“İnter” futbol klubunun əvəzedici komandasının baş məşqçisi Füzuli Məmmədovun Lent.az saytına müsahibəsi
- "İnter"in əvəzedici heyətinin qarşısına hansı tapşırıq qoyulub: nəticə göstərmək, yoxsa yaxşı oyun sərgiləyib, əsas komandaya yeni futbolçular vermək?
- “İnter”ə dəvət olunanda qarşıma tapşırıq qoyulmuşdu ki, gənc oyunçuları yetişdirib, üzə çıxarım və əsas komandaya gələcəkdə “İnter”i Avropada təmsil edə bilən futbolçular verim. Fikrimcə, mən yeni gələndə komandada potensialsız futbolçu çox idi. İstedadsız, gələcək vəd etməyən oyunçularla istər-istəməz ayrıldıq. Onlardan biri də hazırda digər komandalarda çıxış etmir, bunun özü faktdır və onu göstərir ki, verdiyim qərar səhv olmayıb.
U-19 Liqasında oynayacaq futbolçuları birbaşa əvəzedici heyətə dəvət etdim. Çalışdım ki, uşaqlara müasir, total futbolun tələblərini öyrədim. Bəzən futbolçulara təməl texnikasını belə, başa salmalı olurdum. Əlbəttə, ilk vaxtlarda çətinliklər çox oldu. Amma sevindirici haldır ki, fəlsəfəmin 30-40 faizi artıq uşaqların beyninə hopub. Hazırda dediklərimi avtomatik yerinə yetirirlər. Əsasən 1999-cu il təvəllüdlü uşaqları saxladıq və heyətimizi tam komplektləşdirmək üçün milli komandalarda oynamış bəzi təcrübəli futbolçuları cəlb etdik. Məsələn, vaxtilə U-17-in kapitanı olmuş, daha sonra U-19-da çıxış etmiş Əlibəy Məmmədlini “Rəvan”dan gətirdik. Cabir Əmirlini də qeyd etməliyəm. Onu bu gün əvəzedici heyətlərin çempionatında ən güclü sağ cinah müdafiəçisi adlandırardım. Bunu təkcə mən yox, digər klubların məşqçiləri də deyirlər. 3-4 ildən sonra onu əsas millidə görəcəksiz. Zədələnməsə, indiki kimi düzgün məşqlər getsə, bunun öhdəsindən gələcək. Murad Qayalını Qazaxın “Göyəzən” komandasından xahiş-minnətlə gətirdim, 10 oyunluq cəzası var idi. Həmin cəza müddəti bitəndən sonra heyətdə yer aldı. Heyətimizə cəlb etdiyimiz digər futbolçu - İbrahim Qədirzadənin “Xəzər Lənkəran”da 20 oyunluq praktikası var idi, o da 1999-cu ildə doğulub. Həmçinin Yusif Həsənov və 1996-cı il yaş qrupunda ən perspektivli futbolçu Ürfan İsmayılovu gətirdik. Onu alman rəhbərimiz Yohan Engbrext şəxsi pulu ilə 10 min manata “Zirə”dən aldı. Təəssüflər olsun ki, Ürfan gəldikdən sonra zədələndi, məşqdə toqquşma zamanı ayağı qırıldı. İnşallah, ikinci yarıdan bizə qatılacaq. 2000-ci il təvəllüdlü Nicat Mehbalıyev da gətirdiyimiz futbolçuların sırasındadı. Zaman gələcək, Kamran Ağayevin əvəzləyicisi olacaq. Bu futbolçuların hamısı bizə gələndən sonra inkişafdadı. Nicat U-17-in əsas qapıçısıdı. Milliyə əvəzedici heyətdən 7 oyunçu vermişik. 6 futbolçumuz U-19-un heyətində Valentin Qranatkin turnirinə yollandı. Artıq bu, “İnter”in təməlidir. Yəni ki, yaxın gələcəkdə onlar “İnter”in əsas oyunçusuna çevrilə biləcəklər. Bir var ki, nə qədər pul xərcləyib, xarici oyunçu alırsan, o da 1 ildən sonra gedir. Amma biri də var ki, akademiyamızda futbolçular yetişir, sadəcə onlara diqqət lazımdır.
- Əsas komandanın çalışdırıcısı Zaur Svanadze və köməkçiləri sizin məşqləri izləyirmi?
