Beynəlxalq Uşaq Muğam Festivalının qalibləri mükafatlandırılıb

Beynəlxalq Uşaq Muğam Festivalının qalibləri mükafatlandırılıb
11:02 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində 8-ci Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilib.
"Report" xəbər verir ki, “Kainat” Gənclik Mərkəzi Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi ilə reallaşdırılan festivalın finalında qaliblərin yekun konserti və mükafatlandırma mərasimi olub.
“Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə deyib ki, Beynəlxalq Uşaq Muğam Festivalı 1997-ci ildən keçirilən ənənəvi respublika uşaq muğam festivallarının davamıdır.
O bildirib edib ki, builki festivala Azərbaycan da daxil olmaqla, səkkiz ölkə (Türkiyə, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan) təmsilçiləri qatılıb.
Direktor vurğulayıb ki, festival çərçivəsində keçirilən builki müsabiqənin son seçim turu oktyabrın 13-də baş tutub. Bu tura qatılan 27 iştirakçıdan 15-i finala vəsiqə qazanıb. Xaricdən gələn gənc istedadlarla yanaşı, həmin ölkəni bir mütəxəssis də təmsil edir. O, eyni zamanda, beynəlmiləl tərkibli münsiflər heyətinin üzvüdür. Münsiflər heyətinin sədri xalq artisti, professor Ağasəlim Abdullayevdir. Finalçılar münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev nazirliyin “Kainat” Gənclik Mərkəzi ilə birgə həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, bu layihələr beynəlxalq səviyyədə keçirilən İslam dünyası gənc klassik musiqi ifaçılarının müsabiqəsi və uşaq muğam festivalıdır. O, hər iki layihəni yüksək dəyərləndirib.
Azərbaycanda muğam sənətinə verilən qiymətdən danışan nazir müavini Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə keçirilən beynəlxalq muğam festivallarını, həmçinin muğam televiziya müsabiqələrini xüsusi vurğulayıb.
Beynəlmiləl tərkibli münsiflər heyətinin hər bir üzvünə Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin mükafatları verilib.
Sonra iştirakçıların çıxışları dinlənilib. Onları B.Salahov adına "Araz" xalq çalğı alətləri ansamblı müşayiət edib.
Münsiflər heyəti iştirakçıların ifalarını qiymətləndirib. Yekun konsert başa çatdıqdan sonra qaliblər elan edilib.
Qran-priyə azərbaycanlı iştirakçı Asunda Səlimli layiq görülüb. Birinci yeri Özbəkistan təmsilçisi Roziyaxon Komiljonova qazanıb. İkinci yer Azərbaycandan Romal Abdullayevə və Tacikistandan Abdukahor Qafforova verilib. Üçüncü yerə qazaxıstanlı Malika Aldamjarova, türkiyəli Sezer Nayci, iranlı Sasan Alizadə və iraqlı Nozad Vasim Jan layiq görülüblər. Qaliblərə xüsusi diplom və qiymətli hədiyyələr verilib.
Yeddi nəfər iştirakçıya isə həvəsləndirici mükafat təqdim edilib.
Bundan başqa Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tacikistan təmsilçisi Gulnoza Qaforiyə “Repertuarına Azərbaycan muğamından parça daxil etdiyinə görə” xüsusi diplom və qiymətli hədiyyə təqdim olunub.
Finalda iştirak edən bütün ifaçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.








Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/beynelxalq-usaq-mugam-festivalinin-qalibleri-mukafatlandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR