SKMF bu il sahibkarlara 143,6 milyon manat güzəştli kredit verib

SKMF bu il sahibkarlara 143,6 milyon manat güzəştli kredit verib
19:17 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu gün Kürdəmir rayonunun Atakişili kəndində işgüzar forum keçirib.
İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, işgüzar forumda 80-ə yaxın sahibkar iştirak edib. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Kürdəmirdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub.
İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılan “yaşıl market”in, intensiv bağçılıq, taxılçılıq və cins heyvandarlıq təsərrüfatlarının, soya əkini, çörək istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Fondun icraçı direktoru Şirzad Abdullayev vurğulayıb ki, bu ilin ötən dövrü ərzində 2225 sahibkara 143,6 mln. manat güzəştli kredit verilib: "Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, bugünədək Kürdəmirdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 266 investisiya layihəsinin maliyyələşdirilməsinə 19,6 mln. manat güzəştli kredit verilib".
Forum çərçivəsində Kürdəmir və ətraf rayonlardan olan 50-yə yaxın sahibkara 1,5 mln. manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, quşçuluq, əkinçilik, ağac emalı və s. sahələrin inkişafına yönəldiləcək.
Forum çərçivəsində Kürdəmirdə güzəştli kredit ayrılan müasir heyvandarlıq kompleksinə baxış keçirilib. İndiyədək, SKMF ildə 191 min ton süd və 2 min ton ət istehsal etmək gücündə olan 22 müasir heyvandarlıq kompleksinin yaradılmasına 102 mln. manatdan çox güzəştli kredit ayırıb. Bu təsərrüfatlardan 15-i artıq istifadəyə verilib. 




Xəbərin orijinal ünvanı: https://report.az/biznes/skmf-bu-il-sahibkarlara-143-6-milyon-manat-guzestli-kredit-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR