İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin APA-ya müsahibəsi
- Azərbaycana yeni səfir təyin edilmisiniz. İran-Azərbaycan münasibətlərinin inkişafı üçün prioritetləriniz nədir?
- Məndən əvvəlki səfir Möhsün Pakayin iki ölkənin münasibətlərinin inkişafı üçün çox iş görüb. İki ölkə arasında münasibətlərin tənzimlənməsi və gələcək planlarla bağlı bir sıra müqavilələr var. Bir sıra müqavilələr də iki ölkə prezidentinin sön görüşləri zamanı imzalanıb. Bir səfir kimi vəzifəm budur ki, bu müqavilələri kağız halından çıxararaq, icrası istiqamətində işləyim. Layihələrdən biri Astara-Astara dəmiryol xəttidir. Hesab edirəm ki, bu ,Azərbaycanla İran arasında nəinki indi, hətta gələn on illər üçün ən mühüm layihədir. Bu, yeni bir dəhlizdir və Cənubla Şimalı birləşdirir. Layihənin icrası ilə zaman və maliyyə baxımından gəlirlər çoxalacaq. Məhsulların qısa müddətdə bu dəmiryol xətti ilə daşınması mümkün olacaq. Ona görə bunun icrası ən böyük vəzifəmdir.
Daha bir dəmiryol xətti layihəsi isə Astara-Rəşt xəttidir ki, məqsəd bunun ümumi bir dəmiryoluna çevrilməsidir. Üçüncü layihəmiz dərman zavodunun tikintisi ilə bağlıdır. İran və Azərbaycan prezidentləri son görüşlərində hər iki ölkənin birlikdə Pirallahıda dərman zavodu açması barədə razılığa gəliblər. Bu, həm Azərbaycan, həm də İranın xalqının dərman tələbatlarını ödəyəcək. 4-cü layihə maşın zavodunun inşasıdır. Hazırda Neftçalada İranla Azərbaycanın müştərək fabrikinin açılması istiqamətində işlər gedir. Qərara əsasən, Azərbaycan təməlini hazırlayacaq və binanı tikəcək, İran isə orada avtomobillərini istehsalına başlayacaq. Daha bir layihə isə xəstəxana tikintisidir. Təbriz valisi Cabbarzadə bir neçə dəfə burada olub və bu istiqamətdə müzakirələr aparıb. Ölkə prezidentləri də bu məsələ barədə razılığa gəliblər. Layihəyə əsasən, Təbriz həkimləri Azərbaycana gəlib xalqa xidmət göstərəcəklər. İnsanlar Ərdəbilə, İsfahana, Təbrizə müalicə üçün gedirlərsə, bu layihənin icrasından sonra həkimlər buraya gələcəklər. Bu layihə ilə bağlı işlərin bəzi hissəsini atıq görmüşük.
- Fikrinizcə, iki ölkə arasında siyasi sahədə münasibətlər necədir?
- Hesab edirəm ki, ölkələrimiz arasında siyasi sahədə heç bir problem yoxdur. Amma münasibətləri qorumaq lazımdır. Xaricdən, hətta Azərbaycan və İranın daxilindən, regiondan bu xalqların münasibətlərinin yaxşı olmasından narazı olanlar var. Əsas məsələ odur ki, biz bir-birimizin mövqeyini nəzərə alaq. İran Azərbaycanın, Azərbaycan da İranın nə istədiyini bilsin. İran Azərbaycanı özünə yaxşı qonşu, qardaş bilir. Əlindən gələn qədər bu əlaqələrin inkişafına töhfə verir. Azərbaycanda da bu düşüncədir. Bu əlaqələri qorumaq mənim, səfirliyin əməkdaşlarının, həmçinin Azərbaycanın Tehrandakı səfirliyinin üzərinə düşür.
Təbii ki, əlaqələri daim inkişaf etdirmək olur. Tələbatlar daim artır. İndiki münasibətlərimiz yaxşıdır, amma bundan daha yaxşı edə bilərik.
- Astara-Astara, Rəşt-Astara dəmiryol xətləri ilə bağlı hazırlıq işləri nə yerdədir?
