Özbəkistanın yeni dövlət başçısının kimliyi artıq bəllidir. Şövkət Mirziyoyev prezident seçildi. Bizə dost və qardaş Özbəkistanın daha da güclənməsi, çiçəklənməsi yolunda ona uğurlar arzulayırıq. Arzumuz bir də budur ki, Mərkəzi Asiyanın bu kilid ölkəsi Dağlıq Qarabağ məsələsində mərhum prezident İslam Kərimovun zamanında olduğu kimi prinsipial mövqe sərgiləsin. Yəni Azərbaycan torpaqları boşaldılmayınca işğalçı rolunda çıxış edən Ermənistanla ikitərəfli əməkdaşlığa getməsin.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan istəyir ki, bu məsələdə yeni prezident də özündən əvvəlki kimi hərəkət etsin: "Heç şübhəsiz ki, ermənilərlə havadarları Mirziyoyevdən ölkəsinin Ermənistanla diplomatik əlaqələr yaratması və əməkdaşlıq etməsi istəyində bulunacaqlar. İstərdik ki, bu təcrübəli dövlət adamı da belə cəhdləri sələfi kimi qətiyyətlə rədd etsin".
Pünhan Mirzə
Milli.Az