Dərin söz, mükəmməl ifa, təsirli musiqi - “Bir az möhlət ver, Allah...” təqdim olundu - FOTO

Dərin söz, mükəmməl ifa, təsirli musiqi - “Bir az möhlət ver, Allah...” təqdim olundu - FOTO
15:18 25 Noyabr 2016
76 Şou
Ölkə mətbuatı
A- A+

Dərin söz, mükəmməl ifa, təsirli musiqi...

Bu üçü bir yerdə vəhdət təşkil edəndə insanın ruhu dincəlir. Bir soyuq payız günündə şairə Sona Vəliyevanın sözlərinə yazılmış bu gözəl musiqi hər kəsin ruhunu isitdi. Hamı zövq aldı və dincəldi.

Publika.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Bir az möhlət ver, Allah...” adlı klipin təqdimat mərasimi keçirilib.

Sözləri şairə Sona Vəliyevaya məxsus olan mahnının ifası Xalq artisti Alim Qasımov və gənc xanəndə Fəridə Mirişovaya, şeirin səsləndirilməsi isə Xalq artisti Nurəddin Mehdixanlıya aiddir. Klipin rejissoru Murad Muradov, layihənin rəhbəri şair Bəxtiyar Qaraca və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovdur.

Lirik-fəlsəfi janrda ekranlaşdırılan klipdə paralimpiya çempionu İlham Zəkiyev çəkilib.

Klipin təqdimat mərasimində Əflatun Amaşov, Bəxtiyar Qaraca, Alim Qasımov, jurnalist Müşfiq Ələsgərli, İlham Zəkiyev, Nurəddin Mehdixanlı, bəstəkar Tahir Əkbər və digər ictimai-siyasi xadimlər iştirak edib.

Öncə klip nümayiş olunub. Daha sonra tədbiri açıq elan edən Əflatun Amaşov layihə barədə ətraflı məlumat verib. O belə layihələrin ilk və son olmadığını qeyd edib:

“Daha öncə də bu zalda Sona Vəliyevanın sözlərinə yazılmış mahnılara çəkilən ekran əsərlərinin təqdimatı olub. Onun şeirlərində hər zaman bəşərilik, fəlsəfilik var və insanı düşünməyə vadar edir. Bu mahnıya çəkilən klipdə biz İlham Zəkiyevi, Alim Qasımovu görürük. Alim Qasımovun səsi sanki buludların arxasından gələn ilahi səsdir. Nurəddin Mehdixanlının gözəl səsiylə isə dinləyicilərə ümid işartıları ötürülür”.

Alim Qasımov çıxışında yaradıcı heyətə təşəkkür edərək, hər kəsə uğurlar arzulayıb. O belə layihələrin davamlı olmasının vacibliyindən danışıb:

“Belə gözəl sözlərə görə Sona xanıma təşəkkür edirəm. Bu cür layihələr və bu layihələr çərçivəsində ərsəyə gələn mahnılar çox olsun, biz oxuyaq, xalqımız isə zövq alsın”.

Fəlsəfi yüklü layihələrdə ilk dəfə iştirak etmədiyini diqqətə çatdıran Nurəddin Mehdixanlı təəssüratlarını bölüşüb:

“Hər şey sözlə başlayır, söz həm də adamlara oxşayır, söz tutumlu olanda insanlara təsir edir. Bu şeirdə məni daha çox insanın Tanrıdan möhtət istəməyə çalışmağı təsir etdi. İnsan var yaxşılıq, insan var pislik etmək üçün möhlət istəyir. Klipə gəlincə, çəkilişlər havanın soyuq vaxtlarına təsadüf etdi. Çox üşüyürdük. Fəridə xanımla isə ilk dəfə bu layihədə tanış olduq. O mənim yadımda o üç saat yarım nazik donla çəkiliş meydançasında dayanan qız kimi qaldı. Bu sənətinə hörmətdən irəli gəlir”.

Mahnının həm də musiqi müəllifi olan Fəridə Mirişova Alim Qasımovun xanəndəlik sinfində dərs alır. O, Alim Qasımova bu işdə ona göstərdiyi dəstəyə görə təşəkkür edib:

“Bu gün çox həyəcanlıyam. Alim müəllimin bu layihədə mənə dəstək olmasını müəllimin tələbəyə dəstəyi kimi qiymətləndirirəm. Bu işdə mənə dəstək olan hər kəsə çox minnətdaram”.

Daha sonra İlham Zəkiyev dərin mənalı klipə və düşündürücü ifaya görə yaradıcı heyətə təşəkkür etdi.

Cəvahir

Foto: Elçin Murad
















Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/177335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR