Futzal üzrə dünya çempionatında iştirak edən milli komandamızın qapıçısı Rövşən Hüseynli yenidən liderliyə yüksəlib. "Qafqazinfo" xəbər verir ki, çərçivə qoruyucusu 1/8 finalda Tailanda 13:8 hesabı ilə qalib gəldiyimiz oyunda seyvlərinin sayını 64-ə çatdırmaqla birinci pilləni ələ keçirib.

Mozambik millisinin qapıçısı Nelson 57 seyvlə ikinci, vyetnamlı Dinh Thuan isə 3-cüdür.

Bundan başqa Rövşən Hüseynli Tailandla qarşılaşmada son qolu vurmaqla da diqqət çəkib. O, hesabı 13:8 edən qolun müəllifi olub.

Lakin Hüseynli komandamızın 1/4 finalda Portuqaliyaya qarşı keçirəcəkləri oyunu buraxacaq. Son matçda sarı vərəqə ilə cəzalanan qapıçımızın yoxluğu komandamız üçün ciddi itkidir.

Tailanda son qolu vurduqdan sonra ağlayan Hüseynli açıqlamasında bunun da səbəbini izah edib:

"Öncə millidə ilk qolu vurduğum üçün sevincdən ağladım. Amma ən çox ağlamağıma səbəb 1/4 finalda meydana çıxa bilməyəcəyimdir. Çox təəssüf edirəm ki, vacib görüşdə qapıda dura bilməyəcəm".

Milli.Az