“Lindsey Snell!” – qeydiyyat jurnalına baxan gənc cihdaçı məni görəndə qışqırdı.

- Siz harada idiniz, nə edirdiniz? – o dedi.

Dedim ki, amerikalı jurnalistəm. Onun üzündə özündənrazı ifadə göründü və bu, əbəs deyildi. Mən “Əl-Qaidə”nin Suriya həsxanasında olmuşdum.

Publika.az xəbər verir ki, Yaxın Şərq və Afrikada münaqişə bölgələrindən yazan amerikalı jurnalist Lindsey Snell bu il “Əl-Qaidə”nin Suriya qolu olan "Jabaxt an Nusra" (JFS) tərəfindən oğurlanaraq, həbsxanaya salınmışdı. Sonrada Snellin Suriyada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) xeyrinə məlumat topladığına dair informasiyalar da yayıldı. Snell bu ilin avqustunda Suriya-Türkiyə sərhədini qeyri-qanuni keçərkən türk polisi tərəfindən həbs olunub. ABŞ dövlətinin işə qarışması və uzun müzakirələrdən sonra o, sərbəst buraxılıb. Lakin burada maraqlı sual budur: jurnalist terrorçuların əlindən necə qurtula bilmişdi?

Özü bu barədə “Foreign Policy” jurnalında dərc etdiyi məqaləsində danışıb.

***

Məni oğurlayaraq həbsxanaya apardılar. Təkadamlıq kameraya gedən dəhlizə çatanda ayaqlarım yerdən üzüldü. 2014-cü ildən etibarən mən Suriya və Türkiyə arasında daim yer dəyişərək, Hələbdə və digər rayonlarda yaşanan vətəndaş müharibəsinin gedişatı haqqında informasiyalar hazırlayırdım. Həmişə bilirdim ki, amerikalı olmağım Suriyada hədəfdə olmağım deməkdir. Terrorçu qruplaşmalarının hədəfinə düşdüm, onları mənim jurnalist olmağım maraqlandırmırdı. Hətta mənim müsəlman olmağım da onlar üçün heç nə demək idi. Qaldığım kameraya yataq güclə sığışırdı. Qapını bağlayandan sonra işıqlar yandı və mən divara baxdım. Orada məndən əvvəl bu kamerada olmuş dustağın günlərin sayını tutduğu qeydlər yazılmışdı. Dəhşətli olan isə bu qeydlərin qanla aparılması idi.

Bir gün sonra məni həbsxananın daha böyük olan salonuna apardılar və gözləməyi əmr etdilər. Tezliklə iki tərcüməçinin müşaiyyəti ilə bir nəfər gəldi. Ona “şeyx” deyə müraciət edirdilər.

Dini inancımı soruşan tərcüməçilərdən biri dedi: “Əgər biz səni azad etsək, sən hara gedəcəksən? Nə etməyi düşünürsən?”.

Bilirdim ki, bu həbsxanadan çıxa bilsəm və telefon tapa bilsəm tezliklə qaça biləcəm. Çünki Suriyada çoxlu tanışım var idi.

“Sizin icazənizlə şeyx, – mən dedim – Suriyada qalmaq istəyərdim, İdlib şəhərində”.

Kişilər qəzəblə pıçıldaşmağa başladılar.

- Sən burada bizimlə qalmaq üçün öz jurnalist işindən imtina edəcəksən? Bilirsən ki, biz qadınlara işləməyə icazə vermirik, - deyə məndən soruşdular.

- Bəli – mən yalandan dedim.

Yenidən pıçıldaşmağa başladılar. Şeyx otaqda var-gəl etdi. Daha sonra o biri təcrüməçi mənə üz tutdu.

- Yaxşı, bizim bir ideyamız, daha doğrusu təklifimiz var. Sən müsəlmansan, cihadımıza kömək etmək istəyirsən?

O biri təcrüməçi isə belə davam etdi:

- Bizə cihadımızı davam etdirmək üçün pul lazımdır. Sən bizə kömək edə bilərsən. Səni oğurlamışıq və amerikalılarla bazarlıq apara bilərik. Səni istədiyimiz pul qarşılığında girovluqdan çıxaracaqlar. Biz sənə həmin pulun bir hissəsini verərik və sən burada qalıb yaşaya bilərsən. Razısan?

Mən dərhal cavab vermədim və özümü elə apardım ki, guya təklifin üzərində düşünürəm. Bilirdim ki, Amerika hökumətinin Suriyada əsirləri xilas etməsi heç vaxt uğurlu olmayıb. Sonuncu dəfə “Əl-Qaidə” ABŞ vətəndaşını oğurlamışdı. Azad olunmaq üçün iki il gözləməli oldu. Əgər mən onlarla sazişdən imtina etsəydim, əsir olaraq qalacaqdım. Lakin razılaşsaydım, xilas olmaq şansım ola bilərdi.

- Əgər mənim üçün pulu ödəsələr, gərək Türkiyə sərhədini keçim. Burada qala bilməyəcəm.

- Biz elə indicə bunu müzakirə edirdik. Bizim Türkiyədə dostlarımız var, onlar sənin geri qayıtmağına kömək edəcəklər. Bu, problem deyil.

Bu çox təhlükəli plan idi, lakin həmin vaxt başqa variant yox idi. Buna görə də razılaşdım.

***

Mən Suriyadakı dəhşətləri oxuyandan sonra ora getməyi qərara aldım. Düşünürdüm ki, kimsə orada baş verənləri işıqlandırmalıdır. Səfərə hazırlaşarkən, Suriyadan olan dostlar tapdım.

2015-ci ildə etibarən nə qədər çalışsam da, Suriya ərazisinə keçə bilmirdim. Yalnız Türkiyə sərhədində baş verənləri yazırdım. 2016-cı ilin iyul ayında Hələb və İdlib ətrafına getmək imkanı yaradı. Həmin vaxt "Jabaxt an Nusra" (JFS) bu ərazidə aktiv deyildi. Daha sonra onlar bura nəzarət etməyə başladılar. Mən JFS-yə bağlı olan Tuvar al-Şam qruplaşması ilə əlaqələrimə güvənirdim. Onlar mənim təhlükəsizliyimi təmin edəcəkdilər. Nəhayət, mənə JFS-nin icazə verdiyi haqqında məlumat verildi. Türkiyə sərhədindən Suriyaya keçdim və dərhal reportajlar, müsahibələr almağa başladım. Əsəd ordusu Rusiyanın dəstəyi ilə əsil qətliam törədirdi. Kafr-Xalab şəhərində bir ailənin evində yerləşdim. Gəldiyimin ikinci günündə hərbiçilərdən biri mənə pişik balası bağışladı. Onu öz otağıma gətirdim, amma ad qoymadım. Qorxurdum ki, tərk etməyi bacarmaram. Lakin JFS-nin lideri mənim orada olmağımla razılaşmadı və məni həbs etməyi əmr etdi. Məni “müdafiə edən” qrup onları dayandırmaq gücündə deyildi. Çünki bu qruplaşmada əmr sözsüz yerinə yetirilirdi. İyulun 20-də gecə yarısı Tuvar al-Şamın bir döyüşçüsü tələsik otağıma girdi və həbs ediləcəyim haqqında əmrdən danışdı. Sonra məni küçənin sonundakı evdə gizlətdi. Lakin bizim qaçmağımız çətin idi. Çünki JFS-nin blokpostlarını keçmək mümkün deyildi. Buna görə də həmin döyüşçü mənim disklərimi, yaddaş kartlarını, ümumiyyətlə, avadanlığı gizlətdi. Bir saat sonra gələrək, məni əvvəlki yaşadığım evə apardı. Evin ətrafında 10 əli silahlı kişi daim keşiş çəkirdi.

JFS-nin lideri Əbu Tarub mənə şübhə ilə yanaşırdı.

- O, amerikalı jurnalistdir. Müsəlman olsa da, onun casus olmadığına inana bilmərik.

JFS telefonumu, noutbukumu və fotoaparatlardan birini müsadirə etdi. Məni həbs etdilər və Hələbin qərb hissəsindəki həbsxanaya saldılar. Bir neçə gün sonra yanıma gəldilər və azad olunmağım üçün ABŞ-ın pul verəcəyi planında razılaşdıq.