- Astara-Astara dəmiryol xəttinin tikintisinin 2016-cı ilin sonuna kimi başa çatması planlaşdırılır. Təbii ki, bir qədər gec və ya tez ola bilər. Astara-Rəşt dəmiryol xəttinin tikintisi isə bir qədər uzun çəkə bilər. Birincisi, bu xəttin uzunluğu 160-170 km-dir. Tikintisi üçün zamana ehtiyac var. İkincisi isə bu dəmiryol xətti bəzi yerlərdə insanların evlərindən, təsərrüfatlarından keçir. Onlarla danışılar aparmaq üçün zaman lazımdır ki, narazılıq olmasın.
- İki ölkənin və Rusiyanın iştirakı ilə 3 tərəfli format qurulub. Bu çərçivədə növbəti görüş (istər nazirlər, istərsə də prezidentlər səviyyəsində) nə zamana nəzərdə tutulub. Ümumiyyətlə, İran-Azərbaycan-Rusiya dəhlizi ilə əl malların daşınması nə zaman real olacaq? Bu istiqamətdə proses hansı mərhələdədir?
- Noyabrın 27-28-də Azərbaycanda İran-Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın iclası olacaq. Orada prezidentlərin görüşünün hazırlanması üçün xarici işlər nazirlərinin bir araya gəlməsi müzakirə oluna bilər. Amma görüşün İranda və Novruz bayramından sonra olacağı dəqiqdir. Günü və saatı artıq protokola dair prosesdir. Bizə deyəcəklər və biz də hazırlaşacağıq.
- Regionda daha bir format Türkiyə, İran, Azərbaycan üçtərəfli formatıdır. Lakin uzun müddətdir, bu format çərçivəsində görüşlər təşkil edilmir. Yaxın vaxtlarda hansısa görüşün keçirilməsi gözlənilirmi? Belə bu format artıq faydalılığını itirib?
- Bu görüş keçiriləcək. Təbii ki, tez-tez baş tutan görüşlərin daha yaxşı nəticəsi olur. Müzakirələr aparılıb. Məqsədimiz bu istiqamətdə görüşləri yenidən keçirməkdir. Lakin bu barədə hələlik dəqiq məlumat yoxdur.
- Region ölkəsi kimi bəzən İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda iştirakının vacibliyi gündəmə gəlir. İran münaqişənin həllinə hansı töhfəni verə bilər?
- İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi İran-Azərbaycan hökumətlərarası komissiyanın həmsədridir. O, müharibənin həllinə töhfə vermək, sonlandırmaq üçün Qarabağ müharibəsi zamanı 49 dəfə Ermənistana, Azərbaycana və Dağlıq Qarabağ ərazisinə gedib-gəlib. O zaman çox iş gördü. Lakin sonradan atəşkəs imzalandı. ATƏT-in Minsk qrupu yarandı və qərar verildi ki, münaqişənin həlli ilə bu qrup məşğul olsun. İran Minsk qrupunda təmsil olunmur.
- İran Azərbaycana qarşı vizanı aradan qaldırıb. Azərbaycanın da vizanın sadələşdirilməsi istiqamətində müəyyən addımlar atması gözlənilir. Proses necə gedir?
- Azərbaycan tərəfindən viza ilə bağlı çox sadələşmələr edilir. Bu istiqamətdə əməkdaşlıq davam edir. Lakin ümid edirik ki, tezliklə İran vətəndaşlarına qarşı viza aradan götürülər. İrana getmək istəyən Azərbaycan vətəndaşlarına qarşı viza yoxdur. Azərbaycanlı qardaşlarımızdan bu fürsəti bizə də təmin etməsini gözləyirik. Bizim iqtisadi və siyasi sahədə əlaqələrimiz başqa ölkə üçün nümunədir. Qısa müddətdə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb. Bu dünyanın iki başqa ölkəsi arasında yoxdur, ya da çox az rast gəlinir.
- Bu ilin sonuna kimi İrandan Azərbaycana və ya Azərbaycandan İrana hər hansı yüksək səviyyəli səfər planlaşdırılırmı?
- Bayaq qeyd etdiyim kimi, 11 gündən sonra İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan hökumətlərarası komissiyanın İran tərəfdən sədri Mahmud Vaezi Azərbaycana gələcək. Bakıda komissiyanın iclası keçiriləcək. İqtisadiyyat naziri Şahin Mustafayevlə görüş olacaq. Oradan Naxçıvana və sərhədə gedəcək. Arazqırağı Ordubad-Mərəzə elektrik stansiyasının tikintisinə baxış keçiriləcək. Ümumilikdə 3 gün Azərbaycanda olacaq.