Ər üzü görməyənlər, 3 milyonluq müqavilə, “Qırmızı maşın”ın marşalının HEKAYƏTİ

Ər üzü görməyənlər, 3 milyonluq müqavilə, “Qırmızı maşın”ın marşalının HEKAYƏTİ
15:19 24 Noyabr 2016
89 Digər
Ölkə mətbuatı
A- A+

12 yaşında məktəbi atıb avtobus parkına işləməyə getmişdi. Çəlimsiz olduğundan  balaca Vityanı ağır işlərə buyurmurdular.

 

Elə həmin parkda işləyə-işləyə də gecə məktəbini qurtarmışdı. Daha sonra əsgərliyə. Əsgərlikdə isə xokkey komandasında çıxış edirdi. Burada görüb bəyənmişdilər onu. Ordudan sonra praporşik kimi işləməyə qalmışdı. Ordu İdman Klubunda instruktur idi.

Günlərin bir günü bu praporşikin bəxtinə gün doğmuşdu. Onu Riqaya göndərmişdilər ki, yerli xokkey komandasına rəhbərlik eləsin. Komanda da, nə komanda. 3-cü liqada mübarizə aparırmış həmin vaxt. Çox yox, elə 3 ildən sonra Andropov onu Riqadan Moskvaya, yanına çağıracaqdı. Hə, Riqanın “Dinamo klubunu 3-cü liqadan SSRİ çempionatının yüksək dəstəsinə çıxarması Kremldəki idman məmurlarının gözündən yayınmamışdı. Andropov, SSRİ-nin bir nömrəli çekisti ona elə beləcə də demişdi: “Leonid İliçin tapşırığıdır, sovet yığmasına və OMİK-ə sən başçılıq etməlisən”. Cəsarət edib “yox” deyə bilməmişdi. Lənətə şeytan deyib, Kremldən elə yığmanın bazasına gəlmişdi...

 

 

***
 

Və o gələn bir də həmin bazadan 26 il sonra çıxmışdı. 3 dəfə Olimpiya (1984, 1988, 1992), 8 dəfə dünya (1978, 1979, 1981, 1982, 1983, 1986, 1989, 1990), 13 dəfə SSRİ (1977—1989) çempionu kimi. Yeri gəlmişkən, 1960-cı il olimpiadasına oyunçu kimi aparmamışlar onu. “Zəifdir”, demişdilər. Amma sonra baş məşqçi kimi 3 olimpiada qazanacaqdı “bu zəif oğlan”.

51 illik məşqçilik karyerasında yüzlərlə əfsanəni yerişdirmişdi. Təkcə bu adlar kifayətdir məncə: Vyaçeslav Fetisov, Aleksey Kasatonov, Vladimir Krutov, İqor Larionov, Serqey Makarov, Vyaçeslav Bıkov, Andrey Xomutov, Valeriy Kamenski, Serqey Fyodorov, Aleksandr Moqilnı, Pavel Bure.


***

 

Kanada və ABŞ xokkeyçilərinin qara yuxusuna çevrilmişdi. Onun yığması və OMİK-ni isə Qərbdə “Qırmızı maşın” adlandırmışdılar.

Ona “diktator” da deyirdilər. Hə, çox sərt idi oyunçulara qarşı. SSRİ yığmasının kapitanı Vyaçeçlav Fetisovun xanımı Lada Sergiyevskaya Brejnevə etiraz məktubu da yazıbmış: Bu nə idmandı, nə həyatdı. Ərlərimizin üzünü görmürük. Bu il Slavanı cəmi 21 gün görmüşəm evdə. Xahiş edirəm…”.

Amma xahişə baxan kimiydi. Belə sərt məşq prosesi olmasaydı, SSRİ yığması uğurmu qazana bilərdi?

 

***

 

Maraqlı adamıydı, məsələn deyirdi ki, komandam 10-0 udsa da, oyunun tempinin aşağı düşməsiylə razılaşa bilməz. “Sovet insanı bilet alır ki, 60 dəqiqə xokkeyə”.

Bir dəfə Kanadanın “Kvebek Nordiks” klubu ona ilinə 3 milyon dollarlıq müqavilə təklif etmişdi. O dövr üçün fantastik məbləğ imiş. “Yox” deyib. Arqumenti də nə olsa yaxşıdır?

“Guya 3 milyon alanda, üç dəfə çox yeyəcəm?”.

 

“Mənə deyirlər ki, niyə itin Neronu və arvadın Tanyanı çox sevirsən? Kimi sevməliyəm daha, deyin görüm?”. Bunu da o demişdi “İzvestiya”nın müxbirinin sualına cavabında.

 

Deyilənə görə, iki dəfə hönkürərək ağlayıb. Birinci dəfə əfsanəvi Valeri Xarlamovun ölüm xəbərini eşidəndə, bir də oğlu Vasili həlak olanda. 11-ci mərtəbədən yıxılmışdı Vasili Tixonov, ehtiyatsızlıqdan. Bu xəbərə dözə bilmədi. İnfarkt keçirdi. Daha sonra xəstəxana həyatı başladı.

 

İki il əvvəl noyabrın 22-də "R-Sport" saytı yazırdı, həyat yoldaşı Tatyanaya istinadən: "Viktor artıq ötən (oktyabrın – S.M.) ayın 24-dən evdədir. Həkimlər onun ev şəraitində müalicəsini davam etdirməsini vacib saydılar. Dərmanları noyabrın 24-ə qədər qəbul etməlidir. Ondan sonra bəlkə bir irəliləyiş olsun. Amma indiki halda vəziyyəti çox pisdir, ayaqları tamamilə tutulub, hərəkət edə bilmir".

 

***

 

Dərmanları 24 noyabra qədər qəbul edə bilmir. Səhhətində isə heç bir irəliləyiş olmur. Elə noyabrın 24-ə keçən gecə ürəyi dayanır.

 

Hərbçilərin komandasında çalışsa da, hərbi rütbəsi yox idi. Amma dəfninin səhəri Rusiyanın əksər qəzetləri bu başlıqla çıxmışdılar: “Əlvida, marşal”.

 

ABŞ-da və Kanadada onunu haqqında belə deyirdilər. “O, baş məşqçi deyil, o, dahidir”. Hə, orta və yaşlı nəslin yaxşı tanıdığı bu adamın, dahinin, Viktor Tixonovun anım günüdür bu gün… Yəqin zənn etmişdiniz, bayaqdan...

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR