Bu il “4G” şəbəkəsini dəstəkləyən smartfonların tədarükündə kəskin artım qeydə alınıb

Bu il “4G” şəbəkəsini dəstəkləyən smartfonların tədarükündə kəskin artım qeydə alınıb
15:35 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

“IDC” analitik agentliyi 2016-cı il üçün dünyada smartfonların tədarükünün yekunları üzrə proqnoz dərc edərək maraqlı nəticələrə gəlib. Məsələn, ötən aylar ərzində “LTE” şəbəkəsini dəstəkləyən smartfonların tədarükündə artım 21,3 faiz təşkil edərək 1,17 milyard qurğu səviyyəsinə çatıb. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə 967 milyon “4G” qurğu tədarük edilib. 2016-cı ildə ümumilikdə 1,45 milyard telefonun tədarük ediləcəyi gözlənilir ki, bu da 2015-ci ildən 0,6 faiz çoxdur. Beləliklə, analitiklərin bazarda məhsul bolluğu və seqmentin durğunluğu ilə bağlı proqnozları özünü doğruldur.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, 2015-ci ilin yekunları üzrə mütəxəssislər bazarda 10,4 faizlik artımın olmasını qeyd ediblər, ən böyük artım nöqtələri isə Asiya (Yaponiya istisna olmaqla), Cənubi Amerika, Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrika kimi inkişaf etməkdə olan bazarlar olub. O zaman tədarük edilən smartfonların yalnız 61 faizi “LTE” texnologiyasını dəstəklədiyi halda 2016-cı ildə bu rəqəm 77 faizə yüksəlib. 2015-ci ildə inkişaf etmiş ölkələrdə - ABŞ, Kanada, Yaponiya, Qərbi Avropada “4G” smartfonlarının payı 85, 2016-cı ildə 94 faizə bərabər olub.

“Android” mobil əməliyyat sisteminin bazar payının 85 faiz təşkil etməsinə görə “LTE” şəbəkəli smartfonlardan istifadədə artım payı məhz bu ekosistemin payına düşür. “iOS” əməliyyat sisteminin payı 14,3 faizdir və “Apple” şirkətinin sisteminin payında artıq üçüncü rübdür ardıcıl olaraq azalma qeydə alınır. Azalmanın 2016-cı ilin sonuncu rübündə də davam edəcəyi proqnozlaşdırılır. Bazar payı 0,4 faiz olan “Windows Phone” əməliyyat sisteminin 2016-cı ildə tədarükündə azalmanın 79,1 faiz təşkil etməsi bildirilir.

“IDC” şirkətinin tədqiqatlar üzrə direktor müavini Melissa Çaunun sözlərinə görə, “4G” uzun müddət inkişaf etməkdə olan bazarlarda “3G” şəbəkəsi ilə müqayisədə trafikin baha olmasına görə nisbətən kölgədə qalıb. Bundan başqa, “4G” smartfonların qiyməti bir neçə il baha olub. “Lakin indi biz yeni “Reliance Jio” operatorunun pulsuz “4G” SİM-kartlarının yayılması üzrə siyasət apardığı və “LTE” şəbəkəsini dəstəkləyən ucuz smartfonlar təklif etdiyi Hindistan daxil olmaqla əsas bazarlarda sürətli dəyişikliklərin şahidi oluruq”, - direktor müavini qeyd edib.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44672-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı