“Siyasətdə hər kəs təhdid altındadır. Çox ciddi kəşfiyyat məlumatları var”.

Publika.az xəbər verir ki, bunu Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş “Hürriyyət” nəşrinə müsahibəsində deyib.

Partiya liderlərinə sui-qəsd ediləcəyi barədə iddiaları şərh edən Numan Kurtulmuş belə bir təhdidin olduğunu etiraf edib:

“Bununla bağlı çox ciddi kəşfiyyat məlumatları var. Xüsusilə, partiya liderləri üçün. Bağçalı və Kılıçdaroğluna qarşı sui-qəsdin həyata keçirildiyini düşünün, sui-qəsdin müvəffəqiyyətli olmasını bir kənara qoyun, Türkiyə siyasəti belə silkələnər. Ruslar ilə münasibətlərdə normallaşma olmasaydı, rus səfirin qətli ilə qiyamət qopardı”.

Hökumət rəsmisi bir əsr əvvəlki oyunun ikinci pərdəsinin oynanıldığını bildirib:

“Bölgə yenidən dizayn edilir, yenidən bölməyə çalışırlar. Bu oyunu poza biləcək tək ölkə Türkiyə olduğu üçün onun oyuna müdaxilə etməməsini istəyirlər. Bunun Türkiyənin rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur. Bunun ikinci “Sykes-Picot” olduğu çox açıqdır. Bölgə 10 il əvvəlki ilə müqayisədə məzhəb baxımdan daha çox bölünüb. Oyunun başlanğıcı 1991-ci il İraq işğalıdır”.

Rusiyanın Yaxın Şərqə qayıtdığını deyən Numan Kurtulmuş bildirib ki, ABŞ nə edəcəyini bilmədiyi üçün meydanı ruslara buraxıb.

Ömər Dağlı