- Zaur Svanadze, demək olar ki, bütün ev oyunlarımızı izləyir, səfər matçlarımıza isə köməkçisini göndərir. Bu gün Cabir Əmirli əsas komandaya namizəddir, onların heyətində məşq edir. Əsas komandada oynaya biləcək daha 2 futbolçumuz var: Əlibəy Məmmədli və Murad Qayalı. Ürfan İsmayılov da əsas komandanın hazırlığına qatılmalı idi. Amma zədələndiyindən, bu, baş tutmadı. Adını çəkdiyim futbolçular “İnter” üçün yetişirlər və bunda komanda şəklində hər kəsin əziyyəti var. Həmçinin 2-3 ildən sonra əsas yığmaya namizəd olacaqlar. Potensiallarını bilirəm, xarakter və düşüncələrini də dəyişməyə çalışıram. Halbuki "İnter"ə yeni gələndə əvəzedici heyətdə elə futbolçular var idi ki, peşəkar oyunçuların nə edəcəyini bilmirdilər.
- Özünüz də vaxtilə sağ cinah müdafiəçisi mövqeyində çıxış etmisiz. Əsas komandanın məşqlərinə cəlb edilən Cabir Əmirlinin futbolçu kimi sizə oxşarlığı varmı?
- O, fərqlidir, məndən güclü futbolçudur. Cabir gələcəkdə Azərbaycanda ən güclü sağ cinah müdafiəçisi olacaq. Çox sürətlidir, cinahdan ötürmələri dəhşətdir. Sağ ayağında möhkəm zərbə vurmaq gücü var. Driblinqləri də yaxşıdır. Birəbir epizodlarda Cabiri saxlaya biləcək futbolçu ancaq Premyer Liqada ola bilər. Bu gün Əmirli U-21-ə əsas namizədlərdən biridir.
- Qış fasiləsinə 5-ci pillədə yollanmağınız nə ilə bağlıdır?
- Bizdə məqsəd gənc futbolçuları yetişdirməkdir, nəticə çox önəmli deyil. Klub üçün əsas odur ki, aşağı yaş qruplarından futbolçular çıxsın. Mən buna başımla cavabdehəm ki, onlar yetişirlər. Biz sırf nəticə üçün oynamırıq. Əlbəttə, mən həm oyunçu yetişdirmək, həm də nəticə verməyi düşünürəm. 6-7-ci turlarda birinci idik. İndi fikir versəniz, komandamızda 1999-cu il təvəllüdlü 6-7 uşaq çıxış edir. Digər klubların əvəzedici heyətlərində belə şey yoxdur. Həmin uşaqlar o yeri qazanıblar. 8 komandanın 6-sı, demək olar ki, eyni səviyyədədir. Sadəcə, oyunların taleyini əsas komandadan əvəzedici heyətə göndərilən futbolçular həll edirlər, çünki təcrübəlidirlər. Məsələn, çempionatın ilk turunda “Qarabağ”la qarşılaşdıq, 0:2 hesabı ilə məğlub olduq. Rəqibin heyətində Əl-Jadeyui, Cavid Tağıyev, Namiq Ələsgərov, Şahrudin Məhəmmədəliyev kimi, əsas komandanın oyunçuları çıxış edirdilər. Əl-Jadeyui bir epizodda yıxıldı, komandasına penalti qazandırdı, halbuki orda qayda pozuntusu yox idi. Yəni təcrübəsinin hesabına "Qarabağ"ı qələbəyə daşıdı. Onda bizim futbolçular daha təcrübəsiz idilər. “Qəbələ”də də əsas komandadan əvəzedici heyətə çox oyunçu verilir, bu da normal haldır. Çünki futbolçu əsas komandada oynamırsa, məşqçilər onu əvəzedici heyətə göndərirlər ki, oyun praktikası baxımından əziyyət çəkməsin. Biz sırf nəticə üçün oynasaq, onda gənc futbolçular yetişməyəcək. Digərlərindən fərqli, nəticə vermək üçün əsas komandadan oyunçu götürə bilmirik. Əsas komandamız hazırda ilk "üçlük"dədir, imkan daxilində çempionluq, ən pis halda, medallar uğrunda mübarizə aparır. Hər hansı bir oyunçu bizə gəlib kömək etmək istəsə və zədələnsə, bu, əsas komanda üçün problem ola bilər. Bilirsiz ki, "İnter"də transfer qadağası var. Buna görə də, özümüz əsas komandadan oyunçu istəmirik. Düzdü, bəzən olur ki, Svanadze heç oynamayan futbolçuları göndərir, onlara şans veririk. Amma bütün diqqətimiz 1999-cu il təvəllüdlü futbolçuları 21-22 yaşına çatdırmağa yönəlib. Digər əvəzedici heyətlərdə ən aşağı orta yaş həddi 22 olduğu halda, bizdə 17, maksimum 18-di.
- Digər klubların əvəzedici heyətlərinin əsas komandadan oyunçular götürməsi sizə və futbolçularınıza necə təsir edir?
- Futbolçulara bir tərəfdən xeyri var ki, özlərindən güclülərə qarşı oynayırlar, inkişaf edirlər. Mənim üçün də bu, xeyirdir. Sadəcə, təcrübəli oyunçular bizə qarşı oynayanda bəzən məğlub oluruq, bu isə heç kimə xoş deyil. Futbolçularda istər-istəməz psixoloji gərginlik yaranır. Amma mən onlara başa salıram ki, məyus olmayın, siz heç kimdən zəif deyilsiz, gələcəkdə əsas komandanın üzvünə çevriləcəksiz. Həmişə deyirəm ki, mənim üçün ən yaxşılar sizsiz. Mən gələnə qədər ümumi "İnter"də aşağı yaş qrupları ilə birlikdə əvəzedici heyətdən, səhv etmirəmsə, 2 nəfər - Ceyhun Muxtarlı və hazırda "Sumqayıt"da çıxış edən Süleyman Əhmədov milliyə dəvət alırdı. Yeri gəlmişkən, Süleyman komandadan gedəndə mən buna etirazımı bildirmişəm, tərəfdarı olmuşam ki, onun nə problemi varsa, həll edilsin. Çox potensiallı futbolçudur. Amma mənim icazəm olmadan, "İnter"dən ayrılmalı olub. Bu gün isə akademiya ilə birlikdə ümumilikdə 15, sırf əvəzedici heyətdən isə 7 futbolçumuz milliyə dəvət alır. Ötən il UEFA-dan klubumuza pul ödənilmişdi. Həmin məbləğdən 50 mini sırf "İnter"in milli komandalara verdiyi futbolçulara görə idi. Bizim üçün xoşdur ki, az da olsa, klubumuza xeyir verə bildik. "İnter" rəhbərliyi də futbolçular üçün nə lazımdırsa, edir. Bizdə Elvin, Təbriz kimi potensiallı futbolçular var, onlar da gələcəkdə U-19-un formasını geyinəcəklər.
- Bəzi futbolçuların maaşını azaltmağınız haqda xəbərlər yayılmışdı. Bu addımı atmağınız nə ilə bağlıdı?
- Mən komandaya gələndə bütün futbolçuların maaşları eyni idi. Bəzi futbolçular əsas heyətdə oynayıb-oynamasalar da, eyni aylıq alırdılar. Nəticədə stimul olmurdu. Düzdü, 3-4 nəfərin maaşını kəsdim, amma bəzilərinin məvacibi artırıldı. Rəhbərliklə danışdıq ki, maaşların verilməsi 4 qrup üzrə bölünsün. Birinci qrupda əsas komandaya namizədlər yer alırlar. İkinci qrupda daim əsas heyətdə oynayan, potensiallı uşaqlar qərarlaşıblar. Üçüncü qrupdakı uşaqlar potensiallıdırlar, can yandırırlar, amma hələ ki, heyətə düşə bilmirlər. Bəzi futbolçular isə bir az tənbəldirlər. Onlar rahatlaşmasınlar deyə, aylıqlarını kəsdim və dedim ki, siz əsas heyət oyunçusuna çevrilməsəniz belə, heç olmasa əvəzetmədən oyuna daxil olmağa çalışmalısız. "18-liy"ə düşməyən futbolçu ilə əsas heyət oyunçusu necə eyni maaş alsın? Bu, narazılıq yarada bilər və futbolçularda inkişaf olmayacaq. Dördüncü qrupda olanlar həmin qrupdan çıxmalıdırlar, proqress getməlidir. Ceyhun Muxtarlı daim əsas heyətdə oynamağa başladı, biz onu 3-cü qrupdan 2-ci qrupa keçirdik, maaşını artırdıq. Yenə Ceyhun ardıcıl 3 oyunda qol vurdu, mükafatlandırdıq, onda stimul yaratdıq. Uşaqlar başa düşməlidirlər ki, bu gün necə oynayırlarsa, elə də yaşayacaqlar. Düşünürəm ki, bu qərarımızın xeyrini görürük. Mən futbolla yaşayıram və işimin bəhrəsini görəndə sevinirəm. Burda olduğum müddətdə "İnter"in gələcəyi üçün əlimdən gələni edəcəyəm.