Xalq yazıçısı deyil, amma yazdıqları xalqın dilinə daha yaxın və daha doğmadır. Bəlkə elə buna görə də əsərləri maraqla oxunur. Öz aramızdır, elə özü də maraqlı insandır. Tanınmış yazıçı Seyran Səxavətdən söhbət gedir.

Yazıçının Milli.Az-a müsahibəsini təqdim edirik.

- Yayda zəng edib soruşdum nə yazırsınız, cavab verdiniz ki, isti fəsillərdə yazılan yazılardan tər iyi gəlir, ona görə də qələmə fasilə vermişəm. Havalar çoxdan soyuyub, hələ cuşa gəlməmisiniz ki?

- Bu arada iki hekayə yazıb çap etdirdim: "Kenquru" və "Yusif Səmədoğlu ilə qəbirüstü söhbət". "Oyun" adlı ikihissəli faciə də yazmışdım, o da dərc olundu. Mən bir az qarışqa nəslindənəm və qarışqaya daha çox oxşayıram.

- Yəni, nə mənada deyirsiniz?

- Yayda yığıram, qışda xərcləyirəm. Qarışqa da belədi. Həm də yay belədir ki, dincəlirsən, sağlamlığını yığırsan, yazı-pozu üçün darıxmağını toplayırsan. Günlərin birində də görürsən ki, artıq yazı-pozu üçün darıxırsan, oturmamaq mümkünsüzdür və oturub birbaşa "şottuyursan" gedir.

- Qarışqa həm də dolanışıq üçün yığır. Yazdıqlarınızı pula çevirə bilirsinizmi barı?

- Maddi cəhətdən yığmaq söhbəti yoxdur. Pambığı ki, qəfildən sel vurur ha, bax məndə də həmişə belə olub. Amma mən möhtəşəm təqaüd alıram - Allahın təqaüdünü, məni Allah dolandırır, ona görə də kefim kökdür.

- Baxırsan Avropa, lap elə türk yazarlarına, bir kitabın qonorarına bir villa alırlar. Hərdən heç düşünürsünüzmü ki, ay balam, bu Seyran Səxavətin bunlardan nəyi əskikdir?

- Seyran Səxavətin cəmiyyəti, ölkəsi əskikdir. Biz cavan dövlətik, amma gələcəkdə düzələcək. Bilmirəm bunu mən görəcəm, ya görməyəcəm, deyə bilmərəm, amma bu saat kitab ən axırıncı məsələdir. Həmin dövlətlərin görün nə qədər tarixi var, orada kitab, mütaliə, oxucu problemi yoxdur.

- Deyirsiniz yəni gələcəkdə bizim yazıçılarımız da elə qaz vurub, qazan dolduracaqlar?

- Özüm görməsəm də, nəvə-nəticələrim görəcək yazdıqlarımızın bəhrəsini.

- Deyirsiniz yəni gələcəkdə nəvə-nəticələriniz sizin yazdılarınızın gətirdiyi maddiyyat hesabına kef eləyəcəklər?

- Hərdən dostlarım mənə belə suallar verəndə deyirəm, ə, darıxmayın e, mənim - 70 yaşlı Seyran Səxavətin gələcəyi hələ qabaqdadır. Mən buna yüz faiz inanıram və doğrudan da, belə olacaq.

- Bəs qorxmursunuzmu ki, sonradan o nəvə-nəticə varidat üstündə bir-birləri ilə düşmən kəsilər? Qabaqlayıcı tədbirlər görürsünüzmü?

- Allah qoysa, artıq vərəsəlik barədə düşünürəm.

- Hətta... Belə çıxır ki, övladlarınıza etibar etmirsiniz?

- Yox uşaqlarıma arxayınam, amma zamana etibarım yoxdur. Qorxuram ki, mən bu dünyada olmayanda zaman uşaqlarımı qarşı-qarşıya qoya bilər. Bəribaşdan vəsiyyət yazacam ki, hərə bilsin, kimin nəyi var, nəyi yoxdur.

- Məni lap maraq götürdü e, sağlığınıza qismət, varidatınız belə çoxdur?

- Əşşi yox e, Mərdəkanda bir dənə bağ evim var, onun da iyirmi dənə müştərisi. Allah verəndən hərəsinə biraz-biraz böləcəm.

- Qələm dostlarınızın səsi Milli Məclisdən gəlir - Sabir Rüstəmxanlı...

- Sabir deputat idi, indi yox...

- Olsun Aqil Abbas, nə əcəb, siz də onlar kimi millət vəkili olmaq həvəsinə düşmədiniz? Belə götürəndə camaat sizi daha çox sevir...

- Mən heç vaxt heç yerdə filan saatdan filan saata qədər oturan fağır deyiləm. Bu xasiyyətimə görə də heç vaxt vəzifəyə can atmamışam. Adam səkkiz saat da davamlı olaraq bir yerdə otura bilər? Özümü nəzərdə tuturam e, indi oturan, oturmayan, iş görən, iş görməyən məmurlar da var. Bu, mənim üçün qeyri-mükündür. Gündə səkkiz saat bir yerdə oturmaq elə hesab elə ki, ömrümdən səkkiz saat havayı verməkdi. Adam oturmaz axı, fırlanar fırfıra kimi. Mən də yazı-pozu adamıyam, mənə belə sərf edir, həm də azadam. Bir iş yerində səkkiz saat otur, elə bil ki hər gün minimum səkkiz saat azadlığını itirirsən, on günə vuranda eləyir səksən saat, yüz günə vuranda eləyir səkkiz yüz saat - belə çıxır ki, sən azad deyilsən. Hərdən deyirlər ki, sən niyə heç yerdə işləmirsən? İşləmək deyəndə səhərdən çıxıb axşam evə gəlmək, ayın axırında məvacib almaq məndə yoxdur. Mənim işim romanlar, hekayələr yazmaq olub, məncə, elə ən gözəl iş budur.

- Bəlkə həm də millət vəkili olandan sonra əvvəlki hörmət və sevgini itirməkdən qorxursunuz?

- Xeyr, elə bir qorxum-zadım yoxdur. Ən azı ona görə ki, mən heç vaxt nə millət vəkili seçiləcəm, nə də deputat olacam. Ona görə də bu qorxu məndə köükündən yoxdur.

- Məmur dostlarınız varmı?

- Hə, yüksək vəzifəli məmurlar arasında məni sevən yaxşı dostlarım var.

- Yəni bir dəfə qapılarını döyməklə, bütün problemlərinizi həll edirlər?

- Yox qapını açsam, onlar lap çox sevinər və özlərini itirərlər, buna görə də elə telefonla sözümü deyirəm.

- Bir dəfə zəng eləməklə probleminizi həll edirlər?

- Yəqin ki...

- Belə deyirlər ki, şairin, yazıçının ilham pərisi gözəl qadınlar olur. Sizi də yaradıcılıqda cuşa gətirən qadınlar olub?

- İlham pərisi məsələsi belədir ki, mənim əsərlərimdə və məişətdə qadına münasibətim bəllidir. Amma o pəri ki, deyirsiniz, vallah mənim heç vaxt Pəri adlı arvad xeylağı tanışım olmayıb.

- Bir ara kişilikdən istefa vermişdiniz... O istefa hələ də qüvvəsindədir?

- Nə, demişdim nə qədər ki, Qarabağ torpaqları alınmayıb kişilikdən istefa verirəm. Hələ ki, istefa qüvvəsindədir. Nə vaxt Qarabağ torpaqları işğaldan azad olunsa, həmin gün ərizəmi yazacam ki, mənim uzunmuddətli istefamı sıfırlaşdırsınlar.

Cəvahir Səlimqızı
Milli.Az

Seyran Səxavət and-aman etdi: "Vallah mənim Pəri adlı arvad tanışım olmayıb" - FOTO
Seyran Səxavət and-aman etdi: "Vallah mənim Pəri adlı arvad tanışım olmayıb" - FOTO