Gənc Tamaşaçılar Teatrının aktyoru Eşqin Quliyevin Milli.Az-a müsahibəsi
- Eşqin, Gənc Tamaşaçılar Teatrının bir zamanlar gündəmdə olan aktyoru idiniz. Son zamanlar nədənsə gündəmdən uzaqlaşdığınız hiss olunur.
- Mən aktyor kimi heç vaxt özümü gündəmdə hesab etməmişəm. Deyim ki, həmişə gündəmdə olmuşam, xeyr, bu yalan olar. Həmişə özüm kimi olmuşam. Ola bilər, seriala çəkilmişəm, az-çox tanıyıblar. Hazırda heç bir serialda çəkilmirəm deyə, ola bilsin ki, efirlərdə görünmürəm. Yəqin ki, bunu nəzərdə tutursuz.
- Hazırkı dövrdə dəridən-qabıqdan çıxıb, özünü gündəmdə saxlayan həmkarlarınız çoxluq təşkil edir. Ümumiyyətlə, aktyorun tanınması mütləqdir, yoxsa sənəti?
- Aktyora əsas sənət, bacarıq lazımdır. Heç bir aktyor deyə bilməz ki, mən tanınmaq istəmirəm. Mən bu cür aktyor tanımıram. Hər bir aktyor tanınmaq istəyir. Aktyoru da tanıdan, təbii ki, efirdir. Bizim də öz teatrımızın tamaşaçıları var, amma efir aktyoru daha çox reklam edir, tanıdır.
- Gəlin razılaşaq ki, hazırkı dövrdə görünüş sənəti üstələyib.
- Mən sizinlə, ola bilər ki, görünüşlə bağlı hansısa ampluada razıyam. Sovet kinolarında aktyorun görünüşü yaxşı olmayıb, amma onun istedadı olub. Həmin aktyor sənətini öz peşəkarlığı ilə göstərib. İndi ola bilər ki, rejissorun hansısa bir aktrisa, yaxud aktyorun görünüşü xoşuna gəlib, onu seriala çəkib. Bu da dolayısı yolla özünü gec-tez göstərib. Mən dəfələrlə izləmişəm ki, o aktrisa rolun öhdəsindən gələ bilməyib. Bu da saxtakarlığa aparıb çıxarır. Teatrlarımızda o qədər istedadlı aktyor və aktrisalarımız var ki, onlardan lazımı qədər istifadə olunmur. Ölüb gedəndən sonra deyəcəklər ki, heyf, biz filan aktyor, yaxud aktrisadan istifadə edə bilmədik. Bunu vaxtında etmək lazımdır. Mən həmişə bunun lehinə olmuşam.
- Siz də bir zamanlar serial ulduzu idiniz. Düzdürmü, hər rejissorun öz aktyoru var?
- Ola bilər, hər rejissorun öz aktyoru var. Mən sizin fikrinizlə razıyam. Amma söhbət məndən gedirsə, bu vaxta kimi öz istedadıma görə tamaşalardan dəvət edib seriala çəkiblər. Elə olub ki, 15-16 aktyorun içindən seçilmişəm. Amma mən deyə bilmərəm ki, mənim xüsusi rejissorum var. Mənim daimi rejissorum yoxdur. Dəvət olunan yerə də getmişəm, bacardığım qədər də oynamışam, bunu tamaşaçılar görüblər.
- Hazırda teatrda çalışmaq nə dərədəcə maraqlıdır sizə?
- Teatrda çalışmaq mənim üçün həmişə maraqlı olub və olacaq da. Çünki mən teatrı və sənətimi, həmkarlarımı çox sevirəm. Teatrsız mən yaşaya bilmərəm.
- Yeni tamaşaların məşqlərinə başlamısız?
- Bəli, hazırda teatrda qızğın məşqlər gedir. Yeni-yeni tamaşalar hazırlanır. Beynəlxalq festivallarda uğurla iştirak edirik. Sonuncu dəfə may ayında Londona getmişdik.
- Getdiyiniz yerlərdən sizə orada qalıb çalışmağınız üçün təklif gəlibmi?
- Son zamanlar Moskvada çox oluram, oradan mənə təklif də gəlmişdi. Amma nədənsə dəyərləndirmədim.
