"İdmançıların saqqal saxlaması ilə bağlı rəsmi qadağa yoxdur"

"İdmançıların saqqal saxlaması ilə bağlı rəsmi qadağa yoxdur"
14:32 7 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə aznews.az-a müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Çingiz müəllim, IV İslam Həmrəyliyi Oyunları Avropa Oyunlarından daha yaxşı keçə bilərmi?

- Əlbəttə ki, yox. Həm təşkilatı baxımdan, həm də digər tərəfdən... Çünki tələblər müxtəlifdir. 

Elə iştirak edən idmançıların səviyyəsinə görə də. Belə ki, Avropa Oyunlarında iştirak edən idmançılar daha yüksək səviyyəli idmançılar idi. Düzdür, İslam Oyunlarına da bir çox ölkələrdən yüksək səviyyəli idmançılar qatılıb, amma yenə də burada fərq göz qabağındadır. 

Digər tərəfdən, bu turniri keçirməklə biz İslam Oyunlarını İslam dünyasında dirçəldirik. Məhz bu məqsədlə 2021-ci ildə İslam Oyunlarının İstanbulda keçirilməsinə qərar verilib. Bilirsiniz ki, idman mədəniyyətin bir hissəsidir. Mədəniyyətlə sıx əlaqəlidir. Biz eyni zamanda İslam mədəniyyətinin də təbliği ilə məşğuluq. Söhbət hansısa bir idman yarışının keçirilməsindən getmir. Bu idman yarışını ən yüksək səviyyədə keçirmək və İslam mədəniyyətini təbliğ etmək bizim qarşımızda dəyanan əsas məqsədlərdir.

- Bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizə nə qazandıracaq?

- Çox şey qazandıra bilər və artıq qazandırıb da. Hər bir idman yarışının özünün irsi olur. Avropa Oyunlarından sonra İslam Oyunlarını keçirmək idman və siyasi baxımdan çox əhəmiyyətlidir. Avropa Oyunlarının keçirilməsi üçün biz çox yüksək səviyyəli idman qurğuları hazırlamışdıq. Onların istifadəsiz qalması düzgün deyildi. Bu səbəbdən də İslam Oyunlarını keçirib həmin qurğuları yenidən istifadəyə vermək vacib idi. Eyni zamanda bunun siyasi əhəmiyyəti də çoxdur. Avropaya inteqrasiya edən müsəlman ölkəsiyik. Bizim üçün Avropa dəyərləri nə qədər vacibdirsə, İslam dəyərləri də bir o qədər önəmlidir. Biz bu oyunları keçirtməklə sübut edirik ki, Azərbaycan Avropaya inteqrasiya edən islam ölkəsidir. Azərbaycanda multikultiralizim var və yüksək səviyyədədir. 

- İslam Oyunlarına qatılmaq və ya tamaşaçı qismində iştirak etməklə bağlı hansısa məhdudiyyət varmı? 

- Xeyr, heç bir ölkənin gəlməsinə qadağa yoxdur. 

- Ötən illlərdə idmançının saqqal saxlaması bizim yığmamızda problemlə qarşılanmışdı. Bu məsələ İslam Oyunları üçün də gündəmdə ola bilərmi?

- Mən birinci dəfədir, eşidirəm ki, idmançının saqqal saxlaması problemlə qarşılansın.

- Yunan-Roma güləşi üzrə millimizin üzvü, Avropa çempionu Elçin Əliyev saqqalına görə problemlə qarşılaşdı və komandadan getdi. 

- Yəqin məşqçi ilə onun mövqeyi düz gəlməyib. Bilirsiniz ki, hər bir idmançının məşqçisi onun tərbiyəçisidir. Ola bilər, hansısa məşqçi idmançısına desin ki, "sən saqqal saxlama, mən icazə vermirəm". 

Bu haqda nə Milli Olimpiya Komitəsi, nə federasiyalar rəsmi bir qərar çıxarmayıb. Bu şəxsi məsələdir. Kimsə saqqal saxlaya bilər, kimsə yox. Məsələn,Toğrul Əsgərov çox zaman saqqalla çıxış edir. Və ya başqa idmançıarımız. Futbolçularımız belə, meydanda saqqalla oynayırlar. 

Ümumiyyətlə, dünya təcrübəsində belə bir məqam var ki, idmançı döyüşdən əvvəl çox vaxt saqqalını qırxmır. Çünki kişilər üzlərini qırxanda müəyyən qıcıqlanma əmələ gəlir. Futbolçular meydançada tərləyəndə bu, onların oyunlarına mənfi təsir göstərə bilər. Təzə qırxılmış üzə tər pis təsir edir. Bir çoxları 3-4 gün əvvəl üzlərini qırxmırlar. Bu onun şəxsi gigiyena məsələsidir. Yəni biz buna qarışmırıq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR