Dünən Ankara şəhərində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı təşkil edilən sui-qəsd dünyada şok effekti yaratdı. Hadisə müxtəlif illərdə diplomatlara qarşı edilən hücumları yada saldı. Diplomatlar həmişə ən yaxşı mühafizə olunan rəsmilərdən olsa da, onların həyatını da həmişə qorumaq olmur.
Publika.az ötən yüzilliyinin əvvəllərindən bu günə qədər diplomatların qətli ilə bağlı statistikanı və ümumilikdə diplomatik korpuslara edilən hücumların qısa statistikasını təqdim edir.
Ötən əsrin əvvəllərində - daha doğrusu 1920-ci illərdə SSRİ diplomatları ilk hədəf olublar. İlk belə hadisə 1923-cü ildə baş verib. İsveçrənin Lozanna şəhərində SSRİ-nin bu ölkədəki səfiri Votslav Vorovski öldürülüb. SSRİ diplomatlarına qarşı növbəti hücum 3 il sonra yaşanıb. 1926-cı il fevralın 5-də Moskva-Riqa qatarında SSRİ-nin Litvadakı səfiri Teodor Netten, 1927-ci il 7 iyunda isə SSRİ-nin Polşadakı səfiri Pyotr Voykov öldürülüb.
Heç şübhəsiz ki, tarixdə ən çox hücuma məruz qalanlar məhz Türkiyənin diplomatlarıdır. 1970-80-ci illərdə ASALA erməni terror təşkilatı dünyanın müxtəlif ölkələrində onlarla türk diplomatını öldürüb.
2003-cü il martın 28-də Kot-d`İvuarda Səudiyyə Ərəbistanının bu
ölkədəki səfiri Məhəmməd Əhməd Rəşid sui-qəsdin qurbanı olub. Elə
həmin il dekabrın 29-da Burundidə Vatikan səfiri Maykl Kortni
silahlı hücumla öldürülmüşdü.
2005-ci il iyulun 2-də Misirin İraqdakı səfiri İhab əş-Şərif
radikal qruplaşmalardan biri tərəfindən Bağdaddakı evindən
qaçırılaraq edam edilir. Əlcəzairin İraqdakı səfiri Əli Belayrusi
və attaşe İzəddin Belkadi də Bağdaddan qaçırılaraq öldürülür. Bu
hadisə 2005-ci il 27 iyulda baş verir.
2008-ci il sentyabrın 20-də Pakistanın paytaxtı İslamabadda "Mariott" mehmanxanasında törədilən partlayışda 53 nəfər ölür. Onlardan biri də Çexiyanın bu ölkədəki səfiri İvo Jdyarek idi.
2012-ci il iyulun 27-də Venesuelanın Keniyadakı səfiri xanım Olqa Fonseka evində öldürülmüşdü.
2012-ci il sentyabrın 13-də ABŞ-ın Benqazidəki konsulluğuna hücum olur. Hücum nəticəsində səfir Kristofer Stivens və daha 3 konsulluq əməkdaşı həyatını itirir.
Maraqlidir ki, dünyanın müxtəlif ölkələrində törədilən terror aktlarının əksəriyyəti diplomatik nümayəndəliklərin qarşısında baş verib. XXI yüzillikdə ən çox ABŞ, İran, Əfqanıstan, Pakistan və Suriyada fəaliyyət göstərən, yaxud bu ölkələrin digər ölkələrdəki diplomatik korpusları hədəf olub. Türkiyənin bu siyahıda da birinci yerdə olması diqqətdən qaçmır.
İngiltərənin İstanbuldakı Konsulluğunda 2003-cü il noyabrın 15-də terror aktı törədilib. Terror aktında Böyük Britaniyanın İstanbuldakı Baş konsulu Rocer Şort da həyatını itirib.
Türkiyənin Parisdəki səfirliyinə 2006-cı il iyunun 17-də hücum
edilib. Üç nəfər Konsulluğun binasının qarşısına molotov kokteyli
ataraq hadisə yerindən uzaqlaşmışdırlar.
2008-ci il iyulun 9-da ABŞ-ın İstanbuldakı konsulluğunun önündə baş
vermiş hücumda 1 mühafizəçi, 2 yol polisi, 3 hüquq mühafizə işçisi
həyatını itirdi, 1 polis isə yaralanamışdı. üç silahlı şəxs isə
öldürülmüşdür. Digər bir terrorçu isə yaralı olaraq hadisə yerində
yaxalanmışdı.
ABŞ-ın Adanada konsulluğu 2010-cu il fevralın 1-də hücuma məruz
qalıb."Əl-Qaidə" terror təşkilatı tərəfindən həyata keçirilib.
Türkiyədəki Ukrayna konsulluğu 2010-cu il martın 9-dasilahlı hücuma məruz qalıb. Naməlum şəxs konsulluğun binasına zorla girməyə cəhd etsə də, mühafizəçilərin atəşi nəticəsində zərərsizləşdirilib. Naməlum şəxs açılan atəş nəticəsində yaralanıb və xəstəxanaya çatdırılıb. Axtarış zamanı şəxsin üzərində saatlı bomba mexanizmi aşkarlanıb.
