İtaliya Azərbaycanla Aİ arasında əlaqələrin yeni müstəvidə inkişafını dəstəkləyir

İtaliya Azərbaycanla Aİ arasında əlaqələrin yeni müstəvidə inkişafını dəstəkləyir
21:38 7 Noyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə ediblər. Ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsini təqdir edərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ikitərəfli siyasi əlaqələrimizin fundamental əsasını təşkil etdiyini vurğulayıblar.

E.Məmmədyarov İtaliya xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfərini yüksək qiymətləndirib, ölkələrimiz arasında sabit siyasi, iqtisadi, enerji, neft-kimya, nəqliyyat, turizm, humanitar sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətinə toxunub.

P.Centiloni qeyd edib ki, ölkələrimiz arasında möhkəm və etibarlı tərəfdaşlıq mövcuddur, əlaqələrimizin möhkəm siyasi əsası varr və mükəmməl iqtisadi əməkdaşlığa malikik. O, həmçinin vurğulayıb ki, onun ölkəsi Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yeni müstəvidə inkişafını dəstəkləyir.

E.Məmmədyarov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələrin iki ölkə arasında humanitar sahədə əməkdaşlığa xüsusi töhfələr verdiyini qeyd edib.

Tərəflər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq TAP layihəsinin icrası ilə bağlı həyata keçirilən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər beynəlxalq təşkilatlar və forumlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı dəstəyin göstərilməsinin əhəmiyyətindən söz açıblar.

Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrinin inkişafından razılıq ifadə olunub, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında siyasi münasibətlərə töhfə verdiyi vurğulanıb.

E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu barədə məlumat verib, İtaliya şirkətlərinin bu layihənin imkanlarından faydalana biləcəyini deyib.

İtaliyanın ATƏT-in Minsk qrupunun üzv dövlətlərindən biri olduğunu və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı həmkarına məlumat verən E.Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğulayıb.

Nazir, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olması faktını qəbul etdiklərini bildirib və güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğulayıb. O, Vyana və Sankt-Peterburq görüşlərindən sonra Ermənistanın müxtəlif təxribatlara əl ataraq münaqişənin həlli üzrə aparılan danışıqları və müzakirə olunan məsələləri pozmağa çalışdığını bildirib.

Görüşdə, həmçinin İtaliya şirkətlərinin Azərbaycanda, xüsusən enerji sektorunda uğurlu fəaliyyəti qeyd edilərək, bu uğurlu əməkdaşlığın qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatı, tekstil-trikotaj, dəri emalı, tikinti materialları istehsalı, turizm, mədəniyyət və elmi-texniki əməkdaşlıq sahəsində də davam etdirilməsi üçün zəruri addımların atılmasının vacibliyi bildirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR