- Metronun “Universitet” stansiyasından çıx, 611 nömrəli marşruta min, düz MDU-nun qabağına gəlir. Orda isə Kimya fakültəsini soruş, göstərəcəklər.
Dediyi kimi də edirəm. Dünyanın bəlkə də ən hündür universitetinin binası qarşısında düşürəm. Girişdə isə məni tamam başqa istiqamətə göndərilər. Düzdür, uzaqda deyil, amma nəhəng bir binaya üz tuturam. Təkcə bir fakültənin yerləşdiyi möhtəşəm bina. Binanın başında isə “Kimya fakültəsi” yazılıb. İçəridə mühafizəçi dərhal kimliyimi soruşur.
- Professor Nenaydenkoyla görüşəcəm
- Bir dəqiqə.
Harasa zəng edir. Sənədlərimə baxır. Pasportumun qzünü çıxardıb, qarşısındakı dəftərə imza etdirir. Və dərhal da hökmlə:
- Qalxın, professor gözləyir.
***
-Çay, ya kofe? Bilirəm, siz qafqazlılar çayı sevirsiz, özü də qara çayı. Baxın, mən də sizin çaydan içirəm. Öyrətdiz mənə də çay içməyi...
Deyib də gülür Valentin Georgeyeviç.
Əməllicə çay dəmləyir professor. Ardınca da deyir ki, hər dəfə Bakıdan qayıdanda, azı 2-3 kilo kökəlir.
- Sizin mətbəxinizin tayı-bərabəri yoxdu. İnanın mənə, bir xeyli xarici ölkədə olmuşam, amma Azərbaycan mətbəxi kimisini görməmişəm.
Mətbəxdən, təbiətdən, hətta bir az da siyasətdən - bunsuz olmaz ki - danışıb söhbətə başlayırıq.
- Hə, BDU ilə böyük bir layihə üzərində işləyirik. Bu çox əhəmiyyətli və dünya səviyyəli bir layihədir. Söhbət Naftalan neftindən gedir. Onun tərkibini öyrənirik. Naftalan nefti olduqca unikaldır. Tanrı Azərbaycana elə bir nemət verib ki, bundan min il sonra belə bu ölkəyə külli-miqdarda vəsait cəlb etmək mümkündür. Həm BDU, həm də bizim tərəf laboratoriyalarımızda artıq ilkin tədqiqatlara başlamışıq. Və mən sizə deiym ki, artıq bəzi nəticələr də əldə etmişik. Naftalan neftinin tərkibində minlərlə element var. Biz öyrənmək istəyirik görək, insana şəfa verən onun tərkibindəki məhz hansı maddədir. Çox mürəkkəb və ağır bir tədqiqatdır, amma sonu yaxşı olacaq, biz onu tapacayıq, bax onda... (Gülür)
Bu mövzuya qayıdacayıq. Həlliksə, professor Naftalanla maraqlanmağından danışır.
Deyir 3 il əvvəl Gəncədə olarkən Naftalana da gedib. Sonra belə bir ideya yaranıb.
- Ölkəniz balacadır, amma inandırıram sizin nəinki keçmiş SSRİ səviyyəsində, dünyada özünəməxsus kimya məktəbi varı. Elə Rusiya Elmlər Akademiyasına keçirilən son seçkilərdə BDU-nun rektoru Abel Məhərrəmov üzv seçildi. Bu, böyük uğurdur. Abel Məhərrəmov özü də böyük səs çoxluğu ilə qalib gələ bildi. Təsəvvür edin, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmək nə deməkdir. Onunla bərabər iki Nobel mükafatçısı da Akademiyaya üz oldu. Beynəlxalq münasibətlər üzrə bilirsiniz kim seçildi? Henri Kissencer. Hə, həmin Kissencer. Fizik və kimyaçıların adı bəlkə də sizə heç nə deməyəcək. Kissencerin adını ona görə, çəkdim. Biləsiniz necə rəqabət olub.
Hə, bu il oktyabrın 28-də dünyanın ən böyük elm mərkəzlərindən birində, Rusiya Elmlər Akademiyasında, - SSRİ Elmlər Akademiyasının varisi - neçə ildən sonra həqiqi üzvlüyünə seçkilər keçirildi. Üzvü kimya üzrə seçkilərdə isə BDU-nun rektoru Abel Məhərrəmov böyük səs fərqiylə qalib gəldi. Əslində bu Azərbaycan elminin, xüsusən də kimya elminin böyük uğuruydu.
- Mən əbəs yerə demədim sizin kimya məktəbiniz dünya şöhrətli bir məktəbdir. Baxın, bu kitaba.
Rəfdən bir kitab çıxarıb göstərir. “NON-Covalent interactions in the synthesis and desing of new compounds”.
- Bu kitabın adı sizə heç nə deməyəcək. Çünki kimyaçı deyilsiz. Bircə onu deyim ki, üzvü kimya ilə bağlıdır. Amma bu kitab başda sizin rektor və digər kimyaçıların redaktorluğu altında çıxıb. Bu çox böyük bir elmi əsərdir. Bunu, bakılı alimlərin bu şedevr əsərini biz indi ruscaya çeviririk. Başa düşdünüzmü? Dünyanın ən böyük kimya məktəblərindən biri, sizin alimlərin yazdığı kitabı çeviririk ki, tələbə və aspirantlarımız, alimləriniz bəhrələnsin. Bu fakt sizə nəsə deyirmi?
Əslində cənab Nenaydenko haqlıdır. Azərbaycan kimya məktəbinin, kimya elminin tarixi az qala 19-cu əsrə gedib çıxır. Söhbət hətta 19-cu əsrin 60-cı illərindən gedir. 1863-cü ilin dünya kimya elminin xaç atası Dmitri Mendeleyev Peterburqdan Bakıya gəlir. Həmin il sentyabrın 6-dan oktyabrın 8-ə kimi Mendeleyev Bakıda neftin parçalanması ilə bağlı tədqiqatlar aparıb. Məhz onun rəhbərliyi altında bir sıra radikal tədbirlər həyata keçirilib. Neftin zavoda və gəmilərdəki xüsusi rezervuarlara nəql edilməsi üçün quyulardan zavoda, zavoddan da dəniz sahilinə xüsusi borular çəkilib. Xəzər dənizindən Volqa keçidinə qədər neftin iki və ya üçdorlu gəmilərdə, Volqa keçidindən Nijni Novqoroda isə barjlarda daşınması təşkil olunub. Nijni Novqorod yaxınlığında Bakı neftinin emal olunması və müxtəlif neft məhsulları alınması məqsədi ilə böyük zavod tikilib. 1867-ci ildə isə təkcə Suraxanıdakı neft zavodlarından biri artıq Moskva, Sankt-Peterburq, Tiflis və imperiyanın digər şəhərlərini təchiz etmək üçün ildə 100 min pud kerosin istehsal etmək gücünə malik idi.
Xatırladaq ki, 1865-cı ildə Avropaya Amerika kerosininin gətirilməsinə başlanılıb, Rusiyada isə artıq 1863-cü ildə Bakı (Balaxanı) kerosini işlədilirdi. O zamanlar bu maddəni fotonaftil adlandırırdılar.
Həmin vaxt Mendeleyev yazırdı: “Amerikaya sərgiyə getməyə hazırlaşarkən mən ştatlarda neft məsələsinin vəziyyətini öyrənmək üçün bəzi məlumatlar toplamaq istədim və fikrimi komissiyaya bildirdim. Pensilvaniya neftindən kerosin almaq çətin deyil, çünki neftin özü, demək olar ki, təmiz olmayan kerosindir və neftin təxminən beşdəbir hissəsi zay olur. Bizim bakılı texniklərin neftin emalına dair amerikalılardan öyrənə biləcəyi məsələ yoxdur, yalnız bəzi mexaniki avadanlıqları götürmək olar ki, onlardan da ancaq Amerikadakı kimi nəhəng zavodlarda istifadə etmək sərfəlidir”.
Alimin Qafqaza növbəti səfəri 1880-ci ildə baş tutur və Bakını, Qroznını, Vladiqafqazı, Tiflisi, Batum və Novorossiyskı əhatə edir. Əsas məqsəd Bakıda böyük neft ehtiyatları olduğu halda niyə 7 milyon puda yaxın neft hasil olunduğunu aydınlaşdırmaq idi; istehsalı nə ləngidir; niyə dənizə yaxın olan Bakı neft mədənləri qənaətlə istismar olunmur. Bundan sonra Mendeleyev kerosindən, demək olar, 4 dəfə baha olan yağ istehsal olunmasını təklif edirdi: “Neft qalıqlarından sürtkü və işıqlandırıcı yağlar hazırlamaq lazımdır, onları kobud yanacaq kimi yandırmaq olmaz… Bizim çoxlu ağır qalıqları olan Bakı nefti üçün ağır neft yağlarından davamlı istifadə yolları axtarıb tapmaq lazımdır. Bu məsələnin həlli buxar qazanlarında bəsit üsullarla yandırılma deyil”.
Yeri gəlmişkən Mendeleyvin Hacı Zeynalabdin Tağıyevlə çox möhkəm dostluq əlaqələri olub. Onları iqtisadi maraqlardan tutmuş, maarifçiliyə qədər çox şey birləşdirirdi.
Neft ətrafında aparılan tədqiqatlar isə Bakıda kimya elminin də inkişafına təkan vermişdi. Mendeleyevdən sonra estafeti Nikolay Zelinski götürmüşdü. Məhz akademik Zelinsknin Bakıdakı fəaliyyəti nəticəsində Azərbaycanda kimya elmi nəzəri cəhətdən öyrənilməyə başlamışdı. Onlarla tələbəsi olub Zelinskinin. Amma onun bioqrafiyasında bir nəfərin adı xüsusi çəkilir. Söhbət Yusif Məmmədəliyevdən gedir. Ötən yazımızda Yusif Məmmədəliyev barədə xüsusi qeydlər etmişdik. İndi sadəcə bir məqamla kifayətlənəcəyik. Akademik Zelinskinin oğlu Andrey Nikolayeviç memuarlarının birində yazırdı.
“Atam Yusifi “mənim kimyəvi nəvəm” adlandırırdı. Onu çox sevirdi. Ona inanırdı. Təsadüfi deyil ki, Yusif Heydəroviç Zelinski məktəbinin davamçısı hesab edilir. Məhz Məmmədəliyev Azərbaycanda üzvü kimyanın əsasını qoydu, Böyük bir məktəb yaratdı”. Deyilənə görə, Zelinski Məmmədəliyevi o qədər çox istəyirmiş ki, onu tez-tez evinə belə dəvət edirmiş. Alimin xanımı Nina Evqenevna Zelinskaya isə Yusifi öz balası qədər sevirmiş.
***
- Hə mənim ən sevimli tələbəm olub. Çox çalışqan idi, çox. Laboratoriyadan çıxmazdı. Mən ona az qala yalvarırdım ki, Bakıya getmə, qal burada. Amma getdi. Bununla belə, görürsüz, yenə bizimdi. (Gülür)
Bunu isə akademik Zefirov deyir. SSRİ dövlət mükafatı laureatı. Dünya şöhrətli alim. Və onu da deyir ki…
(Ardı olacaq)