- Səbəb nə idi?
- Aktyor hər yerdə istəyir ki, tanınsın. Sadəcə müəyyən səbəblərdən istəmədim. Axır vaxtlar çox narahatam. Deyim ki, belə yaşayıram, ay belə dincəlirəm, elə deyil. Sözün düzü, çox pis günlərimi yaşayıram. Valideynlərim xəstəlikdən əziyyət çəkirlər. Evdə tək işləyən mənəm, Sumqayıtdan gəlib-gedirəm. Aldığım məvacib heç yol xərclərimi ödəmir. Bilmirəm, neyləyim, nə işlə məşğul olum. Teatrı o qədər sevirəm ki, ayrıla bilmirəm. Bir ara teatrdan çıxmaq istədim, amma hələ ki, dözürəm.
- Peşman olmusunuz sənətə gəlməkdə?
- Yox, peşman deyiləm. Bu sənət, peşə mənə zövq verir. Amma yenə də deyirəm, mən tək deyiləm, tək olsaydım, bu haqda belə düşünməzdim. Mən Gənc Tamaşaçılar Teatrını çox sevirəm, işimdən də zövq alıram.
- Sənət yoldaşlarınız arasında rəqabət varmı?
- Xeyr, teatrda çox mehriban kollektivimiz var, biz bir ailə kimiyik. Belə hallara teatrda rast gəlməmişəm. Kollektivimizi çox sevirəm və fəxr edirəm ki, mən Gənc Tamaşaçılar Teatrının aktyoruyam.
- Tamaşaçıda özünüzə qarşı rollarınızla nifrət qazandırmısız?
- Mənə hələ ki, o tip rolları oynamaq qismət olmayıb. Amma çox oynamaq istərdim. O da aktyorun peşəkarlığından irəli gəlir ki, nifrəti qazana bilsin. Bəyənib-bəyənməmək isə tamaşaçılara qalır.
- Hansı rol ilə özünüzü teatrda təsdiqləmisiz?
- Mən özümü təsdiqləməmişəm, hələ o dərəcəyə çatmamışam ki, "təsdiqləmişəm" kəlməsini işlədim. Sadəcə rol verilib, çalışmışam özümü göstərim. Bu da bizim teatrımızın rejissoru Nicat Kazımovun quruluşunda "Yatmış gözəl" tamaşasındakı Şahzadə obrazı olub.
- Hansı rejissor ilə işləmək sizə rahatdır?
- Hər rejissorun mənim yaradıcılığımda öz izi var. Teatrımızda olan bütün rejissorları çox sevirəm. Onlar da yəqin ki, məni çox istəyirlər. Mən kiməm ki, hansısa rejissorla çətinlik yaşayım? Amma bu cür hallarla rastlaşmamışam. Rejissorun verdiyi tapşırığı yerinə yetirmişəm.
- Olubmu ki, rejissordan xahiş edib, rol istəyəsiz?
- Xeyr, Allah etməsin.
- Bu ayıbdır ki?
- Rejissor həmin rolda səni görsəydi, o rolu sənə verərdi. Mənim üçün ayıbdır. Mənim özümün də ürəyimdə qalan rollarım olub, amma tam başqa bir rol verib rejissor mənə. Rejissor başqa şey düşünə bilər. Bu onun qərarıdır.
- Ailə qurmamağınızın səbəbi də maddiyyatdır?
- Həm maddiyyatdır, həm də mənə dözən insan, çətin ki, tapılsın.
- Niyə?
- Xarakterim çox pisdir, xasiyyətim çətindir. Hər adamla yola getmirəm.
- Sevdiyiniz insana sadiqliyiniz bəs?
- Heç kimi hələ ki, sevmirəm. Yəqin ki, sevsəm, sadiq olaram.
- Bəs qarşı tərəfdən necə, evlilik təklifi almısız?
- Axır vaxtlar bu cür hallara 1-2 dəfə rast gəlmişəm. Sadəcə yenə də deyirəm, mən çətin adamam.
Əli Rəhimoğlu
Milli.Az

