JFS-nin tunisli liderlərindən biri mənə dedi:

- Biz Livan jurnalistinə İdlibdə sujet çəkməyə icazə vedik, o, xristian idi. Amma sən müsəlmansan. Mən əminəm ki, səni tezliklə azad edəcəyik.

Mən onun optimizmini bölüşmürdüm, çünki Amerikanın jurnalistə görə çox milyonluq ödənişi etməyəcəyini bilirdim.

Məni həbsxanadan çıxarıb, kiçik bir evə apardılar. Şəriət qanunlarına riayət etmək üçün bir neçə keşişçi daim növbədə dayanırdı. İki yataq xalçası var idi, bir mətbəx və qumbaraların olduğu anbar. Bir həftə sonra evə ağ rəngli “Ford” pikap yaxınlaşdı. Mən arxada oturdum və İdlibin ətrafındakı əraziyə yola düşdük. Dağlara gəlib çıxdım, lakin burada dağları oyaraq, yaşayış yerləri, ofislər, məşq meydançaları düzəltmişdilər. Məni yenə təkadamlıq kameraya saldılar. Sonra “şeyx” mənimlə ABŞ-dan girov pulu qoparmaq təklifi haqqında danışdı. Mən yalnız bir şərtlə razılaşdım: qadınlarla yaşayacam.

Dərhal razılaşdılar və hər kəsin əhval-ruhiyyəsi yaxşılaşdı. Bunun şərəfinə tərcüməçilərdən biri hər kəsə meyvə şirəsi süzdü. Mənim stəkanımı yanımdakı masaya qoydu. “Sənin üçündür, bacı” – o, güclü aksentlə dedi. Məni acı gülüş tutdu. Daha sonra zarafatla dedim.

- Amerika “Əl-Qaidə”yə pul ödəmir. Siz axı bunu bilirsiniz?

Gülüşdülər. Tərcüməçilərdən biri öz şirəsini içib qurtardı və dedi.

- Bilirik. Amerika ödəməyəcək, pulu Qətər verəcək.

Bizim söhbətimizdən iki saat sonra məni yola saldılar. Niqab taxmış iki qadınla birlikdə “Hyundai” maşınına əyləşdim. Qadınların dizləri üstündə yaxşı paltarlar geyinmiş uşaqlar var idi.

20 dəqiqədən sonra biz İdlib ətrafında zeytun ağaclarının arasında yerləşən evlərə yaxınlaşdıq. Dəmir barmaqlı pəncərəsi olan evə girdik. Beş bacı mənə nəzarət edəcəkdi. Onlar iki il öncə Əsəd ordusundan xilas olaraq İdlibə qaçmışdılar. Bütün qardaşları və ərləri döyüşçü idi. Evdə həmçinin 10-15 uşaq var idi. Özümlə gətirdiyim pişik balası onların xoşuna gəldi.

Əsasən Hayfa adlı qadınla ünsiyyət saxlayırdım, o bir az ingiliscə, mənsə bir az ərəbcə bilirdik. Biz dostlaşdıq. Günlər yavaş-yavaş gəlib keçirdi. Qadınlar mənə Suriya mətbəxinin yeməklərini hazırlamağı öyrətməyə çalışırdı, lakin bacarmırdım. Düşdüyüm vəziyyətdən sarsılmışdım, qadınlar isə vəziyyətimlə bağlı heç nə danışmırdılar. Nəhayət, onları inandırdım ki, mənim üçün 3 milyon dollar ödəməyi tələb edirlər.

Sıxıntılardan şikayət edəndə Hayfa telefonunda müxtəlif saytlara girməyə icazə verdi. Telefonu əlimə alanda güclü həyəcan keçirdirdim. Amma telefonda “messencer”dən istifadə bloklanmış, həmçinin, GPS kəsilmişdi.

Bir həftə sonra onlara qaçmaq istəmədiyimi dedim. Bildirdim ki, qaçmaq istəsəydim, Hayfanın telefonunu götürəndə bunu edərdim. Mən öz əşyalarımı istəyirdim. Onlar qutuya qoyulan kompüterimi, telefonumu və fotoaparatımı gətirdilər. Mən soruşdum ki, telefonumda xəbərləri izləyə bilərəm. Hayfa narahat oldu. Növbəti gün isə o, mənə “Wi-Fi” kodunu verdi.

