Beşəm uşaq doğmuş xanımın anası: "Axı 500 q-lıq uşağın yaşaması necə ola bilər?!" - FOTO

Beşəm uşaq doğmuş xanımın anası: "Axı 500 q-lıq uşağın yaşaması necə ola bilər?!" - FOTO
14:12 17 Noyabr 2016
254 Ölkə
Ölkə mətbuatı
A- A+

"Həkimlər uşaqların sağ qalmasını az ehtimal edirlər. Mən onları qınamıram. Axı 500 q-lıq uşağın yaşaması necə ola bilər?! Əgər o uşaqlar yaşasa, deməli, Avropa xəstəxanaları bu Mərkəzin yanında heç nədir. Düzdür, mən də sevinirəm ki, Azərbaycanda belə bir hadisə baş verib. Biz 6 ay idi ki, bunu biləndən gözləyirdik. Yəni uşaqlar 6 aylıqdır. Onun da ən çətin vaxtından, noyabrın 9-dan buradayıq. Uşaqlar cəmi 24 həftəlikdir. Uşaqlar heç olmasa 28 həftəlik olanda həkimlər onların 80 faiz yaşayacağını deyirlər. Ona görə də bizim uşaqların sağ qalmaq şansı çox azdır. Həkimlər neçə gündür yatmırlar. Onların haqqında pis danışmaq düzgün deyil. Həkimlər qızımı əməliyyatsız sağ-salamat qurtarıblar".

Bunu Milli.Az-a açıqlamasında paytaxtda beşəm uşaq dünyaya gətirmiş Bakı şəhər sakini Aysel Əzimzadənin anası Tamam xanım deyib.

Onun sözlərinə görə, uşaqlar vaxtından çox tez doğulublar və çəkiləri də çox azdır: "Beşəm uşağın doğulması çox nadir hadisədir. Belə şeyə tez-tez rast gəlmək olmur. Biz noyabrın 9-dan buradayıq. Xəstəxananın baş həkimi bir dəqiqə də olsun, bizi diqqətdən kənarda qoymayıb. Bu dəqiqə uşaqların yanında idim. Şükür, sağlamdırlar. Həkimlər bizə elə bir şərait yaradıblar ki, biz bir həftədir ki, bir yerdəyik. İndi də uşaq anadan olan kimi hamısını küvezə qoydular. Onlar da Allahı köməyə çağırdı. Çünki uşaqlar çox balacadırlar. Ən böyüyü cəmi 500 qramdır. O birilər ondan da balacadır, 400 qram olanı da var".

Tamam xanım beşəm nəvələrinin olacağı xəbərini bildikdə özünün və qudasının hansı hisslər keçirdiyini belə xatırlayıb:

"Çoxdandır bilirdik ki, 5 uşaq olacaq. Amma beş uşağın doğulacağını biləndə nə ağladım, nə güldüm, nə sevindim, nə də kədərləndim. Əvvəlcə uşaqların o biri nənəsinə zəng elədim. Dedim, nəvə istəyirsənmi? Dedi, əlbəttə. Niyə istəmirəm ki?! Dedim, neçəsini? Dedi, necə yəni neçəsini? Birini. Dedim, yox. Dedi, neçədir? İki? Dedim, yox. Dedi, üç? Dedim, yox... Daha dalını gətirmədim. Sonra dedim ki, beş. Daha ondan sonra nənə telefonunu söndürdü, mənə heç bir cavab vermədi. Təbii ki, bu bir zarafatdır. O biri nənə də bizimlə bərabərdir".

Nənəsi qeyd edib ki, onlar uşaqlara hansı adların qoyulması barədə hələ fikirləşməyiblər: "Əgər sağ qalsalar, ən azından ikisini qurban olduqların Həsən və Hüseyn adını qoyacam. Amma onlar beş uşaqdır".

Xatırladaq ki, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində Respublika Perinatal Mərkəzində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib. Lakin doğuşdan qısa müddət sonra uşaqlar tələf olublar. Qeyd edək ki, uşaqların nənəsi Tamam xanım bu açıqlamanı verəndə uşaqların tələf olmasından xəbərsiz olub.

Ceyhun Ələkbərov
Bəxtiyar Umarlı
Zərif Nisə

 





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR