Prezident İlham Əliyevin “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Fərmanına əsasən, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri də təsdiqlənib. Həmin tariflər əsasında pilot ərazilərdə yaşayan əhaliyə xidmət göstəriləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov Lent.az-a açıqlamasında bildirib ki, sığorta haqqı əhalinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödəyəcəyi məbləğdir: “ İcbari tibbi sığorta haqqının məbləği və onun hansı şəkildə toplanacağı qanunvericilikdə müvafiq dəyişikliklər edildikdən sonra məlum olacaq. Hələlik isə pilot ərazilərdə yaşayan əhali baza zərfinə daxil olan xidmətləri Mingəçevir şəhərində və Yevlax rayonundakı tibb müəssisələrində, həmçinin müqaviləli tibb müəssisələrində alacaqlar”.


V. Qurbanov deyib ki, sığorta ödənişi sığortaolunanın ala biləcəyi tibbi xidmətin dəyəridir: “ Prezidentin Fərmanına əsasən, icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin tarifləri müəyyən edilib. Fərmanda göstərilən tariflər tibb müəssisələri tərəfindən göstərilən xidmətlərin qarşılığında Agentliyin həmin tibb müəssisələrinə ödəyəcəyi məbləğdir. Məsələn, ilkin səhiyyə xidmətində hər bir sığortaolunana görə Agentlik tibb müəssisəsinə illik 18 AZN, aorta koronar şuntlama (açıq ürək əməliyyatı) üçün tibb təchizatçısına (klinikaya) ağırlıq dərəcəsinə görə 4720 – 6320 AZN arasında ödəniş edəcək”.

Qeyd edək ki, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin və icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri ilə www.its.gov.az saytında (icbari tibbi sığorta bölməsi) tanış ola bilərsiniz.