2011-ci il aprelin 6-da Türkiyənin Benqazidəki konsulluğuna bir qrup naməlum şəxs hücum edib. Naməlum silahlı gənclər daha sonra konsulluqdakı Türkiyə bayrağının endirilməsini tələb ediblər.
Suriyada Türkiyə səfirliyinə 2011-ci il noyabrın 13-də hücum
edilib. Binanın qarşısında toplanan Bəşər Əsəd tərəfdarları Türkiyə
əleyhinə şüarlar səsləndiriblər. Polis səfirlik binasına daş atan
nümayişçilərə müdaxilə edərək gözyaşardıcı qazlardan istifadə
edib.
İstanbulda İran konsulluğuna 2012-ci il oktyabrın 5-də hücum olub.
Konsulluq molotof kokteyli ilə hücuma məruz qalıb. Konsulluq
binasına yandırıcı maddə dolu şüşəni atan Cavad Bişetab adlı iranlı
İranın xarici siyasətinə etiraz olaraq bu addımı atıb. Hücum
nəticəsində konsulluğun viza şöbəsinin giriş qapısını yararsız hala
düşüb. Saxlanılan şəxsin mart ayında Ankarada İran səfirliyinə
molotof kokteyli ilə hücum edən şəxs olduğu və 10 il əvvəl İrandan
sürgün edildiyi məlum olub.
İranın Danimarkadakı səfirliyi 2012-ci il sentyabrın 12-də hücuma
məruz qalıb. 50 nəfərdən ibarət olan bir qrup şəxs İranın
Danimarkadakı səfirliyinin binasına girərək diplomatik korpusun
binasının şüşələrini qırıblar və divarlara Tehran rejimi əleyhinə
şüarlar yazıblar. İran parlamentinin milli təhlükəsizlik və xarici
siyasət komissiyasının üzvü Əhməd Baxşeyş hadisədən sonra bilidirib
ki, İranın Almaniyadakı səfirliyinə təşkil edilən hücumun bir növ
davamıdır.
İraqın şimalındakı Mosul şəhərində Suriya mənşəli İŞİD (İraq Şam
İslam Dövləti) terror təşkilatı 2014-cü il iyunun 11-də Türkiyənin
baş konsulluğuna hücum edərək konsulluğun binasını ələ keçirib. Baş
konsul Öztürk Yılmaz da daxil olmaqla 49 nəfəri girov götürüb.
Girov götürülənlərin arasında diplomatların ailə üzvləri, o
cümlədən 3 uşaq da olub.
Əfqanıstanda Britaniya səfirliyi qarşısında 2014-cü il noyabrın
27-də kamikadzenin özünü partladıb. Böyük Britaniya səfirliyinin
qarşısında partlatması nəticəsində ümumilikdə 5 nəfər həlak olub.
Terror aktına görə məsuliyyəti Taliban qruplaşması öz üzərinə
götürüb.
2014-cü il sentyabrın 28-də ABŞ-ın Yəməndə yerləşən səfirlik binası
200 metr məsafədən tank əleyhinə istifadə edilən “M72”
qumbaraatanlarından atəşə tutulub. Hücum nəticəsində 2 mühafizəçi
aldığı qəlpə yaralarından dünyasını dəyişib. Cinayətkarlar isə
hadisəni törətdikdən sonra dərhal avtomobillərinə minərək ərazidən
uzaqlaşıblar. Əvvəlcə hücumun kim tərəfindən həyata keçirildiyi
bilinməsə də, “Əl Qaidə” terror qruplaşmasının qolu olan “Ənsərəş
Şəriə” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Qətərin paytaxtı Dohada ABŞ səfirliyinə 2015-ci il aprelin 10-da
hücum edilib.Amerikanın diplomatik nümayəndəliyinə basqın edən
şəxsiyyəti məlum olmayan şəxslər səfirliyin mühafizəçisi yaralayıb.
Hücum edən şəxs həbs edilib. ABŞ-ın Qətərdəki səfirliyi bu ölkədəki
amerikalılara diqqətli olmağı, insanların çox olduğu yerlərdən uzaq
durmağı, öz hərəkət marşrutlarını əvvəlcədən və dəqiqliklə
planlaşdırmağı və xarici görünüşə görə ətrafdakılardan
fərqlənməməyi tövsiyə edib.
Türkiyənin Hollandiyadakı səfirliyinə 2015-ci il iyulun 21-də hücum
ediblər. Şüarlar səsləndirən etirazçılar səfirlik binasına daxil
olmaq istəyiblər. Ancaq polis müdaxiləsi nəticəsində hücumun
qarşısı alınıb. Etirazçılar binanın şüşələrini daşlayaraq
sındırıblar.
Ömər Dağlı





