarında Samanta Vreqqlə yolları ayrılıb və o, başqa qadınla yaşamağa başlayıb.
"Samanta deyir ki, guya mən boşanma prosesi ilə bağlı xərclərdən boyun qaçırıram. Ağ yalandır. Xərclərin yarısını ödəməyə razılıq vermişdim. İndisə o, sosial şəbəkələrdə məzhəkə ilə məşğuldur", - Ross Patric yaydığı videoda deyib.
Onun sözlərinə görə, Samantanın sevgilisi var və onlar birlikdə yaşayırlar.
Milli.Az