- Amma siz plandan kənar çıxmamalısınız – deyərək xəbərdarlıq etdi.

Bir neçə dəqiqə sonra mən Suriya ilə sərhəddə yerləşən Türkiyənin Rehyanlı şəhərindəki tanışımla əlaqə yaratdım. O, İdlibdə idi və mənim yerimi soruşurdu. Mən GPS koordinatorunu göndərdim və gözləməyə başladım. O, qaldığım evin yaxınlığında idi. Samir ləqəbli adamını göndərdiyini və qaçış planını hazırladığını dedi. Axşam mən qaçış planının xəritəsini aldım. Mən gecə yarısı qaçacaqdım. Samir məni motosikldə gözləyəcəkdi.

Ən böyük problem, diqqət çəkmədən qaçmaq idi. Bircə çıxış qapısı var idi və bütün sakinlər gecələr eyvanda yatırdılar. Mən bürküyə baxmayaraq, evdə yatmağa üstünlük verirdim. İki gecə yatmadım və məqam gözlədim. Həmişə nəsə mane olurdu. Uşaqlar bütün gecə oynayırdılar. 48 saat sonra Samirin səbri kəsildi. Hələbdə döyüş gedirdi və komandiri onun rejimə qarşı müharibədə iştirakını tələb edirdi. Bildirdi ki, ya mən çıxıram, ya da o gedir. Həmin gecə mən qaçmaq imkanının olması üçün dua etdim. Səhər saat 5-də pişik balasını götürərək çıxdım. Yatanların yanından keçərək, məhəccərdən aşağı tullandım. Bu vaxt pişik miyollandı və uşaqlardan birini oyatdı. Mən isə “Məstan” deyə səsləndim. Özümü elə göstərdim ki, guya aşağı düşmüş bədbəxt pişik balasını axtarıram. Beləliklə, pişik balası məni xilas etdi.

Qaçaraq, ağaclığı keçdim və məni gözləyən Samirin motosiklinə mindim. O, məni evlərinə gətirdi, arvadı məni yedirdi və yaxşı qulluq etdi. İki gün onlarda qaldım. Dost-tanış gələndə anbarda gizlənirdim. Getməyə qorxurdum, çünki "Jabxat ən Nusrat" məni axtarırdı. Amma Samir də Həlbə getməli idi. Onun arvadı mənə ümid verdi, niqab və digər örtüklü paltarlar geyindirdi. Samirin motosiklinə minərək getdik. Bir evə getməli idik, orada məni qaçaq yolu ilə sərhədi keçirəcək şəxs gözləyirdi. Evə gələnə qədər JFS-nin bir neçə məntəqəsindən keçdik. Mən tamamilə bağlı idim, amma dırnaqlarımı ovucuma batıraraq, dualar edirdim. Nəhayət, Latakiya yaxınlığındakı evə qaranlıqda çatdıq.

Dərhal ərimə mesaj göndərdim. O, FTB ilə birlikdə mənə kömək etməyə çalışırdı. ABŞ hökuməti Türkiyənin cənubuna iki hərbi vertolyot göndərmişdi, ehtiyac olacağı təqdirdə xilasım üçün Suriyada əməliyyat keçiriləcəkdi. Ərimin telefonundan “Whatsapp” vasitəsilə FTB-nin xüsusi agenti mənimlə danışırdı. O bildirdi ki, əgər mən Türkiyə sərhədini ABŞ hökumətinin vasitəsilə keçsəm, həbs olunmayacam və deportasiya edilməyəcəm. Mən sərhədə doğru piyada getməyə başladım. Xüsusi təyinatlı dəstə telefonda mənimlə danışır və yerimi müəyyən etməyə çalışırdılar. Nəhayət, sərhədi keçdim, lakin dərhal həbs olundum. Türk polisi Amerika məmurlarına oranı tərk etməyi tələb etdi. Dediklərinə görə, mən qadağan olunmuş hərbi zonada olmuşam. Türkiyə mediası mənim Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) casusu olduğum haqqında məlumatlar dərc etdilər. İki ay Türkiyədə həbsxanada qalandan sonra, azad olundum. Artıq Amerikada, öz evimdəyəm və yeni layihə üzərində işləyirəm. Suriya isə dəhşətlidir...

Asif